BAMF öldürülən jurnalistlər haqqında kitab hazırlayacaq

16.09.2008 · 1209 baxış

BAMF, Bakı, 15/09/2008 – Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanın öldürülən jurnalistləri haqqında kitab hazırlayacaq. Bu barədə fondun rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, belə bir ideya çoxdan olsa da, bunu indi reallaşdırmaq qərarına gəliblər.
“Özü də bu, fondun birinci işi deyil”, – deyə U.Rəhimoğlu bildirib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycanın öldürülən jurnalistlərinin ruhuna ehtiram əlaməti olaraq onlar haqqında kitab hazırlamağa başlayıb. Düşünürəm ki, bu işin öhdəsindən layiqincə gələcəyik. Çünki bizim bu sahədə böyük təcrübəmiz var. Fond təsisçisi olduğu “Avrasiya press” nəşriyyatında bu günə qədər həm dövlət, həm də digər sifarişlər əsasında yüzdən artıq kitab hazırlayıb.” BAMF kitabın hazırlanmasında öldürülən jurnalistlərin yaxınlarının və qələm dostlarının imkanlarından da istifadə etməyi planlaşdırır.
Onu da əlavə edək ki, öldürülən jurnalistlər haqqında toplunun buraxılması ilk olaraq 2004-cü ildə Azərbaycan Jurnalistlər Konfederasiyası tərəfindən qərarlaşdırılmışdı. Lakin sonradan bu qurumun fəaliyyətində yaranan fasilə ideyanın gerçəkləşməsinə mane olmuşdu.
Xatırladaq ki, BAMF bu yaxınlarda mina qurbanlarının həyatından bəhs edən “Bu onların taleyidir” adlı kitab, jurnalistlər üçün isə media-soraqça da hazırlayaraq nəşr etdirib.
Qeyd: 1991-2005-ci illər arasında Azərbaycanda 13 yerli (Alı Mustafayev, Osman Mirzəyev, Arif Hüseynzadə, Fəxrəddin Şahbazov, Salatın Əsgərova, Çingiz Mustafayev, Kazımağa Kərimov, Adil Bünyadov, Fərhad Kərimov, Telman Dibirov, İbrahim Niyazlı, Elmar Hüseynov, Alim Kazımlı.), iki xarici jurnalist öldürülüb (“Milostivıye gosudari” qəzetinin (Perm, Rusiya) redaktoru Valeriy Dementyev və “Mayak” radiosunun (Rusiya) müxbiri Leonid Lazareviç). Öldürülən jurnalistlərimiz haqqında daha geniş bilgi üçün, lütfən, http://www.iepf-ngo.org/?page_id=76 səhifəsini ziyarət edin.
BAMF xəbər xidməti

(c) 2018. IEPF