Bu il 3-5 iyun tarixində Belçikanın paytaxtı Brüssel şəhərində Qaçqınlar və Sürgündə Olanlar üzrə Avropa Şurasının (ECRE – European Council on Refugees and Exiles) növbəti yarımillik toplantısı keçirilib. “Avropanın ürəyində” devizi altında keçirilən üç günlük tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Azər Həsrət də iştirak edib.
Tədbirin ilk günündə Avropa Birliyinə (AB) Fransanın başçılıq etməsi – iddialar və gerçəklər, AB-nin indiki və gələcək inkişaf məsələləri, ECRE-nin baş qərargahının Londondan Brüsselə köçürülməsi və yeni işçilərin təqdimatı müzakirə edilib.
Növbəti gün müzakirə edilən məsələlər isə üzvlük və informasiya siyasəti, həmçinin qruplarda iş barədə olub. BAMF nümayəndəsi şəbəkə halında fəaliyyətin inkişaf etdirilməsi və qaçqınların yenidən yerləşdirilməsi məsələlərinə aid qruplardakı müzakirələrdə iştirak edib. Birinci qrupdakı müzakirələr zamanı BAMF nümayəndəsi təmsil etdiyi qurumun şəbəkələşmə üzrə təcrübəsindən danışaraq ECRE-yə bu işdə yardımçı ola biləcəklərini qeyd edib. İkinci qrupdakı müzakirələr zamanı isə Azərbaycanda qaçqınlar və məcburi köçkünlər məsələsinə toxunan təmsilçi Avropa qurumlarının bu məsələdə daha diqqətli olmasına zərurətin varlığını vurğulayıb. Həmin günün sonunda “Girişə açıq (olmayan) Avropa” mövzusunda iki saatlıq tədbir keçirilib ki, burada da Belçikanın sığınacaq və köçkünlərin işi üzrə federal naziri Anemi Törtlbum, Avropa Komissiyasının Ədliyyə, Azadlıq və Təhlükəsizlik Baş Direktorluğu Köçkünlər, Sığınacaq və Sərhəd məsələləri üzrə direktoru Jan-Lui de Bruve, ECRE baş katibi Byarte Vandvik və başqaları çıxış edib.
Çıxışlarda AB ölkələrinin qaçqın və məcburi sürgündə olanların yerləşdirilməsi üzrə siyasəti barədə söhbətlər edilib.
Tədbirin son günü də bir sıra plenar iclaslar keçirilib. BAMF nümayəndəsi “Qaçqınlar və iqlim dəyişmələri” mövzusunda tədbirə qatılıb. Sonda isə növbəti toplantının bu il 30-31 oktyabr tarixində Parisdə keçiriləcəyi elan edilib.
Onu da qeyd edək ki, BAMF nümayəndəsi fürsətdən istifadə edərək bir sıra ikitərəfli görüşlər də keçirib. Bu görüşlər zamanı Azərbaycanda qaçqınların durumu, ECRE ilə BAMF arasında əlaqələrin inkişaf məsələləri də müzakirə edilib. Bundan başqa ECRE-nin növbəti toplantılarında birinin BAMF-ın təşkilatçılığı ilə Bakıda keçirilməsi haqda müzakirələr aparılıb. BAMF nümayəndəsi ECRE baş katibi Byarte Vandvik, İcraiyyə Komitəsinin sədri Eduard Nazarski, həmçinin bir sıra ölkələrdən olan nümayəndələrlə 20-dək ikitərəfli danışıqlar aparıb.
