<b>“Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq” mövzusunda iki günlük beynəlxalq konfrans baş tutub. Beynəlxalq Jurnalistlər Federasiyasının, Beynəlxalq Avrasiya Mətbuat Fondunun, Demokratik Jurnalistlər Liqasının, Jurnalistlərin Həmkarlar İttifaqının və “RUH” Azərbaycan Jurnalistləri Müdaifə Komitəsinin Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırdıqları “Etik jurnalist təşəbbüsləri - Azərbaycan” layihəsi çərçivəsində keçirilən konfransda xarici və yerli ekspertlər, kütləvi informasiya vasitələri rəhbərləri, jurnalist təşkilatları nümayəndələri, dövlət rəsmiləri və ictimai-siyasi xadimlər iştirak edib.</b>
Tədbirdə “Azərbaycan mediasının mənzərəsi: mövcud vəziyyət, yeni çağırışlar”, “Şəffalıq konteksində hakimiyyət-media münasibətləri”, “Media sahəsində redaksiya müstəqilliyi”, “Mətbuatın özünütənzimlənməsində Mətbuat Şurasının rolu: Azərbaycan jurnalistləri davranış qaydalarına necə əməl edirlər” mövzularında sessiyalar keçirilib.
2 gün davam edən konfransın ilk günündə konfransı açan Jurnalistlərin Həmkarlar İttifaqının (JHİ) sədri, “Etik jurnalist təşəbbüsləri – Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli “Etik jurnalist təşəbbüsləri – Azərbaycan” layihəsinin Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən yaradıldığını deyib.
Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun təklifi ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən jurnalistləri jurnalistlərin xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edilib. Ə.Amaşov bildirib ki, konfrans keçirməklə Azərbaycan jurnalist təşkilatları və jurnalistlər arasında əməkdaşlığı genişləndirmək imkanı yaranıb. O, qarşıya çıxan problemləri birlikdə aradan qaldırmağın mümkün olduğunu söyləyib.
Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini Oliver Money Kyrie iddialı bir proqram həyata keçirdiklərini və Azərbaycandakı tərəfdaşları ilə dialoq qurmaq istədiklərini bildirib. O, region mətbuatı üzrə ekspert olmadığını desə də Azərbaycan mətbuatını bölünmüş, yəni hökumət və müxalifət mətbuatı kimi dəyərləndirib. Proqramın çətin və çox ciddi olduğunu söyləyən Beynəlxalq Jurnalistlər Federasiyası katibinin müavini bildirib ki, müstəqil peşəkar media ictimaiyyətinin formalaşması istiqamətində birgə işləmək vacibdir.
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında KİV-in azad və sərbəst fəaliyyəti üçün atılan addımların heç də hamı tərəfindən müsbət qarşılanmadığını deyib. O, bildirib ki, Azərbaycanda plüralist medianın formalaşmasının hökumət tərəfindən dəstəkləndiyini birmənalı şəkildə qeyd etmək olar.
Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli tədbirin əhəmiyyətini vurğulayıb, iştirakçılara uğurlar arzulayıb.
Tədbirin ilk günündə keçirilən sessiyaya BAMF-ın sədri Umud Rəhimoğlu sədrlik edib. ATƏT-in Bakı Ofisinin təmsilçisi Jacqueline Carpenter, Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov da çıxış ediblər.
Konfransın ikinci günündə keçirilən sessiyaya “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı sədrlik edib. “Azərbaycan mediasında redaksiya müstəqilliyi” mövzusundakı sessiyada əsas çıxışı “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid edib.
Daha sonra tədbirdə “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, tanınmış media mütəxəssisi Azər Həsrət də mövzu ilə bağlı çıxış ediblər.
Tədbirin sonunda Azərbaycan media etikası, şəffaflıq və redaksiya müstəqilliyi bəyannaməsinin müzakirə edilib və imzalanıb.
