Artıq üç gündür ki, Beynəlxalq Mətbuat İnstitutunun (International Press Institute – IPI) Serbiya paytaxtı Belgradda keçirilən dünya qurultayı və 57-ci baş məclisində iştirak edən BAMF nümayəndələri – qurumun sədri, BMİ Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlu və Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətin tədbirlər çərçivəsində görüşləri davam edir. Belə görüşlərdən biri də iyunun 16-da qeyri-rəsmi şəraitdə Serbiya şahzadəsi Aleksandr və onun xanımı Katarina ilə olub. Qurultay nümayəndələrini nahara dəvət edən şahzadə qeyri-rəsmi söhbətlər zamanı qonaqlarla fikir mübadiləsi aparıb.
Azərbaycandan olan nümayəndələrlə ayrıca söhbət zamanı şahzadə ölkəmiz və insanlarımız haqqında xoş sözlər söyləyib. Umud Rəhimoğlunun BAMF-ın fəaliyyəti, xüsusən də humanitar istiqamətli işləri haqqında verdiyi bilgilər şahzadənin marağına səbəb olub və o, belə bir qurumla əlaqələrin qurulmasında maraqlı ola biləcəklərini qeyd edib.
Məhz buna görə də Serbiya şahzadəsi ictimai əlaqələr üzrə məsul şəxsi Katarina Yakovleviçə (şahzadənin xanımı deyil) BAMF-la əlaqələr qurmağı tapşırıb.
Bundan sonra şahzadənin xanımı Katarina ilə görüşən BAMF təmsilçiləri onun humanitar istiqamətli fəaliyyətləri haqqında bilgi alıb. Xanım Katarina da öz növbəsində BAMF-ın fəaliyyətinə maraq göstərib və bu qurumla iş birliyində maraqlı ola biləcəklərini deyib.
Onu da qeyd edək ki, şahzadə və xanımı qonaqları öz malikanələrində gəzintiyə dəvət edib. Qonaqlar da öz növbəsində böyük maraqla malikanə ilə tanış olaraq çəkilişlər aparıb, bələdçilərin fikirlərini dinləyiblər.
Sonda şahzadə və xanımı qonaqları bir daha Serbiyaya gəlməyə dəvət edib.
