BMT-nin BAŞ KATİBİ BAN Kİ MUNUN ÜMUMDÜNYA ƏTRAF MÜHİT GÜNÜ İLƏ BAĞLI MÜRACİƏTİ

31.05.2010 · 1402 baxış

Bioloji müxtəliflik - yerdəki həyatın mövcudluğumuzu təmin edən inanılmaz müxtəlifliyi təhlükədədir. Heyvan və bitki növlərinin nəsli əvvəllər görünməmiş sürətlə kəsilir. Növlərin çoxunun nəslinin kəsilməsi su resurslarının çirklənməsi və tükənməsinə, yaşayış mühitinin vəziyyətinin dəyişdirilməsi və pisləşməsinə və qlobal iqlimin dəyişməsinə gətirib çıxaran insan fəaliyyəti ilə əlaqədardır. Qurbağalardan qorillalara, nəhəng bitkilərdən kiçik həşəratlara qədər minlərlə heyvan və bitki növü təhlükədədir.

Bu ilki Ümumdünya Ətraf Mühit Gününün mövzusu – “Növlərin çoxluğu. Bir planet. Bir gələcək” Beynəlxalq Bioloji Müxtəliflik İlinin heyvan və bitki növlərinin nəslinin kütləvi kəsilməsini dayandırmaq və planetimizin torpaqları, meşələri, okeanları, mərcan rifləri və dağlarında yaşayan milyonlarla heyvan və bitki növünün həyati əhəmiyyəti barədə məlumatlılığı artırmaq çağırışı ilə səsləşir. Sağlamlığımız, rifahımız və etibarlı gələcəyimiz ekoloji sistemlərin və həyatın bu mürəkkəb, incə şəbəkəsindən asılıdır.

2010-cu ildə Ümumdünya Ətraf Mühit Gününün qeyd olunması ilə əlaqədar tədbirlərin qlobal mərkəzi Ruandadır. Afrikada Böyük göllər rayonunda yerləşən bu kiçik ölkə ətraf mühitin qorunması məsələlərində öncüllüyü sürətlə qazanmaqdadır. Məhv olma təhlükəsi altında olan 52 heyvan və bitki növünün, o cümlədən dağ qorillası kimi nadir növün olduğu Ruanda ekoloji dayanıqlılıq məsələlərinin ölkənin iqtisadi inkişafı üzrə bütün fəaliyyət istiqamətlərinə necə daxil ola biləcəyini nümayiş edir. Yoxsulluq və torpaq ehtiyatlarının vəziyyətinin pisləşməsi daxil olmaqla bir çox problemlərinin olmasına baxmayaraq, “minlərlə təpələr ölkəsi” meşələrin bərpası, yenilənə bilən enerji ehtiyatlarını əldə etmək, davamlı kənd təsərrüfatını qurmaq və gələcəyin ekoloji görünüşünü hazırlamaq üçün çalışır.

Bu il Kiqali milyonlarla heyvan və bitki növünün olduğu planetimizə, Yerdəki həyatın qarşılıqlı əlaqələrin saysız-hesabsız təzahürlərinə həsr olunmuş qlobal, müxtəlif mədəniyyətlərə aid, müxtəlif nəsilləri əhatə edən tədbirin mərkəzində olacaq. Ümumdünya Ətraf Mühit Günündə hər kəsə – Kiqalidən Kanberraya, Kuala-Lumpurdan Kitoya qədər – narahatlığımızı nümayiş etdirməyə yardım etmələri üçün müraciət edirəm. Fəal olun, öz fikrinizi bildirin. Öyrənin və başqalarını öyrədin. Liderlik nümayiş etdirin və planetimizin ətraf mühitinin vəziyyətini yaxşılaşdırmağa kömək edin. Yerdə həyat mənbəyi olan təbiətlə yaxınlığınızı bərpa edin. Birgə cəhdlərlə bioloji müxtəliflik üzrə yeni konsepsiya – “Növlərin çoxluğu. Bir planet. Bir gələcək” reallaşdıra bilərik.

(c) 2018. IEPF