Xəbər verdiyimiz kimi bu günlərdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) nümayəndələri – qurumun sədri, Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute – IPI) Serbiyanın paytaxtı Belgradda keçirilən dünya qurultayı və 57-ci baş məclisində iştirak edirlər. Umud Rəhimoğludan aldığımız xəbərə görə iyunun 14-də keçirilən qeyri-rəsmi görüşlərdə Azərbaycandan gedən nümayəndələr bir sıra ölkələrdən olan təmsilçilərlə ikitərəfli müzakirələr aparıblar. Müzakirələrdə Azərbaycanda və başqa ölkələrdə mətbuat azadlığı məsələləri ilə bərabər ölkəmizdəki müsbət meyllər barədə də söhbət açılıb. Xüsusi olaraq vurğulanıb ki, beynəlxalq qurumların Azərbaycana diqqəti artırılmalı, ölkədə baş verən proseslərə daha diqqətlə yanaşılmalıdır. Görüşlərdə həmçinin BMİ-nin növbəti qurultaylarından birinin – dəqiq olaraq 2010-cu ildə keçiriləcək qurultayının Bakıda təşkili barədə müzakirələr aparılıb. Müxtəlif ölkələri təmsil edən nümayəndələrə bu toplantının Bakıda keçirilməsinin faydalı ola biləcəyi barədə əsaslandırılmış məlumat verilib.
Onu da qeyd edək ki, bu görüşlər əsasən BMİ-nin rəsmiləri – qurumun keçmiş icraçı direktoru Yohan Frits (Johann Fritz), hazırkı icraçı direktoru Devid Dəc (David Dadge), eləcə də institutun Vyanadakı baş qərargahında çalışan digər təmsilçilərlə keçirilib. Bundan başqa Türkiyə, Rusiya, ABŞ və s. ölkələrdən gəlmiş nümayəndələrlə fikir mübadiləsi aparılıb.
Qurultayın rəsmi açılışı iyunun 15-də Serbiya Milli Məclisinin binasında keçirilib. Burada ölkənin prezidenti Boris Tadiç əsas məruzə ilə çıxış edib. Öz çıxışını daha çox Serbiya və Balkanlardakı münaqişələrə həsr edən prezident dəfələrlə qonşu ölkələrdən üzr istədiklərini vurğulayıb. Daha çox konstruktiv tonda danışan prezident regionda sülh və anlaşmanın tərəfdarı olduğunu bildirib.
Rəsmi açılış tədbiri başa çatdıqdan sonra da qurultay nümayəndələri ilə fikir mübadiləsi aparan Boris Tadiç Ermənistan-Azərbaycan münaqişəsi də daxil olmaqla keçmiş SSRİ ərazisindəki münaqişələr məsələsinə toxunub. Azərbaycan nümayəndəsinin sualına cavab olaraq o, bildirib ki, “bizi ən yaxşı siz başa düşə bilərsiniz”.
Günün ikinci yarısında toplantı Belgraddakı “Sava” Mərkəzində davam edib. Burada münaqişə edən tərəflər arasında qarşılıqlı anlaşma və sülhə nail olma yolları haqqında fikirlər səsləndirilib. Azərbaycanlı nümayəndələr çıxışçılara sülh müqaviləsinə nail olmanın yolları ilə bağlı sual ünvanlamaqla bərabər Ermənistan-Azərbaycan, həmçinin Gürcüstan ərazisindəki münaqişələr haqqında bilgi veriblər.
İyunun 16-da qurultay öz işinə başlamazdan öncə BMİ milli komitələrinin toplantısı keçirilib. Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu və Azər Həsrət toplantıda iştirak edərək bir sıra təkliflər irəli sürüblər.
Qurultay işinə davam edir.
