“Azərbaycan Gənclərinə Dəstək Proqramı” Layihəsi çərçivəsində növbəti görüş Ucar rayonunda baş tutub

20.07.2014 · 1061 baxış

<b>UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində 21 iyul 2014-cü il tarixində Ucar rayonunda Rayon İcra Hakimiyyətində layihə çərçivəsində yaradılmış Ucar Gənclərinə Dəstək Qrupunun iştirakı ilə şəhər görüşü keçirilib. Görüşdə Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şəhla xanım Abdullayeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev, “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru cənab Qiyas Abasov da iştirak ediblər. </b>

Tədbirdə çıxış edən Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şəhla Abdullayeva Azərbaycan Respublikası Prezidentinin apardığı gənclər siyasətindən, gənclərlə bağlı rayonda həyata keçirilən quruculuq işlərindən, rayon gənclərinin problemlərindən bəhs edib. O bildirib ki, hazırda Ucar İcra Hakimiyyəti qarşısında dayanan ən ümdə məsələlərdən biri rayon gənclərinin asudə vaxtının düzgün təşkil olunması, onların işlə təminatı, gənclərin rayonun abadlaşdırılması və təbliği sahəsində görülən işlərə cəlb olunmasıdır. Xanım Abdullayeva xüsusilə müasir texnologiyalardan istifadəyə bələd olan gənclərə ehtiyac duyulduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı . Hətta dəstək qrupunun üzvlərinə üz tutaraq belə bir bacarığa malik gənclərin tezliklə işlə təmin olunmasının mümkün olduğunu dilə gətirdi. Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini rayonda ekoloji maarifləndirmə sahəsində aparılan işlərə də diqqət çəkdi və bu sahədə gənclərin fəallığına ciddi ehtiyac duyulduğunu etiraf etdi.

Tədbirin gedişatında Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru cənab Qiyas Abasov layihə ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şəhla Abdullayeva rayon gəncləri ilə onların üzləşdikləri problemləri birgə müzakirə edib . Sonda Ucar Gənclərinə Dəstək Qrupunun rəhbəri Kazım Məmmədov Dəstək Qrupu adından Ucar rayon İcra Hakimiyyətinə rayonun seçilmiş ərazilərində əhali arasında və müxtəlif müəssisələrin işçiləri arasında ətraf mühitin tullantısız olmasını təmin etmək üçün bacarıqların formalaşdırılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda layihə təklif edib. Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini də öz növbəsində bu birgə əməkdaşlığın qurulmasından məmnun olduqlarını qeyd edərək bildirib ki, İcra Hakimiyyəti də, həmin görüşlərin təşkilinə dəstək verəcək və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Ucar rayon Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaq. Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun Ucar Rayon İcra Hakimiyyəti tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Şəhla xanım Abdullayeva və UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyələşdirdiyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi üzrə Ucar Gənclərinə Dəstək Qrupunun rəhbəri Kazım Məmmədov tərəfindən imzalanması ilə sona çatıb. Protokolda rayonun 3 kəndində , o cümlədən rayon mərkəzində ticarət subyektlərinin rəhbərlərinə və əhaliyə ətraf mühitin mühafizəsi , ekoloji mühitin qorunması ilə bağlı birgə seminar və görüşlərin keçirilməsi öz əksini tapıb.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF