Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) “layihələrin idarə olunması” üzrə treninqlər başlayıb. Təlimləri sözügedən fondun beynəlxalq məsləhətçisi, BMT-nin İnkişaf Proqramının keçmiş texniki məsləhətçisi Lütfül Kabir keçir. Bu barədə bizə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, BAMF öz əməkdaşları və marağı olan jurnalistlər üçün mütəmadi olaraq belə treninqlər təşkil edir. O, son təlimlərdə əməkdaşlara layihələrin hazırlanması və icra edilməsi qaydaları öyrənildiyini dedi: “Biz hər zaman müxtəlif mütəxəssislərin iştirakı ilə əməkdaşlarımızın daha səmərəli fəaliyyəti üçün müəyyən işlər görmüşük. İndiki treninqlər də bu məqsədlə keçirilir. Artıq layihələrin hazırlanması üzrə təlimlər başa çatmaq üzrədir. Bunun ardınca isə əməkdaşlarımıza “inzibati idarəçilik” təlimlər keçiriləcək”.
U. Rəhimoğlu təlimləri Qeyri – Hökumət Təşkilatları üzrə çox böyük təcrübəyə malik L.Kabirin keçməsini xüsusi ilə vurğuladı: “Cənab Lütfül Kabir bu sahədə həm böyük beynəlxalq təcrübəyə malikdir, həm də Azərbaycanda Qeyri – Hökumət Təşkilatlarının işlərini mükəmməl bilir. Bu isə treninqlərin uğurla başa çatması və əməkdaşlarımızın bu təlimlərdən faydalanması üçün çox vacib amildir”.
BAMF-ın İnformasiya Departamenti
