Sovet dönəmində Azərbaycanda müstəqil informasiya resurslarının mövcud olmaması 20 Yanvar faciəsinin və sonrakı dövrdə xalqımıza qarşı törədilən digər ağır cinayətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xeyli çətinləşdirirdi. Azərbaycanın informasiya blokadasına alınması Dağlıq Qarabağ münaqişəsinin ilk illərində ermənilərin törətdikləri qanlı cinayətlərin ört-basdır edilməsilə nəticələnirdi. Həmin dövrdə müxtəlif xəbər kanalları vasitəsilə dövriyyəyə buraxılan informasiyalar isə daha çox qeyri-obyektivliyi ilə diqqəti çəkirdi.
Ermənilər tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri idi. Təəssüflər olsun ki, yenicə müstəqilliyini əldə etmiş Azərbaycan ermənilərin maraqlarından çıxış edən Qərbin və Rusiyanın media nəhənglərinin qarşısında çətin vəziyyətdə qalmışdı. Bir çox hallarda ermənilər özləri törətdikləri vəhşilikləri əks etdirən faktları Qərbdə və Rusiyadakı havadarlarının əli ilə Azərbaycana qarşı yönəldirdi. Azərbaycan jurnalistləri öz qanları bahasına əldə etdikləri informasiyanı, video çəkilişləri yaymaqda belə problemlərlə üzləşirdi. Salatın Əsgərova, Cingiz Mustafayev və sairələri belə jurnalistlərdən idi. Onlar Azərbaycanın informasiya blokadasından çıxarılması üçün dəqiq və obyektiv məlumat toplayarkən erməni gülləsinin qurbanı oldular. Yerli jurnalistlərimizdən başqa xarici mətbuat nümayəndələri də ermənilər tərəfindən qətlə yetiriliblər. Rusiyanın “Milostivıye gosudari” qəzetinin redaktoru Valeriy Dementyev və “Mayak” radiosunun müxbiri Leonid Lazareviç də Qarabağda erməni terrorunun qurbanı oldular. Biz hələ də bu son iki faktı dünya ictimaiyyətinin diqqətinə tam çatdıra bilməmişik. Məhz bu səbəbdən də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün yeni informasiya resurslarının yaranmasına ehtiyac vardı.
Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkə mətbuatı yeni dövrə qədəm qoydu. Müstəqil informasiya resurslarının yaranması nəticəsində tədricən bu boşluğu aradan qaldırmaq mümkün oldu. Hazırda ölkəmizdə dünyanın nüfuzlu xəbər istehsalçıları ilə əməkdaşlıq edən xeyli sayda KİV orqanı fəaliyyət göstərir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən «Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması» adlı layihə çərçivəsində 18 KİV orqanı arasında ilkin sorğu keçirərək bu sahədəki vəziyyəti öyrənib. Nəticələrin təhlili göstərir ki, sorğuya cəlb edilmiş KİV orqanlarının 88,8 %-i beynəlxalq əlaqələr qurmağa nail olub. Bu, ciddi bir rəqəm olsa da, KİV-in əməkdaşlıq etdiyi beynəlxalq media qurumlarının arasında Türkiyədə fəaliyyət göstərən mətbuat orqanları çoxluq təşkil edir. Sorğuda iştirak edən jurnalist təşkilatları, mətbuat orqanları və informasiya qurumlarının 66,4 %-i Türkiyənin media qurumları ilə əməkdaşlığa üstünlük verirlər. Düzdür, Türkiyə ilə də ciddi əlaqələr qurulmasına ehtiyac var. Lakin digər Qərb və Şərq ölkələri ilə də sıx əlaqələr qurulmasına, onların təcrübələrinin öyrənilməsinə ehtiyac var.
