07 dekabr 2006-cı ildə layihə çərçivəsində Tərtər rayonuna səfər etmiş Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları Didier Cooreman və Nailə Kərimova ilə minadan zərər çəkmiş şəxslərin görüşü olmuşdur. Görüşün əsas məqsədi Tərtər rayonunda yaşayan mina qurbanlarının protezlərin dəyişdirilməsi və təmiri imkanları, bu sahədə mövcud problemlər, onların həlli yolları, gələcək əməkdaşlıq barəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin minadan zərər çəkmiş şəxslərə ortopedik yardım göstərən əməkdaşları ilə fikir mübadələsi aparmaqdan ibarət olmuşdur.
Tədbir iştirakçılarına amputasiya olunmuş mina qurbanlarının ortopedik xidmətlərə tələbatı, protezlərin dəyişdirilməsi və təmiri zamanı qarşılaşdıqları problemlər barədə məlumat verilməklə yanaşı qarşılıqlı fikir mübadiləsi aparılmış, sual doğuran məsələlərə aydınlıq gətirilmişdir.
2007-ci ilin aprel ayında BAMF-ın «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməkdaşları ilə birgə növbəti iclası olmuşdur. Azərbaycan Respublikası Protez-Ortopedik Bərpa Mərkəzində (POBM) keçirilən tədbirdə minadan zərərçəkənlərin problemlərnin uğurlu həlli yolları, minadan zərərçəkənlərə göstərilən ortopedik xidmətlərin təkmilləşdirilməsi məsələləri müzakirə olunmuşdur. Birgə əməkdaşlığın davam etdirilməsi məqsədilə təmsil olunun qurumlardan ibarət İşçi Qrupun yaradılması qərara alınmışdır.
Tədbirdə POBM-nin, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, BAMF-ın, BQXK-nin, ANAMA-nın, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, LOTOS-un və «Ocaq» Humanitar Birliyinin nümayəndələri iştirak etmişlər.
May ayında BQXK-nin Bakı şəhərindəki ofisində BQXK-nin Rusiya Federasiyası, Gürcüstan və Azərbaycan Respublikaları üzrə Regional Ortopedik Proqramının rəhbəri Didie Rekin təşəbbüsü ilə İşçi Qrupun növbəti iclası keçirilmişdir. Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) da nümayəndəsinin iştirak etdiyi iclasda BQXK Regional Ortopedik Proqramı çərçivəsində gələcək əməkdaşlıq, mina qurbanlarının ortopedik xidmətlər sahəsində qarşılaşdıqları problemlərin həlli məqsədilə konkret təkliflərin hazırlanması və Azərbaycan Respublikası hökumətinə və digər müvafiq qurumlara təqdim olunması qərara alınmışdır.
