<b>Həsənqaya kəndində məskunlaşmış ailələrə bayram sovqatı paylanıb</b><br /> <br /> Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə Tərtər rayonunda təmas xətti yaxınlığında yerləşən, Kəlbəcər rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Həsənqaya kəndində olub.<br />
Açıq havada təşkil olunan bayram şənliyində Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov, icra aparatının digər məsul işçiləri iştirak ediblər.
Fondun sədri Umud Rəhimoğlu bayram şənliyindəki çıxışında deyib ki, BAMF 20 ilə yaxındır ki, münaqişə bölgələrində də fəaliyyət göstərir və müharibədən zərər çəkən insanların problemlərinin həlli istiqamətində müntəzəm olaraq humanitar layihələr həyata keçirir: “Qaçqınların və məcburi köçkünlərin yaşadıqları çətin həyatın, məhrumiyyətlərlə dolu günlərin şahidi olmuşuq. Bayramı Həsənqaya kəndində keçirməyimiz də təsadüfi deyil, çünki biz müntəzəm olaraq burada olur, soydaşlarımızın problemləri ilə maraqlanırıq”.
Umud Rəhimoğlu Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibəti ilə mərasim iştirakçılarına rəhbərlik etdiyi təşkilatın adından xoş arzularını çatdırıb. Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vidadi Bəylərov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Bağırov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə məcburi köçkünləri təbrik edib. Onlar belə əziz gündə BAMF-in keçirdiyi humanitar aksiyanın alqışa layiq olduğunu vurğulayıb və kollektivə bu təşəbbüsünə görə öz təşəkkürlərini bildiriblər.
BAMF-ın kollektivi kənddə məskunlaşmış 33 ailənin hər birinə içərisində müxtəlif məişət əşyaları olan bayram sovqatı, uşaqlara isə yeni il hədiyyələri təqdim ediblər. Kəndin mərkəzində heyvan kəsilib və hər ailəyə 4 kiloqrama yaxın ət paylanıb. Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının reyestrinə daxil edilən BAMF həmin gün ABŞ-ın “Lutheran World Relief” Təşkilatı tərəfindən göndərilən və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ayırdığı və “Kounterpart” Beynəlxalq Humanitar təşkilatı tərəfindən verilən humanitar yardımı da məcburi köçkün ailələr arasında bölüşdürüb.
Qeyd edək ki, bir gün əvvəl BAMF Tərtər rayonunun Şıxarx, Qızıloba və Çaylı kəndlərində də humanitar yardım paylayıb. Yeni il ərəfəsində rayon üzrə bütövlükdə 350 ailəyə (1200 nəfərdən çox insan) bayram sovqatı verilib. Mərasim kəndin mərkəzində qurulmuş mağarda bayram şənliyi ilə başa çatıb.
BAMF-ın informasiya departamenti
