Müəllif: İsa Musayev, “Vətən səsi” qəzeti, 13 iyun 2008
Lakin əhalinin maarifləndirilməsi də xüsusi önəm daşıyır
Son illər Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlər əsasında həm mina təmizləmə, həm də mina qurbanlarının ehtiyaclarının öyrənilməsi və ödənilməsi istiqamətində xeyli iş görülüb Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da 2000-ci ildən mina probleminin həlli prosesinə qoşulub. İstər mina təhlükəsizliyi, istərsə də minadan zərər çəkənlərin problemlərinin araşdırılıb həll edilməsi istiqamətində ardıcıl layihələr həyata keçirilir. Amma minanın insanların həyatına vurduğu zərbədən, onların ağrı-acılarından demək olar ki, cəmiyyətin əksər hissəsi xəbərsizdir. Məhz buna görə də minadan zərər çəkən insanların yaşadıqları faciənin cəmiyyətə çatdırılması məqsədilə jurnalistlər arasında belə bir müsabiqəyə start verilməsi təqdirəlayiqdir.
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin vurduğu çoxlu sayda problemlərlə üz-üzədir. Bu problemlər sırasında minaların vurduğu ziyan ön cərgədə durur. Torpaqlarımızın işğalı və işğal olunmuş ərazilərdə minalardan istifadə edilməsi təkcə bu günün deyil, neçə illər bundan sonrakı zaman üçün də təhlükəli olan işdir. Elə indi də hər an insan həyatını məhv edəcək bir minanın partlaması qorxusu mövcuddur. Təsadüfi deyil ki, atəşkəs dövrü başlayandan Azərbaycanın sərhəd zonalarında tez-tez belə faciələr baş verir. Yəni müharibənin dayandığı şəraitdə də mina qorxusu «öz qüvvəsində qalır». Vaxtilə işğal edilmiş, sonradan azad olunmuş və bu gün əhalinin məskunlaşdığı həmin ərazilər xüsusilə təhlükəlidir. Çünki bu ərazilərdə məskunlaşmış əhali maldarlıq və əkinçiliklə məşğul olarkən hər an mina partlayışı ilə rastlaşa bilər. Bu baxımdan sərhəd zonalarında vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyil.
Münaqişə və müharibə gedən regionlarda mina təhlükəsi bu gün dünyanın ciddi narahat olduğu problemdir. Elə bu günlərdə ABŞ Dövlət Departamentinin dünya ölkələrində mina təhlükəsizliyinə qarşı görülən işlərə ABŞ-ın yardımına dair «Təhlükəsiz torpaqda gəzmək» adlı yeddinci hesabatı da belə düşünməyə əsas verir. Çünki həmin hesabatın Azərbaycana həsr olunmuş hissəsində ciddi faktlar və rəqəmlər yer alıb. Eyni zamanda, Azərbaycanda mina problemlərinin aradan qaldırılması ilə məşğul olan qurumun – Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) növbəti planı haqda məlumat da var. Hesabatda bildirilir ki, Ermənistanla mövcud olan Dağlıq Qarabağ münaqişəsi, həmçinin SSRİ dövründən qalmış bir sıra istifadə olunmamış hərbi bazaların mövcudluğu səbəbindən Azərbaycan ərazisində çoxlu sayda partlamamış hərbi sursat qalıb. «2003-cü ildə aparılmış tədqiqatlar zamanı məlum olub ki, Azərbaycanın 18 rayonunun 643 yaşayış məntəqəsində hələ də minalanmış sahələr mövcuddur.
1991-2006-cı illərdə ölkədə mülki şəxslərin minaya düşməsinə dair 2.297 fakt qeydə alınıb. 2006-cı ildə baş verən 17 belə insident zamanı iki nəfər ölüb, 15 nəfər yaralanıb. Dağlıq Qarabağın minalanmış sahələri ilə bağlı situasiya naməlum olaraq qalır, amma bu vəziyyətin gərgin olduğu güman edilir.»
Faktlardan da göründüyü kimi, Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış mina probleminin son dərəcə kəskin olması Azərbaycanda bu problemin aradan qaldırılması işi ilə məşğul olmağı zəruri edir. Yenə də ABŞ Dövlət Departamentinin hesabatına müraciət edək. «ANAMA təşkilatı minaların təmizlənməsinə dair strateji plan hazırlayıb və bu iş ilin sonuna kimi başa çatmalıdır. 2006-cı ildə ABŞ Dövlət Departamentinin Silahların Yığılması və Ləğvinə dair Hərbi-Siyasi Məsələlər Bürosu Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün 3,106,246 dollar yardım ayırıb.
Bu vəsaitin 2,326,840 dolları proqramın inkişafına yönəldiləcək, 709,866 dolları isə ArmorGrour vasitəsilə texniki yardım şəklində ANAMA-ya veriləcək. Bundan başqa Dövlət Departamenti, Beynəlxalq Avrasiya Mətbuat Fondu təşkilatının Tərtərdə mina qurbanlarına yardım assosiasiyasının formalaşdırılmasına 69.540 dollar yardım göstərib.
2007-ci ildə Azərbaycana 2,487,000 dollar vəsait ayrılıb ki, bunun da 2,3 milyon dolları ANAMA-ya, 187 min dolları isə Füzuli və Ağstafada mina qurbanlarına yardım assosiasiyasının formalaşdırılması üçün Beynəlxalq Avrasiya Mətbuat Fondu təşkilatına verilib».
Lakin bütün bunlar hələ Azərbaycanda mina probleminin tam bitməsi demək deyil. Əslində, istər bu il işə düşəcək layihələr, istərsə də bundan əvvəlki bu tip fəaliyyətlər də yüzlərlə mina qurbanlarının həyatını təhlükədən qurtara bilməyib. Yəni neçə-neçə insan həyatı məhz mina problemi üzündən ya yarıda qırılıb, ya da sonrakı ömrünü şikəst halda yaşamağa məcbur olub. Yeri gəlmişkən, ANAMA-nın verdiyi məlumata görə, bu vaxta qədər mina partlaması səbəbindən 359 nəfər həlak olub, 2000-ə yaxın insan isə əlilə çevrilib. Elə buna görə də mina problemini, onun vuracağı zərbələri qabaqlamaq, neçə-neçə insan həyatanı bu təhlükədən – həlak olmaq, yaxud da əlil olmaq təhlükəsindən qurtarmaq üçün bu istiqamətdə hazırlanan plan və layihələrin sayını artırmaq lazımdı. Amma bununla da iş bitmir. Həmin plan və layihələrin həyata keçirilməsi sürətləndirilməli, bu işə ciddi nəzarət edilməlidir. Eyni zamanda maarifləndirmə işi də vacibdi. Mina təhlükəsi olan ərazilərdə yaşayan əhalinin məlumatlandırılması da maarifləndirmə işinə daxildir. Bu baxımdan ANAMA və Beynəlxalq Avrasiya Mətbuat Fondunun indi təşkil etdiyi müsabiqə də təqdirə layiqdir.
