Azərbaycanın ekologiyası və bu istiqamətdə dövlət siyasətinə həsr olunmuş kitabın təqdimatı keçirildi

13.04.2011 · 1231 baxış

<b>Aprelin 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində YUNESKO-nun "İnsan və Biosfer" Milli Komitəsinin (MAB/YUNESKO) "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı illik kitabının altıncı nəşrinin təqdimatı keçirildi. Kitab ölkədə ekoloji durumu, bu istiqamətdə görülən dətbirləri, o cümlədən MAB-ın 2010-cu ildəki fəaliyyətini əks etdirir. <br /> </b>

AMEA-nın prezidenti akademik Mahmud Kərimov tədbiri açaraq Azərbaycanda insan və biosfer probleminin öyrənilməsi tarixindən bəhs etdi. O, bildirdi ki, bu tarix Azərbaycan təbiəti, torpağı və suyunun mühafizəsi sahəsində əvəzsiz xidmətləri olmuş mərhum akademik Həsən Əliyevin adı ilə bağlıdır.

M.Kərimov hazırda ölkədə ekoloji problemlərin həlli istiqamətindəki dövlət siyasətindən də danışdı. Akademik qeyd etdi ki, ekoloji problemlərin həllinə ayrılan investisiyanın həcmində əsaslı dəyişiklik baş vermiş və 2000-ci illə müqayisədə bu vəsaitin həcmi 50 dəfə artmışdır. Son illər meşə zolaqları və digər yaşıllıqlar salınmış və bu siyasət “Ekologiya ili” elan olunmuş 2010-cu ildə daha uğurla həyata keçirilmişdir. Hazırda ölkə ərazisinin on faizi yaşıl təbiət zonası kimi mühafizə olunur.

Sonra, kitabın baş redaktoru, MAB-ın sədri akademik Urxan Ələkbərov çıxış edərək dedi ki, ekoloji sivilizasiya anlayışının əsas aspektləri demoqrafik vəziyyət və istehlak mədəniyyəti ilə əlaqəlidir və bu anlayışın formalaşması ilk növbədə təhsillə bağlıdır.

Təhsil nazirinin müavini professor İradə Hüseynova da qeyd etdi ki, sözügedən problemlə bağlı orta məktəblər üçün “Davamlı inkişaf” dərsliyi hazırlanır. O, ekoloji problemlərin həlli istiqamətində bütün müsbət təklifləri dəstəklədiyini və YUNESKO ilə əməkdaşlığa hazır olduğunu da bildirdi.

Tədbirin digər iştirakçıları – Coğrafiya İnstitutunun direktoru akademik Budaq Budaqov və müavini, AMEA-nın müxbir üzvü Ramiz Məmmədov, YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva, həmçinin YUNESKO-nun Baş İdarəsinin və Moskva ofisinin nümayəndələri mövzuya dair müzakirələri davam etdirdilər.

Çıxışlarda o da vurğulandı ki, “Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit” kitabı dünyada ekoloji sivilizasiyaya aid ilk nəşrlərdəndir və beynəlxalq tərkibli redaksiya heyəti tərəfindən hazırlanmışdır.

Onu da qeyd edək ki, MAB-ın 2010-cu ildə gördüyü işlərdən biri “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsidir. YUNESKO və Azərbaycan Mətbuat Şurasının da iştirakı ilə həyata keçirilən layihə çərçivəsində 17-19 dekabrda İctimai Televiziya və Radio Yayımları Şirkətində konfrans-seminar keçirilmişdir. Tədbir Bakı və regionlarda fəaliyyət göstərən teleradio kanallarının təmsilçiləri və tələbə-jurnalistlər üçün təşkil olunmuşdur və icraçılarından biri Beynəlxalq Avrasiya Mətbuat Fondudur (BAMF).

(c) 2018. IEPF