<b>Beynəlxalq Avrasiya Mətbuat Fondu UNİCEF-in donorluğu ilə Azərbaycanda gənclərlə bağlı həyata keçirilən ən uğurlu layihələrdən biri olan “Azərbaycan Gənclərinə Dəstək Proqramı”, “Gənclər Fəaliyyətdə” layihəsini həyata keçirir. Layihənin məqsədi Azərbaycan rayonlarında yaşayan gənclərin milli müzakirələrə qoşulması üçün bilik və bacarıqlarının artırılması, təlimlər vasitəsilə gənclərin öz rayonlarının gənclərini müdafiə edəcək liderlər kimi yetişdirilməsi, gənclərin ictimai həyatda daha fəal olmalarının təmin olunması, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, onların zərərli vərdişlərdən yayınması, rayon gənclərinin problemlərinin müzakirəsi məqsədilə yüksək səviyyəli şəhər toplantılarının təşkil olunmasıdır.</b>
Layihə hədəf olaraq 14 Azərbaycan şəhər və rayonunda həyata keçirilir. Bu şəhər və rayonlara, Şirvan, Kürdəmir, Ucar, Ağdaş, Laçın (Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi Laçın rayonu məcburi köçkün düşərgəsi), Zərdab, Saatlı, İmişli, Fizuli, Xocavənd (Beyləqan rayonu Xocavənd məcburi köçkün düşərgəsi), Göygöl, Naftalan, Gəncə və Mingəçevir daxildir.Bu layihə liderlik və özünü ifadə etmə bacarığı, uşaq və gənclərin hüquqları, kommunikasiya və yeni media, ekoloji problemlər və təhlükəsizlik, narkomaniya, erkən evlilik, sağlam həyat tərzi, iqtisadi və sosial proseslərə yüksək cəlb olunma, əlillərin cəmiyyətə inteqrasiyası kimi həssas mövzulara müraciət etmişdir. Bu məqsədlər çərçivəsində gənclərin bilik və bacarıqlarının artırılması, onları sağlam həyat tərzi keçirmələrinə yardımçı olmaq və ictimai həyatda fəal olmalarını təmin etmək məqsədilə aprel ayından başlayaraq gənclərə yuxarıda adları qeyd olunmuş mövzularla bağlı təlimlərin keçirilməsinə başlanmışdır. Bundan başqa gənclər arasında
sağlam həyat tərzinin təbliği və ictimai fəal olmaları məqsədilə 14, 20 aprel, 1,4, 19, 28 may və 26, 28 iyun 2014-cü il tarixlərində Saatlı, İmişli, Ağdaş və Tərtər rayonlarında “Oxu günü” başlığı altında flaşmob və fudbol oyunu təşkil olunmuşdur. Flaşmob və futbol oyununda layihənin hədəf rayonlarının hər birindən 2 gənc lider iştirak etmişdir. Qeyd edək ki, bu cür tədbirlərin davamlı olaraq hər ay keçirilməsi planlaşdırılır.
BAMF-ın İnformasiya Departamenti
