Noyabrın 6-da braziliyalı operator Qelson Dominqos Rio de Janeyroda polislərin narkomaniyaya qarşı əməliyyatını lentə alarkən sinəsi gülləyə tuş gəlmişdir. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. BMİ-nin baş ofisindən Azərbaycan Milli Komitəsinə daxil olan məlumatda jurnalistin əynində güllə keçirməyən gödəkçənin olmasına baxmayaraq o, xəstəxanaya aparılarkən yolda həlak olduğu bildirilib.
Q.Dominqos “Bandeyrantes” telekanalında çalışırdı və 46 yaşı var idi. O, kriminal səhnələr üzrə təcrübəli fotoqraf idi. Çəkdiyi videolentdən belə aydın olur ki, operator atəşə tutulan polisin arxasında gizlənməyə çalışır və sonra kamera yerə yıxılır.
U.Rəhimoğlu bildirib ki, BMİ-nin icraçı direktoru Alison Makenzi Q.Dominqosun ailəsinə və iş yoldaşlarına başsağlığı verib. Xanım A.Makkenzinin adından yayılan məlumatda deyilir: “Braziliyadakı KİV-lərin əməkdaşları cəmiyyəti işıqlandırmağı öhtəliklərinə götürdüklərinə görə tez-tez atəşə məruz qalırlar. Amma media təşkilatları və hökumət orqanları onların təhlükəsizliyini təmin etməlidir”.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti
