
2008-ci il iyunun 14-dən 17-dək Serbiyanın paytaxtı Belgrad şəhərində baş qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun (IPI – International Press Institute) ümumdünya qurultayı və 57-ci baş məclisi keçiriləcək. Tədbirdə əsasən Şərqi Avropa ölkələrinin timsalında yeni qonşuluq siyasəti, silahların susdurulması və barış yollarının aranması, yeni medianın ortaya çıxardığı imkan və təhlükələr, gəlir axtarışlarının medianın obyektivliyini şübhə altına salması, transmilli araşdırma jurnalistikası və Amerikalardan xəbər yayımı kimi məsələlər müzakirə ediləcək. Toplantı Serbiya parlamentinin binasında təntənəli açılış mərasimi ilə işinə başlayacaq. Burada Serbiya prezidenti Boris Tadiç əsas məruzə ilə çıxış edəcək.
Onu da qeyd edək ki, tədbirin davam etdiyi günlərdə regional görüşlərin keçirilməsi nəzərdə tutulur. Bu görüşlər sırasında Avropa və Asiyadan olan təmsilçilərin iştirak etdiyi toplantılar da olacaq. Əsasən qeyd olunan regionlara daxil olan ölkələrdəki medianın durumunun müzakirəsinə həsr edilən görüşlərdə vəziyyəti yaxşılaşdırmaq üçün atılması zəruri olan addımlar müəyyən ediləcək.
Tədbirlərdə BMİ üzvləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri və BMİ Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər H.Həsrət iştirak edəcək. Hər iki BAMF nümayəndəsinin toplantılarda iştirakdan başqa BMİ və tədbirlərə qatılan başqa qurumların nümayəndələri ilə ikitərəfli görüşləri də nəzərdə tutulur. Bu görüşlərdə həm də BMİ-nin növbəti qurultaylarından birinin Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılacaq.
Onu da əlavə edək ki, CASCFEN 2004-cü ildə BMİ-nin Azadlıq Forumu (Freedom Forum, ABŞ) ilə birlikdə təşkil etdiyi Azad Media Öncülü (Free Media Pioneer) mükafatına layiq görülüb.
