<b><b>17-19 Sentyabrda keçiriləcək konfransda iştirak etmək üçün 100-dən artıq əcnəbi jurnalist qeydiyyatdan keçib </b></b><br /> <br /> Xəbər verildiyi kimi, bu il 17-19 sentyabrda Bakıda Beynəlxalq Mətbuat İnstitutu tərəfindən (BMİ) Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə “Neft, Qaz və Media” konfransı keçiriləcək. Bu mötəbər tədbirə Azərbaycan jurnalistləri də daxil olmaqla dünyanın əksər ölkələrindən 200-dən yuxarı media təmsilçilərinin qatılacağı gözlənilir.<br />
Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin və konfransa hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. O, bir müddət əvvəl konfransla bağlı ətraflı məlumatların yer aldığı www.ipioilgasmedia2012.com saytı da fəaliyyətə başladığını, bu sayt vasitəsi ilə tədbirə qatılanların qeydiyyatının aparılıdığını qeyd edib. Onun sözlərinə görə, dünyanın ən nüfuzlu mətbuat orqanlarının, müxtəlif neft-qaz istehsalçısı olan ölkələrinin aparıcı şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələri, çox nüfuzlu media mütəxəssisləri, ekspertlər və jurnalistlər konfransda iştirakını təsdiq etmək üçün rəsmi qeydiyyatdan keçirlər. Xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlikləri də konfransa dərin maraq göstərərək iştirak üçün rəsmi razılıqlarını bildiriblər.
Təşkilat Komitəsinin sədri konfransı keçirməkdə əsas məqsədlərinin azad mediada neft və qazın rolunu müəyyənləşdirmək, neft-qaz sahəsində yazan jurnalistlərlə enerji partnyorları arasında əlaqələrin inkişaf etdirilməsi, enerji istehsalçı olan dövlətlərin birgə səyi ilə mütərəqqi medianın inkişafını asanlaşdırmaqdan ibarət olduğunu vurğulayıb.
“Əvvəlcədən gözləndiyi kimi, konfransa həm beynəlxalq, həm də yerli jurnalistlərin, mütəxəsislərin, bu sahə üzrə dünyanın tanınmış ekspertlərinin çox böyük marağı var. Azərbaycan Dövlət Neft Şirkəti tədbirin əsas sponsurudur. Artıq Avropa Şurası, “OpenOil”, IREX, The Trans Adriatic Pipeline (TAP), Neft, Qaz və Enerji Hüququ-NQEH, “Oil and Gas Eurasia Magazine”, “Upstream Newspaper and Worldoils” konfransa tərəfdaşlıq edirlər. Digər tərəfdaşlarımız isə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF), “İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM), “Azeri Press” (APA) və “Trend” informasiya agentlikləridir” deyə, U.Rəhimoğlu bildirib.
Konfrans işinə sentyabrın 17-də Muğam mərkəzində Ekvadorda baş vermiş fəlakətdən bəhs edən sənədli “Çağırış” filminin nümayişi ilə başlayacaq. Açılış mərasimi sentyabr 18-də Gülüstan sarayında baş tutacaq. Açılış tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qonaqları salamlaması planlaşdırılıb. Həmin gün Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, BMİ-nin direktoru xanım Alison Makkenzi də qonaqları salamlayacaqlar. Sentyabrın 19-da keçiriləcək sessiyada Azərbaycan Sənaye və Energetika Naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, ARDNŞ-nin vitse-prezidenti Elşad Nəsirov çıxış edəcəklər.
Dünyanın ən nüfuzlu ali elm ocaqlarının – Kolumbiya, Corc Vaşinqton, Texas universitetlərinin neft-qaz üzrə çox məşhur professorları, aparıcı ekspertləri öz məruzələri ilə konfransa qatılacaqlar.
“Reuters”, “Financial Times”, “Əl-Cəzirə”, “Forbes”, “The Dallas Morning News” kimi dünyanın aparıcı media qurumlarının çox nüfuzlu nümayədnələri də konfransın işində yaxından iştirak edəcəkdir.
Konfransda “Neft və Mətbuat azadlığı – Çirkli sularda buruq?”, “Risk və Mükafatlandırma”, “Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): Hökumət sizə nə deməlidir”, “Tədqiqat, çıxarma və təhlükəsizlik”, “Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam?”, “Bakı: Qara Qızıl Paytaxtı”, “Neft kampaniyaları tərəfindən sosial medianın ictimai fikirlərlə mübarizədə istifadəsi” adlı mövzular müzakirə ediləcək.
Azərbaycan tərəfindən konfransın sessiyalarında tanınmış neft-qaz üzrə mütəxəssislərimiz və jurnalistlərimiz Sabit Bağırov, Vüqar Bayramov, İlham Şaban, Aida Sultanova da iştirak edəcək, müzakirələr aparacaqlar.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli
Komitəsinin informasiya departamenti
