Almaniyada yaşayan Azərbaycanın əməkdar rəssamı BAMF-ı ziyarət edib

30.12.2014 · 916 baxış

<b>Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətov bu gün Beynəlxalq Avrasiya Mətbuat Fonduna gələrək təşkilatın sədri Umud Mirzəyevlə görüşüb. Qeyd edək ki, uzun müddətdir Almaniyada yaşayan məşhur həmvətənimiz Avropada Azərbaycan Mədəni Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq "Sülh səfiri”, YUNESKO-nun Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür. Sədr Umud Mirzəyev tanınmış qonaqla görüşdə təşkilatın fəaliyyət istiqamətləri və əldə etdiyi uğurlar barədə məlumat verib. Cənab Mirzəyev bildirib ki , ümumi dövlətçilik mənafeyi uğrunda birləşmək, həmrəy olmaq, harada yaşamasından asılı olmayaraq öz vətəninin təəssübkeşinə çevrilmək bacarığı millətin və dövlətin qüdrətindən xəbər verir. Müasir qloballaşma və inteqrasiyalar bu milli birliyi əsas zərurətlərdən biri kimi ortaya qoyur. </b>

Bu baxımdan, əməkdar rəssam Əşrəf Heybətov da ötən illər ərzində milli mənəvi bütövlüyümüz, əqidə birliyimizin yaradılması istiqamətində xeyli iş görüb, eyni zamanda dünyanın ayrı-ayrı yerlərində yaşayan həmvətənlərimizin Azərbaycan həqiqətlərinin, milli mədəniyyətimizin təbliğinə töhfələr verib. Onun öz rəsm əsəsrləri ilə beynəlxalq sülhün təbliğındəki fəaliyyəti isə hər bir azərbaycanlını fərəhləndirir. Azərbaycanı beynəlxalq aləmdə təmsil edən aparıcı vətəndaş cəmiyyəti təşkilatı, BMT-nin İqtisadi və Sosial Şurasının ən yüksək statuslu üzvü olan, Beynəlxalq Avrasiya Mətbuat Fondu üçün də əməkdar rəssamın dəyərli bir Azərbaycan vətəndaşı kimi fəaliyyəti çox önəmlidir. Umud Mirzəyev əməkdar rəssam Əşrəf Heybətovu qarşıdan gələn Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə səmimi qəlbdən təbrik edib, ona və ailəsinə səadət, xoşbəxtlik və uğurlar diləyib. Görüşün sonunda əməkdar rəssama BAMF adından xüsusi təşəkkürnamə təqdim olunub.

BAMF-ın informasiya Departamenti

(c) 2018. IEPF