Beynəlxalq Avrasiya Mətbuat Fondu region gəncləri arasında təlimlərə başladı

22.06.2012 · 1680 baxış

<b>Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) UNİCEF-in dəstəyi ilə həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi çərçivəsində gənclər arasında təlimlərə başlayıb. Təlimlər müharibədən zərər çəkən və işğaldan azad olunan, həmçinin müharibənin təsirinə məruz qalan 7 rayonun (Ağdam, Tərtər, Goranboy, Ağcabədi, Beyləqan, Bərdə və Yevlax) fəal gəncləri arasından könüllülük əsasında seçilib yaradılmış təbliğat qruplarının (TQ) üzvlərinə keçilib. </b>

BMT-nin Uşaq Hüquqları Konvensiyasının öyrənilməsinə və sağlam həyat tərzinə həsr edilmiş təlimlər UNİCEF-in əməkdaşları Natiq Umarov, Munir Məmmədzadə və Zaur Nağıyev tərəfindən ilkin olaraq Beyləqan və Ağcabədi rayonlarında aparılıb. Təlimlərdə hər iki rayondan 40 nəfərə yaxın yeniyetmə və gənc iştirak edib. İştirakçılar Azərbaycan Respublikası tərəfindən 2012-ci ildə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinə təqdim edilmiş hesabatlara dair yekun müşahidələrlə tanış olublar, Uşaq Hüquqları Konvensiyasının ayrı-ayrı müddəalarının müzakirəsinə qoşulublar. Təlimlərdə gənclərə həmçinin sağlam həyat tərzinin kompanentləri haqqında ətraflı məlumat verilib, iştirakçıların rəy və təklifləri öyrənilib, regionda gəncləri narahat edən məsələlər barədə onların özlərinin təqdimatı aparılıb.

Xatırladırıq ki, BAMF UNİCEF-in dəstəyi ilə “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin icrasına 2011-ci ilin oktyabr ayından başlayıb və qarşıya qoyulan əsas məqsəd 6 strateji istiqamət üzrə (narkotikadan istifadənin, erkən evliliyin qarşısının alınması, sağlam həyat tərzinin təbliği, ətraf mühitin mühafizəsi, ölkənin sosial-iqtisadi inkişafında gənclərin iştirakı, həssas qruplardan olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası) gəncləri təlimləndirməklə onları özlərinə aid olan məsələlərin həllində iştirak etməyə həvəsləndirməkdən, diqqətlərini onları narahat edən çətinliklərin həllinə yönəltməkdən, fəallıqlarını artırmaqla öz icmalarında müsbət dəyişikliklərə təşviq etməkdən ibarətdir.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF