BMİ direktoru BAMF sədrini təbrik edib

17.07.2008 · 1305 baxış

Mərkəzi qərargahı Vyanada yerləşən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Devid Dəc (David Dadge) Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, BMİ Azərbaycan Milli Komitəsinin direktoru Umud Rəhimoğlunu Azərbaycan Mətbuat Şurası sədrinin müavini seçilməsi münasibətilə təbrik edib. Eyni zamanda MŞ sədrinin müavini seçilən daha bir BMİ üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərliyə də ünvanlanan təbrikdə BMİ direktoru bunu uğur kimi qiymətləndirir və hər iki şəxsin Azərbaycan mediasına verdiyi töhfələrin qarşılığı kimi dəyərləndirir: “Umud və Müşfiq, mən sizi yeni işinizlə bağlı ürəkdən təbrik edirəm. Elə hesab edirəm ki, bu, sizin Azərbaycanda mətbuat azadlığına verdiyiniz ciddi dəstəyin ictimai rəy tərəfindən qəbul edilməsinin bir göstəricisidir. İcazə verin onu da əlavə edim ki, sizin yeni vəzifəniz ölkənizdə həbsdə olan jurnalistlərin azadlığa buraxılması, həmçinin media qanunvericiliyində ciddi ehtiyac duyulan dəyişikliklərin baş tutmasında da gerçək imkanlar yaradacaq. Bir daha hər ikinizi ürəkdən təbrik edirəm.”
Onu da əlavə edək ki, BMİ-nin Azərbaycanla bağlı fəaliyyətləri 1999-cu ildən başlayıb və iki il sonra Azər Həsrətin başçılığı ilə qurumun Azərbaycan Milli Komitəsi qurulub. 2005-ci ilədək Komitəyə Azər Həsrət başçılıq edib və onun istefasından sonra Umud Rəhimoğlu bu vəzifəni icra edir. BMİ-nin Azərbaycanda altı üzvü var və onlardan ikisinin MŞ sədrinin müavini seçilməsi bu nüfuzlu beynəlxalq qurum tərəfindən ciddi uğur kimi qarşılanır.

(c) 2018. IEPF