Deyvid Dədc: “Beynəlxalq Mətbuat İnstitutunun 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsi mümkündür”
Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) sədri Ceyn Virkkunen, qurumun direktoru Deyvid Dədc BMİ-nin Azərbaycan Milli Komitəsinin və Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə mayın 10-dan Azərbaycana işgüzar səfərə gəliblər.
Mayın 11-də Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) gələn C.Virkkunen və D.Dədc BAMF-ın əməkdaşları, BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri “Demokratik Jurnalistlər Liqası” nın sədri Yadigar Məmmədli, “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi”nin (CASCFEN) rəhbəri Azər Həsrətlə görüşüblər. Görüşdə çıxış edən D.Dədc BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin mümkünlüyünü deyib: “Biz bu tədbirin Azərbaycanda keçirilməsini istəyirik. Amma son qərarı BMİ-nin İdarə Heyəti verir. Biz bu tədbirin Bakıda keçirilməsi üçün İdarə Heyətini inandırmalıyıq ki, bəzi problemlərlə yanaşı, mətbuat azadlığı istiqamətində Azərbaycanda müəyyən irəliləyişlər də var”.
BAMF-ın sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu tədbirin Azərbaycanda keçirilməsinin vacibliyindən danışdı: “Hələ 2006-cı ildə biz bu tədbirin Azərbaycanda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdik. Eyni zamanda Azərbaycanın dövlət qurumları ilə də bu istiqamətdə danışıqlar aparırdıq. BMİ rəsmilərinin Azərbaycana olan bu səfəri də indiyəcən görülən işlərin davamıdır. Hesab edirik ki, biz istəyimizə çatacağıq, yaxın vaxtlarda tədbirin keçirilməsi ilə bağlı anlaşma memorandumunun da imzalanması gözlənilir. Bu tədbirdə dünya mediasının durumu, o cümlədən Azərbaycan mətbuatının uğurları və problemləri müzakirə olunacaq. Tədbir Azərbaycan mediasının inkişafına müsbət təkan verəcək. Bizim müxtəlif problemləri olan yüzlərlə jurnalistlərimiz var. Konqresin nəticələri onların da həyatlarında hiss olunmalıdır”.
Görüşdən sonra Şəhidlər Xiyabanında olan BMİ rəsmiləri 20 Yanvar, Qarabağ şəhidləri və şəhid jurnalistlərin məzarlarını ziyarət ediblər.
Günün birinci yarısında BMİ rəsmiləri həmçinin Azərbaycan Mətbuat Şurasında olublar. Onlar Mətbuat Şurasının sədri Əflatun Amaşov başda olmaqla qurumun idarə heyətinin üzvləri və bəzi qəzet rəhbərləri ilə birgə müzakirələr aparıblar. Ə.Amaşov qonaqlara Azərbaycan mediasının vəziyyəti barədə məlumat verib. O, BMİ-nin 2010-cu ildə nəzərdə tutulan Dünya Konqresinin və 59-cu Baş Assambleyasının Bakıda keçirilməsinin vacibliyindən danışıb.
Görüşdə iştirak edən C.Virkkunen və D.Dədc BMİ barədə, BMİ-nin Dünya Konqresi və Baş Assambleyası haqqında qısa məlumat verdilər. D.Dədc öz çıxışında bu tədbiri keçirməkdə əsas məqsədlərindən danışarkən bunları deyib: “Beynəlxalq Mətbuat İnstitutunun illik Dünya Konqresini və Baş Assambleyasını müxtəlif ölkələrdə keçirməkdə əsas məqsədimiz dünya jurnalistlərini bir araya gətirməkdir. Belə görüşlər zamanı həm də jurnalistlər arasında informasiya əlaqələri yaranır, genişlənir ki, bu da azad mətbuatın inkişafı üçün çox vacibdir”.
Hər iki qonaq Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirib.
BMİ rəsmiləri sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-Siyası şöbəsinin müdiri cənab Əli Həsənovla görüşüblər. Ə. Həsənov Azərbaycan hökumətinin belə tədbirlərə ev sahibliyi etməkdə maraqlı olduğunu qonaqların diqqətinə çatdırıb.
Bütün görüşlərdə qonaqları BAMF-ın sədri, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri U.Rəhimoğlu və BAMF-ın beynəlxalq məsləhətçisi Lütfül Kəbir müşayiət edib.
BAMF-ın İnformasiya
Departamenti
