<b>Umud Rəhimoğlu: “Diffamasiya haqqında qanunun qəbulu cəmiyyətə böyük fayda verəcək”</b><br /> <br /> Xəbər verildiyi kimi, mayın 11-də Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə qanunvericilik islahatları vasitəsilə “Diffamasiyanın dekriminallaşdırılması” mövzusunda konfrans keçirilib. Tədbirdə Azərbaycan rəsmiləri, ATƏT-in Bakı ofisinin rəhbəri, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç və Azərbaycanın bütün təbəqələrini əhatə edən media təmsilçiləri iştirak edib.<br /> <br />
Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, konfransda əsasən Azərbaycan media mənsubları və bütövlükdə cəmiyyət üçün fayda verə biləcək Diffamasiya haqqında qanunun geniş müzakirə olunub: “Neçə müddətdir ki, Azərbaycan Mətbuat Şurası Diffamasiya haqqında qanunla bağlı geniş müzakirələr aparır. Bununla bağlı Mətbuat Şurası həm yerli, həm də beynəlxalq qurumların iştirakı ilə xeyli tədbirlər keçiribdir. Yeri gəlmişkən, elə bir gün öncə ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycan Mətbuat Şurasında oldu. Biz bu məsələni orada da ətraflı müzakirə etdik. Düşünürəm ki, bugünkü konfransda da çox faydalı müzakirələr oldu”.
U.Rəhimoğlu hələ bu il fevral ayında Beynəlxalq Mətbuat İnstitutunun ölkəmizə səfər edən rəhbəri Alison Makenzinin də bu məsələyə diqqət göstərdiyini deyib: “Azərbaycana səfər zamanı Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri xanım Alison həm hökumət rəsmiləri, həm də media nümayəndələri ilə keçirdiyi bütün görüşlərdə Diffamasiya haqqında qanunun müzakirəsinə xüsusi diqqət ayırdı”.
Bu gün keçirilən konfransın böyük əhəmiyyət daşıdığını deyən, U.Rəhimoğlu Diffamasiya haqqında qanunun qəbulundan ölkə mediasının, bütövlükdə isə Azərbaycan cəmiyyətinin böyük fayda görəcəyini vurğulayıb. Həmsöhbətimiz sözügedən qanunla bağlı müzakirələrdə Azərbaycan hakimiyyətinin rəsmilərinin də aktiv fəaliyyət göstərdiyini deyib.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
İnformasiya departamenti
