Bütün həyatımı Azərbaycanda yaşamamışam, ancaq Azərbaycanlıların qonaqpərvərliyinin şahidi olmuş və onu bilavasitə hiss etmişəm. Azərbaycanlıların əmin olduğu bir şey var: onlar dünyanın ən qonaqpərvər insanlarındandır. Bu, onların öz düşüncələri olsa da mən də deyə bilərəm ki, onlar belə fikirləşməkdə haqlıdırlar.
Azərbaycan məkan etibarı ilə çox strateji əhəmiyyətə malikdir. Çünki Asiya ilə Avropanı birləşdirir. Azərbaycanı bir şərq aləmi əhatə edir. Ölkənin olduğu bölgədəki farslar və türkdilli xalqlar İslam dininə görə ərəb təsirinə də məruz qalıb. Azərbaycan xalqı şərq aləminin dəyərləriylə uzlaşaraq öz kimliyini qura bilmişdir. Heç təəccüblü deyil ki, Azərbaycan özünəməxsus mətbəxə, incəsənətə və mədəniyyətə malikdir.
Azərbaycana gələrkən onun haqqında çox az bildiyimə görə bir az qorxu içindəydim. Bu qorxular dini stereotiplərinə görə insanlara yeridilmiş bölgülər qorxusuydu. Məsələn, belə bir skeptisizm var: bütün turistlərin ağlından keçir ki, onların dininə məhəl qoyulmur. Bu, Nigeriyada baş verir. Çünki ölkə şimalda müsəlmanlara, cənubda da xristianlara bölünmüşdür. Hətta Nigeriyalılar üçün öz ölkələrinin daxilində səyahət etmək belə asan iş deyil. Ona görə deməliyəm ki, bu səbəblərə görə Azərbaycan haqqında müəyyən qədər şübhələrim vardı.
Mənim ilk dəfə Azərbaycanlıların qonaqpərvərliyi ilə üzləşməyim Novruz bayramına təssadüf edir. Oxuduğuma görə Novruz bayramı yazın gəlişini bildirirdi. Keçmişdə yaşayan Azərbaycanlılar onu yeni il kimi qəbul edirdilər. Və bu bayram qorunur, saxlanılır və nəsildən nəslə ötürülə-ötürülə gəlirmiş. Bu bayram Azərbaycandan başqa Rusiyada, xüsusilə Başqırdıstan və Tatarıstanda, əhalisinin çox hissəsini Türklər təşkil edən İranda, İraqda, Türkiyənin bəzi yerlərində və orta Asiya ölkələrində qeyd olunur. Novruz bayramında tonqallar yandırırlar və təmizlənmə əlaməti olaraq odun üstündən atlanırlar.
Azərbaycanda olacağım ərəfədə xarici bir ölkədə özümü evdəki kimi hiss edəcəyimi heç xəyal etməmişdim. Nigeriyalı olaraq mən Milad və Yeni il kimi dini bayramları qeyd edərək böyümüşəm. Eyni zamanda İslam bayramlarından da kifayət qədər məlumatım var idi. Bu bayramların əsas xarakterik xüsusiyyətləri şənlənmək, ən ləziz yeməkləri bölüşməkdir. Eyni zamanda Nigeriyanın digər müxtəlif regionlarında bütpərəstliklə əlaqədar bayramlar da var. Lakin dinin davamedici təsiri nəticəsində bu adətlər getdikcə öz əhəmiyyətini itirir.
Novruz bayramı mənim üçün yeganə olaraq qalır. Ona görə ki, o özündə böyük qonaqpərvərliyi əks etdirir. Mən qonşularımdan və dostlarımdan gördüyüm xoş münasibətdən çox razı qaldım. Qonşularım mənə milli şirniyyatlar olan şəkərbura və paxlava təqdim etdilər. Bəziləri mənə qoz, fındıq və digər meyvələr verdilər. Mən həmçinin heç gözləmədiyim adamlardan plov da aldım.
Mən Novruz bayramı məclisinə qonaq oldum, harda ki, digər xaricilərlə birgə dolma, dovğa, kabab kimi Azərbaycan xörəklərinə qonaq edildik.
Umumiyyətlə, Azərbaycanlılar mən oldugum xarici ölkələrin vətəndaşlarından fərqli olaraq xariciləri öz evlərində qonaq etməyi çox sevirlər. Məsələn qərbdə gələn qonaqları olduqca yaxşı əyləndirirlər, lakin onlara təqdim edilən yeməklər küçədə hər hansı bir vətəndaşın restoranda əldə edə biləcəkləri ilə eynidir. Əksinə, bu, Azərbaycanda belə deyil. Azərbaycanda xariciyə təqdim edilən xörəklər və içkilər gündəlikdə olduğundan fərqlidir. Mən Bakıda təsadüfi olaraq bir neçə dostumun evində qonaq oldum. Təsadüfi gəlişimin necə kiçik bir qonaqlığa çevrildiyini görmək məni çaşdırdı.
Tarixə nəzər salsaq görərik ki, Azərbaycanlılar həmişə belə qonaqpərvər olub. Bu, Azərbaycanlıların qonaqpərvərliyindən irəli gəlir ki, onlar öz qonşuları ilə daim mehriban şəraitdə yaşayıblar. Azərbaycan xalqı mövcudluğunun əsas hissəsi olaraq qonaqpərvərliyini hələ də saxlayır. Bu xüsusiyyət dinə də əhəmiyyətli təsir göstərir. Ona görə də Azərbaycan mənim üçün ən tolerant ölkə kimi qalmaqdadır. Harda ki, müxtəlif ölkələrin vətəndaşları heç bir təqib, hüquq pozuntusu olmadan birgə yaşaya və öz inanclarını azad həyata keçirə bilərlər. Qonaqpərvərlik və tolerantlıq Azərbaycanlılarda ölçüyəgəlməz dərəcədədir.
…Azərbaycan hökuməti turizmi iqtisadi inkişafın əsas istiqamətlərindən biri kimi seçib. Xarici olaraq mənim fikrimcə də turizmin inkişaf etdirilməsi lazımi seçimdir. Bütün dünyada heç bir milli turizim vətəndaşların təsiri olmadan inkişaf etmir. Azərbaycan xalqının qonaqpərvərlik xüsusiyyəti hər cür düşmənçiliyi rədd etmişdir. Təəccüblü deyil ki, Azərbaycan xalqının qonaqpərvərliyi xaricilərin bu ölkəyə böyük axınına səbəb olmuşdur.
Ölkədəki inkişafın sürəti ilə əlaqədar olaraq xaricilərin Azərbaycana miqrasiyası artmaqda davam edəcək. Müsbət tərəfdən yanaşsaq, Azərbaycan kimi xaricilərin geniş axınını təcrübədən keçirmiş ölkə eyni zamanda müvafiq olaraq öz iqtisadiyyatının bütün aspektlərində inkişafı müşahidə etmiş olur. Azərbaycan xalqının qonaqpərvərliyinə görə Azərbaycan Respublikasının gələcəyi olduqca parlaqdır…
İngiliscədən tərcümə: Nigar Bağır. Yazının ingiliscəsi: Azerbaijan Hospitality – Part I.
Nik Nvolisa Bakıda yaşayan Nigeriyalı tələbədir. O, Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə əməkdaşlıq edir, qaçqın və məcburi köçkünlərin işləri üzrə məsul şəxsdir. Niklə aşağıdakı e-poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar: [email protected]. İnternet: nickymedia.blogspot.com.
