ABŞ səfirliyinin nümayəndələri BAMF-da olub

11.12.2014 · 782 baxış

<b>Başda Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin İctimaiyyət İşləri üzrə Müşaviri Stefan Qays olmaqla səfirliyin nümayəndələri Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisində olublar. Qonaqları qəbul edən BAMF sədri Umud Rəhimoğlu onlara BAMF-ın yaranması və fəaliyyətindən danışıb, son illər həyata keçirdikləri layihələr barədə geniş məlumat verib. BAMF-ın həyata keçirdiyi humanitar fəaliyyət ABŞ səfirliyinin nümayəndə heyətində çox böyük təəssürat yaradıb və onlar məcburi köçkün qadınların vətəndaş cəmiyyətində iştirakı, həssas icmalara peşə təlimi və insan alveri kimi sahələrlə bağlı gələcək regional layihələr üçün mümkün əməkdaşlığa maraq ifadə ediblər.</b>

Bununla yanaşı BAMF-ın sədri Umud Rəhimoğlu qonaqları maraqlandıran qanunvericilikdə QHT-lərin fəaliyyətləri ilə bağlı edilmiş yeni dəyişikliklər ilə əlaqədar məsələyə aydınlıq gətirib. BAMF-ın sədri ölkədə vətəndaş cəmiyyəti qurumlarının inkişafına yönəlmiş bir siyasətin həyata keçirildiyini bildirib və qeyd edib ki, QHT-lərlə bağlı qanunda edilmiş dəyişikliklər BAMF-ın gələcək fəaliyyətinə hər hansı bir mənfi təsir göstərəcəyini düşünmür. Çünki BAMF bir beynəlxalq qurum olaraq fəaliyyət göstərdiyi ölkələrin, o cümlədən Azərbaycanın qanunlarına hörmətlə yanaşıb və hər zaman həyata keçirdiyi layihələrin qeydiyyatı, digər zəruri prosedurlarını tam olaraq ölkə qanunlarına müvafiq formada həyata keçirib.

Görüşdə yeni ildə hər iki tərəf üçün maraqlı olan müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivlərinin müəyyən edib və müzakirələr aparıblar.

Qeyd edək ki, bir müddət əvvvəl ABŞ Dövlət Departamentinin nümayəndələri də BAMF-da olmuş və BAMF hazırda ABŞ Dövlət Departamentinin dəstəyi ilə həyata keçirdiyi “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və İcma Əsaslı Təşkilatların gücləndirilməsi” layihəsi çərçivəsində əməkdaşlıqdan məmnun olduqlarını dilə gətirmişdilər.

Xatırladaq ki, BAMF 2007-ci ildən başlayaraq ABŞ Dövlət Departamenti ilə əməkdaşlıq edir.

BAMF-ın informasiya Departamenti

(c) 2018. IEPF