BMİ-nin Azərbaycan Milli Komitəsi onlayn toplantı keçirdi

19.03.2012 · 1040 baxış

<b>Beynəlxalq Mətbuat İnstitutu Azərbaycan Milli Komitəsi qurumun Vyanadakı baş qərargahıyla birlikdə onlayn müzakirə keçirib. Əsas mövzusu bu ilin ikinci yarısında Azərbaycanda keçirilməsi nəzərdə tutulan tədbirlə bağlı hazırlıqlar olan müzakirədə Azərbaycan tərəfdən BMİ milli komitəsinin direktoru Umud Rəhimoğlu, BMİ-nin üzvü və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaş, BMİ-nin daha bir üzvü Azər Həsrət və qurumun koordinatoru Nik Nvolisa, Vyana qərargahından isə BMİ-nin konfrans və tədbirlər üzrə müdirləri Maykl Kudlak və Milisa Miletiç iştirak edib.<br /> </b>

Müzakirələr zamanı “Azadlıq” Radiosu Azərbaycan bürosunun əməkdaşı, tanınmış jurnalist Xədicə İsmayılla bağlı şantaj xarakterli hərəkətlərə də toxunulub və BMİ adından ona dəstək məktubu göndərilməsi zərurəti bir daha vurğulanıb. Baş qərargahın təlimatıyla bu işi BMİ Azərbaycan Milli Komitəsinin gerçəkləşdirməsi üçün səlahiyyət verildiyi bildirilib.

Toplantıda Azərbaycan mediasının, həmçinin Orta Asiya jurnalistikasının məsələləri ətrafında da söhbət aparılıb. Umud Rəhimoğlu bildirib ki, artıq BMİ-nin Qazaxıstanda milli komitəsinin qurulması üçün hazırlıqlar başlayıb və bu ilin aprelində özünün Azər Həsrətlə birlikdə Astanaya səfəri zamanı bu məsələ öz həllini tapacaq.

Müzakirə zamanı qərara alınıb ki, martın sonunda qurumun direktoru Alison Betel Makkenzinin də qatılımıyla növbəti onlayn toplantı keçirilsin.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF