<b>Azərbaycanın vətəndaş cəmiyyəti sferasında çoxşaxəli və səmərəli fəaliyyəti ilə tanınan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) özünün 20 illik fəaliyyəti dövründə xeyli uğurlu layihəyə imza atıb. Bu layihələr əsasən humanitar xarakter daşıyıb, müharibədən zərər çəkmiş və işğaldan azad olunmuş bölgələrdə yaşayan əhalinin, xüsusi ilə gənclərin həyatını əhatə edib. Belə layihələrdən biri də UNİCEF-in (BMT-nin Uşaq fondunun) maliyyə dəstəyi ilə 2011- ci il oktyabr ayında icrasına imza atılan “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsidir.</b> Layihənin BMT-nin nüfuzlu qurumlarından biri tərəfindən dəyərləndirilməsi və dəstəklənməsi BAMF-ın uzun illərdən bəri problemlərin araşdırılması və həlli, həmçinin layihə idarəçiliyi sahəsində əldə etdiyi təcrübə sayəsində mümkün olmuşdur.
Müqavilənin imzalanması mərasimində UNİCEF – in ölkə direktoru cənab Mark Herevard da BAMF-ın təcrübə və bacarıqları sayəsində çox böyük uğurlu nəticə əldə ediləcəyinə inandığını qeyd edib və bu layihənin icrasının məhz BAMF-a tapşırılmasının bu quruma olan inamdan irəli gəlməsini vurğulayıb.
Layihənin əhatə etdiyi ərazilər müharibədən birbaşa zərər çəkmiş rayonlar – Ağdam, Ağcabədi Goranboy, Tərtər, Beyləqan və müharibənin təsirinə məruz qalmış Bərdə və Yevlax rayonları olub. Layihənin əsas məqsədi gənclərin idarəçiliyə daha yaxından cəlb olunmaları istiqamətində onları təlimləndirməkdən, bununla da gəncləri ətraflarında baş verən hadisələrə daha fəal diqqət yetirməyə həvəsləndirməkdən və müsbət nəticələr əldə etməyə istiqamətləndirməkdən ibarət olub. Bu layihə uzun illərdən bəri gündəmdə olan və hal- hazırkı zaman kəsiyi üçün də aktual sayılan məsələlərin –narkotika ilə mübarizə, sağlam həyat tərzi, erkən evlilik, unudulmuş insanların, zəif təbəqənin cəmiyyətə inteqrasiyası, gənclərin əmək məşğulluğu və digər vacib məsələlərin həllində gənclərə istiqamət verir, onların təşəbbüslərini dəstəkləyir.
UNİCEF-in ekspertləri və layihə heyəti müxtəlif toplantılar və təlimlər vasitəsi ilə gənclərə onları əhatə edən problemlərin aradan qaldırılması yollarını göstərdilər. Layihədə könüllü iştirak edən və hər birinin tərkibi 20 nəfər yeniyetmə və gəncdən ibarət olan Təbliğat Qrupları yerlərdə maarifləndirmə və təbliğat işi aparıb, regionda gənclərin böyük bir şəbəkəsini formalaşdırıblar. Layihənin icrası nəticəsində gənclərə özünifadə imkanları yaradılıb və bu gənclər layihə çərçivəsində öz kiçik layihələrini həyata keçiriblər.
Layihənin uğurlarından biri də Tərtər və Ağcabədi rayonlarında 2 regional konfransın keçirilməsidir. Bu konfransda UNİCEF-in rəsmiləri, layihə heyəti, rayonların icra strukturlarının rəhbərləri, Təbliğat Qruplarının üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
BAMF ona göstərilən inamı doğrultdu və layihənin icrasını uğurla başa çatdırdı. Bu, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində BAMF-ın əldə etdiyi növbəti nailiyyətlərdən biri idi. Bu nailiyyət təşkilatın rəhbəri, layihənin direktoru Umud Mirzəyev başda olmaqla layihə heyətinin gərgin zəhməti sayəsində əldə olunmuşdu. Elə buna görə də UNİCEF region gənclərinin həyat və fəaliyyətində ciddi dönüş yaradan layihənin müddətini 2013-cü ilin aprel ayınadək uzatdı.
Qarşıda BAMF-ı davamlı uğurlar gözləyir!
Şəhla Urfanqızı
