“Avrasiya-Kredit” beynəlxalq sertifikata layiq görülüb

07.06.2010 · 2314 baxış

Bank Olmayana Kredit Təşkilatı “Avrasiya-Kredit” Məhdud Məsuliyyətli Cəmiyyəti Mikromaliyyələşməyə dair Məlumatların Mübadiləsi üzrə Beynəlxalq Şəbəkənin (MİX Market) Mükafatlandırma Şurası tərəfindən Sosial Fəaliyyətin hesabatlaşdırılmasına görə xüsusi sertifikata təltif edilmişdir. Məlumatı “Avrasiya-Kredit” MMC-nin baş direktoru Ramil Əzizov verib. Bizimlə söhbətində R.Əzizov 26 may 2010-cu il tarixdə MİX Market Beynəlxalq İnformasiya Mübadiləsi Şəbəkəsinin Sosial Fəaliyyət üzrə mütəxəssisi cənab Mayk Krel tərəfindən təşkilata təbrik məktubu daxil olduğunu dedi. Onun sözlərinə görə, məktubda “Avrasiya-Kredit” in sosial fəaliyyətinin idarə olunmasında şəffaflıq və dolğunluq xüsusi vurğulanmış və təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.

Sözügedən sertifikatı Azərbaycan Mikromaliyyələşdirmə Assosiasiyasının nümayəndəsi Sevda Hüseynova Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisində düzənlənən tədbirdə R.Əzizova təqdim edib. Təqdimat zamanı S.Hüseynova bildirib ki, bu il dünyada 14 təşkilat bu sahədə fərqlənib. Sevindirici haldır ki, onlardan 8-i Azərbaycandan olub. Onun sözlərinə görə, Ermənistandan cəmi bir qurum bu sertifikata layiq görülüb. Tədbirdə BAMF-ın və “Avrasiya-Kredit”in nümayəndələri də iştirak edib.

Xatırladaq ki, “Avrasiya-Kredit” MMC Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən təsis edilib və 13 sentyabr 2007-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınaraq qanunvericiliyə uyğun şəkildə fəaliyyətə başlamışdır. BAMF “Avrasiya-Kredit” MMC yaratmaqla Azərbaycanın müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarında mikrokreditlərin verilməsi yolu ilə əhalinin sahibkarlıq fəaliyyətinin inkişafına nail olmağı qarşısına məqsəd qoymuşdur.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF