Azərbaycan Gənclərinə Dəstək Proqramı- Ağdaş

19.08.2014 · 1450 baxış

<b>19 avqust 2014-cü il tarixində UNİCEF-in maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsi çərçivəsində Ağdaş rayonunda "Ağdaş Gənclərinə Dəstək Qrupu"nun rayon rəhbərliyi ilə şəhər görüşü keçirildi. Tədbir Ağdaş rayonunda yenicə istifadəyə verilmiş Heydər Əliyev Mərkəzində baş tutdu. Görüşdə Ağdaş rayon İcra Hakimiyyəti Başçısının I müavini Cavid Osmanov, Ağdaş rayon Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, BAMF-nun Proqram və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Ayaz Mirzəyev, "Azərbaycan Gənclərinə Dəstək Proqramı" layihəsinin koordinatoru Qiyas Abasov , "Ağdaş Gənclərinə Dəstək Qrupu" nun üzvləri və Ağdaş rayon gəncləri iştirak etdilər. </b>

Tədbirdə layihə haqqında, iyun ayında keçirilən gənc konsultasiyaları və onların nəticələri haqda məlumat verildi. “Ağdaş Gənclərinə Dəstək Qrupu”nun lideri Şəbnəm Məmmədova “Ağdaş Gənclərinə Dəstək Qrupu” adından Ağdaş rayonunda gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə ilə bağlı strategiyanı təqdim etdi. Dəstək Qrupu rayonun tədris, səhiyyə, mədəniyyət, ticarət və ictimai yerlərdə zərərli vərdişlərə qarşı təbliğat kompaniyası keçirməyi və rayon gənclərinin iştirakı ilə “Zərərli vərdişlər” mövzusunda seminar keçirməyi təklif etdi. Tədbirdə çıxış edən Ağdaş rayon İcra Hakimiyyəti Başçısının I müavini Cavid Osmanov rayonda bu cür tədbirlərin keçirilməsinin və miqyasının daha da artırılmasının zəruri olduğunu bildirdi. Tədbirin sonunda Ağdaş rayon İcra Hakimiyyəti Başçısının I müavini Cavid Osmanov və “Ağdaş Gənclərinə Dəstək Qrupu”nun lideri Şəbnəm Məmmədova birgə razılaşma protokoluna imza atdılar.

(c) 2018. IEPF