Bu gün Mətbuat Şurasının yeni seçilən İdarə Heyəti ilk iclasında şura sədrinin iki müavinini seçib. Şuranın sədri Əflatun Amaşovun təqdimatıyla jurnalistlərin nümayəndəsi kimi Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, ictimaiyyət nümayəndəsi kimi Müşfiq Ələsgərli onun müavinləri olublar. M.Ələsgərli yekdilliklə seçilsə də, APA-nın direktoru Vüsalə Mahirqızı U.Rəhimoğlunun səsverməsində bitərəf qalıb.
Mətbuat Şurasının komissiyaları da formalaşdırılıb və onların rəhbərləri seçilib «Media forum»un məlumatına görə, «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev iqtisadiyyat, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla təhsil, «Azərbaycan» qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov dil, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli sosial, BAMF sədri Umud Rəhimoğlu regional, «Azərmətbuatyayımı»nın rəhbəri Vüqar Səfərli isə daimi məsələlər üzrə komissiyaların sədri seçilib.
İclasda Mətbuat Şurasının şikayətlər üzrə komissiyasının 6 nəfərlik tərkibi də müəyyənləşdiriliib. Şuranın sədr müavini kimi komissiyaya Umud Rəhimoğlu rəhbərlik edəcək. Komissiyanın üzvləri isə Bəxtiyar Sadıqov, Vüsalə Mahirqızı, Tapdıq Abbas, Cəmil Həsənli, Hacı Sabir Həsənli, Kamal Abdulladır. İclasda qərara alınıb ki, rotasiya qaydasında dəyişiklik nəticəsində hər il bir nəfər həmin komissiyaya sədrlik edəcək.
Azərbaycan Jurnalistlərinin V Qurultayında formalaşdırılan Mətbuat Şurasının Nəzarət Təftiş Komissiyasının iclasında Mübariz Zeynallı komissiyanın sədri seçilib.
«Media forum»
