Almaniyalı tələbələr Tərtərdə

25.11.2011 · 1023 baxış

<b>Onlar regiona BAMF-da keçdikləri təcrübənin davamı olaraq səfər ediblər</b><br /> <br /> Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) təcrübə keçən Almaniyanın Tübingen Universitetinin antropologiya fakültəsinin dörd tələbəsi təcrübənin proqramına uyğun olaraq Tərtər rayonuna səfər ediblər və bir həftədən çoxdur ki, onlar regionda fəaliyyət göstərirlər.<br /> <br />

BAMF sədri Umud Rəhimoğlunun verdiyi məlumata görə, almaniyalı gənclər-Judit Bert, Damla Zeynəb Mələk, Annalena Kampremann və Nadia Rebekka Laza öncə BAMF-ın regional ofisinin fəaliyyəti ilə maraqlanıblar, təşkilatın Tərtər rayonunda və onun ətrafında həyata keçirdiyi layihələrlə, mina qurbanlarının, qaçqınların və məcburi köçkünlərin, əhalinin aztəminatlı təbəqəsinin problemlərinin həlli ilə bağlı apardığı işlərlə tanış olublar. Sonra tələbələrə BAMF-ın Tərtər regional Peşə və Təlim Mərkəzində (PTM) müharibədən zərər çəkən insanlara və onların ailə üzvlərinə keçilən təlimlər, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə yaradılan Kooperativ Təsərrüfat, PTM-in artıq regionda hər cür şəraitə malik olan bir təlim və resurs mərkəzinə çevrilməsi barədə məlumatlar verilib.

Tərtərdə olduqları ilk həftə ərzində almaniyalı gənclər rayonun və eləcə də qonşu Goranboy və Naftalan rayonlarının tarixi yerləri ilə, əhalinin məşğuliyyəti, gündəlik qayğıları ilə tanış olublar, yerli sakinlərlə söhbət aparıblar. İki yarımqrupa bölünərək Kəlbəcər rayonundan məcburi köçkün düşən və Tərtər rayonunda məskunlaşan iki ailədə bir gün qalmaq tələbələrdə olduqca böyük təəssürat yaradıb.

Tələbələr təşəbbüs qaldıraraq Tərtərdə olduqları dövrdə ingilis dilinə xüsusi maraq göstərən orta məktəb şagirdlərinə bu dil üzrə təlim keçmək barədə təşəbbüs qaldırıblar və onların bu təşəbbüsü rayon təhsil şöbəsi tərəfindən yüksək dəyərləndirilib və dəstəklənib. İngilis dili kursları məktəblilərin arzusuna uyğun olaraq hazırlanmış təlim proqramına əsasən 2012-ci ilin yanvar ayının sonlarınadək davam edəcək.

Xatırladaq ki, tələbə-gənclərin, xüsusilə əcnəbi tələbələrin BAMF-da təcrübə keçmələri və müxtəlif layihələrdə könüllü kimi çalışmaları uzun illərdən bəridir ki, ənənə şəklini alıb. İndiyədək Amerikadan, İspaniyadan, Fransadan, Almaniyadan, Pakistandan, Çindən, İraqdan, Rusiyadan, Özbəkistandan və digər ölkələrdən onlarla gənc bu təşkilatda təcrübədə olub, müxtəlif bacarıq və vərdişlərə yiyələniblər.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF