<b>Əflatun Amaşov: “Bu layihə qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcək”</b><br /> <br /> Media və iqlim dəyişmələri sahəsində növbəti layihənin icrasına başlanıb. “Azərbaycan jurnalistlərinin qlobal iqlim dəyişmələri sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması” adlanan layihə YUNESKO və Azərbaycan Mətbuat Şurası tərəfindən həyata keçirilir. İcraçı tərəfdaşlar YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsi və Beynəlxalq Avrasiya Mətbuat Fondudur (BAMF). Layihənin koordinatoru BAMF sədri Umud Rəhimoğludur.<br />
Bu barədə Azərbaycan Mətbuat Şurasının Sədri Əflatun Amaşov məlumat verib. Ə.Amaşovlayihənin qlobal iqlim dəyişmələrinin işıqlandırılmasında jurnalistlərin peşəkarlığının artırılmasına və əhalinin elmi yolla ekoloji maarifləndirilməsinə xidmət edəcəyini deyib: “Azərbaycan Mətbuat Şurası və YUNESKO-nun “İnsan və Biosfer” Azərbaycan Milli Komitəsi YUNESKO-nun Moskva Ofisi ilə 2010-cu ilin sentyabr ayından 2011-ci ilin aprel ayınadək “Iqlim dəyişikliklərinə dair məsələlərin əhatə olunmasının keyfiyyətinin yaxşılaşdrılması məqsədilə yayım jurnalistləri üçün təlim” layihəsini həyata keçirib. YUNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası layihənin uğurla həyata keçirilməsinə yaxından dəstək verib. Layihə çərçivəsində teleradio jurnalistləri üçün Bakıda 3 günlük konfrans-seminar keçirilib. “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabça tərtib edilərək çap olunub yayılıb vəwww.mediaclimate.orgadlı vebsayt hazırlanıb istifadəyə verilib. İdarə olunması birgə razılıq əsasında Azərbaycan Mətbuat Şurasının üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fonduna həvalə olunan vebsayt layihənin davamlılığının təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. BAMF saytın formalaşmasında yaxından iştirak etməklə yanaşı, həm də layihənin həyata keçirilməsinə sonadək dəstək verib. İndi həyata keçirdiyimiz layihədə əsas hədəf kimi təlim proqramı hazırlanacaq. Proqram hazırlanarkən YUNESKO-nun media üçün təlim vəsaitləri, o cümlədən ötən il “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində Azərbaycanda nəşr olunmuş “İqlim dəyişmələri və ekoloji stabillik” adlı kitabçaya istinad olunacaqdır. Burada ölkədə media treninqlərinin xüsusiyyətləri və milli təhsil strategiyasının uyğun müddəalarını özündə əks etdirən tədris modulları da nəzərə alınacaqdır.Bu proqram mediaya təlim keçən qurumlar üçün əyani vəsait olacaqdır”.
Ə.Amaşov elm, jurnalistika və təhsil mütəxəssislərinin layihənin icra mexanizmi və metodologiyasını hazırlamaq məqsədi ilə Azərbaycan Mətbuat Şurasında toplaşaraq müzakirələr apardıqlarını,hazırda proqramın hazırlanması üçün materiallar toplandığını da deyib.
“Bu ilin sentyabr ayında media, elm və tədris müəssisələrinin nümayəndələri, həmçinin universitetlərin jurnalistika fakültələrinin tələbələri ilə birgə proqramın konsepsiya sənədi müzakirə olunacaq. Noyabrda isə təlim proqramının təqdimatı keçirilməsini planlaşdırırıq.Təlim Proqramının ingiliscə variantının nəşri də nəzərdə tutulur.Layihənin əhatə dairəsi Bakıdan ibarətdir və icrası bu ilin dekabrında başa çatacaqdır”-deyə o, bildirib.
Xatırladaq ki, əvvəlki layihə çərçivəsində hazırlanmış kitabın və saytın Bakıda keçirilən təqdimatında YUNESKO-nun Moskva ofisinin rəhbəri Dendev Badarç və YUNESKO-nun Moskva ofisinin Təhsildə İnformasiya Texnologiyaları İnstitutunun informasiya xidməti qrupunun rəhbəri Svetlana Knyazeva da iştirak ediblər.