Bununla yanaşı, sorğuya cəlb olunan media qurumlarının xarici partnyorları arasında dünyanın nüfuzlu xəbər istehsalçılarının da adına rast gəlmək mümkündür. Azərbaycan Mətbuat Şurası, BAMF, JuHİ, CASCFEN, «Yeni Nəsil» Jurnalistlər Birliyi, DJL və digər jurnalist qurumlarının əməkdaşlıq etdikləri beynəlxalq təşkilatların sırasında Avropa Şurası, ATƏT, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistika Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Dünya Qəzetlər Assosiasiyası, IFEX və digər nüfuzlu beynəlxalq qurumlar var.
Araşdırmalar nəticəsində məlum olub ki, sorğuda iştirak edən KİV orqanlarının 44,4%-i beynəlxalq qurumlarda təmsil olunur.
Layihə çərçivəsində aparılan araşdırmalar zamanı o da məlum olub ki, sorğuda iştirak edən bütün təşkilatlarda müxtəlif xarici dilləri bilən əməkdaşlar çalışır. Əməkdaşların ümumi say nisbətində isə bu göstərici 52,7 % təşkil edir.
Sorğuya cəlb olunan informasiya agentliklərinin beynəlxalq əlaqələri də qənaətbəxş sayıla bilər. APA, Trend, AzərTAc və «Səs» informasiya agentliklərinin əməkdaşlıq etdiyi təşkilatların arasında ABŞ-ın və Avropanın nüfuzlu xəbər istehsalçılarının adlarına rast gəlmək mümkündür.
BAMF layihə çərçivəsində sorğuda iştirak edən media qurumlarının dünya informasiya məkanına çıxışının yaxşılaşdırılması ilə bağlı təkliflərini də öyrənir. Sorğuda iştirak edən KİV rəhbərlərinin 50%-i bu problemin dövlət dəstəyi ilə həll ediləcəyinə inanır.
Sorğunun dəqiq göstəriciləri ilə cədvəldə tanış ola bilərsiniz
| S/S | Verilən suallar | Bəli | Xeyir | Cavab verməyib |
| 1 | Redaksiyanın (təşkilatın) xarici mətbuat və beynəlxalq təşkilatla əlaqəsi varmı? | 88,8 % | 5,5% | 5,7% |
| 2 | Varsa, hansı beynəlxalq təşkilat və yaxud KİV-lə? | Avropa Şurası, ATƏT, Ümumdünya Mətbuat Şuraları Assosiasiyası, Avropa Mətbuat Şuraları Alyansı, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistika Mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Dünya Qəzetlər Assosiasiyası, IFEX və sairə. | ||
| 3 | Hansısa beynəlxalq qurumlarda təmsil olunursunuzmu? | 44,4% | 55,6% | 0% |
| 4 | Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində işlər görürsünüzmü? | 88,8% | 5,5% | 5,7% |
| 5 | Beynəlxalq medianın təcrübəsi öyrənilirmi? | 100% | ||
| 6 | Redaksiya və təşkilatın əməkdaşları hansısa xarici dilləri bilirmi? | 52,7% | 0% | 47,3% |
| 7 | Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin yaxşılaşdırılması üçün nə təklif edərdiniz? | Bu problem dövlət dəstəyi ilə həll edilə bilər. Ciddi maliyyə dəstəyi lazımdır. Peşəkar jurnalistlərin sayı artmalıdır və s. | ||
| 8 | Sorğuda iştirak edən KİV-lərin sayı | 8 | ||
| 9 | Sorğuda iştirak edən jurnalist qurumlarının sayı | 10 | ||
Sorğunun nəticəsindən bəlli olur ki, Azərbaycan KİV-lərinin, media qurumlarının beynəlxalq əlaqələri elə də pis deyil, əksinə, qənaətbəxşdir. Amma bu əlaqə daha çox bir istiqamətdə – Türkiyə ilə qurulub. Lakin dünyanın aparıcı KİV-ləri və media qurumları ilə yaxından əlaqə qurmaq vacibdir. Azərbaycan mətbuatının dünya mediası ilə daha da sıx əlaqələr qurması üçün BAMF gələcəkdə də öz işini davam etdirəcək.
