Müəllif: Bahar Rüstəmli, “Reytinq” qəzeti, iyun 2008
Mina qurbanlarının probleminin həlli üçün Qarabağ münaqişəsinin nizamlanmasını gözləmək lazım deyil
Hər il yerüstü mina və partlayıcı müharibə qalıqlarının işə düşməsi nəticəsində 15.000 adam həlak olur, yüzlərlə insan şikəst olur. Ottava Konvesiyasına əsasən, bu günüdək dünyada 40 milyona yaxın piyada əleyhinə mina ehtiyatı məhv edilib. Piyadalar əleyhinə minaların istehsalı, satışı və ötürülməsi demək olar ki, dayanıb. Bundan başqa, Əlillərin Hüquqları barədə Konvensiya (insan haqları barədə bu vaxta qədər ən qısa zamanda müzakirə olunmuş beynəlxalq sənəd) 30 mart 2007-ci ildə imzalanmaq üçün açıq elan olunub. Bu konvensiyanın məqsədi sağlamlıq imkanlarında məhdudiyyətlərə baxmayaraq, hər kəsin insan haqlarını təmin etməkdir.
Hazırda Azərbaycanda 1953 nəfər minalardan zərər çəkmiş şəxsin fiziki və ictimai reabilitasiyaya ehtiyacı var. Bu, Azərbaycan Ərazilərini Minalardan Təmizləməsi üzrə Milli Agentliyinin (ANAMA) məlumatıdır. Sözügedən zərərdidələrə yardım göstərmək üçün Agentlik BMT-nin İnkişaf Proqramı ilə birgə layihə həyata keçirir.
II qrup əlil olan Məmmədhəsən Həsənov minadan zərərçəkmişlərdən biridir. O, 1971-ci ildə Füzuli rayonun Divanlılar kəndində anadan olub və Qarabağ müharibəsi başlayanda, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib. M.Həsənov Milli Ordunun ilk batalyonlarından birində Fizuli, Xocavənd və s. ərazilərdə döyüşüb. “1993-cü il martın 8-dən 9-a keçən gecə həyatımın qaraldığı, əzablarımın başlandığı gün oldu. Bəlkə də heç yuxuda da görə bilməzdim ki, sağlamlığımı elə doğulub boya-başa çatdığım ata yurdumda – Divanlılarda itirəcəyəm. Amma nə yazıq ki, məhz belə oldu. Tərslikdən həmin günü dayım da mənimlə idi. Yanımızda tanımadığım üçüncü bir nəfər də vardı. Maşınla yol gedirdik. Qəfildən ayaqlarım yerdən qaçdı, özümü tamam başqa bir dünyada hiss etdim. Hər yan gözümdə qarldı. Gözümü açanda özümü Füzuli rayonunun mərkəzi hospitalında gördüm. Gördüm ki, dayım yanımda yoxdur. Intuitive başa düşdüm ki, o artıq həyatda deyil. Həqiqətən mina dayımı elə həmin günü ölümün ağuşuna atmışdı. Üçüncü şəxsin isə qıçları üzülmüşdü. Həmin an nəyin və necə baş verdiyini anlamamışdım. Amma sonra minaya düşdüyümü başa düşdüm.
Mən xeyli qan itirmişdim. Amma ürəyimdə ümüd çırağı yanırdı. Həkimlərin biri dedi ki, məni təcili olaraq Bakıya aparmalıdırlar. Məni Bakıya vertalyotla gətirdilər. Ekspermental xəstəxanada məlum oldu ki, mina arteriya damarlarımı tamamilə yox edib. Həkimlər dedi ki, təcili olaraq əməliyyat olunmalıyam. Əməliyyat otağına apardılar. Sən demə hər şey mənasızmış. Əməliyyatdan sonra ayağım işləmədi. Xaricə getmək, orada əməliyyat olunmuq üçün xüsusi rəy lazım idi. Ancaq həkimlər buna razılıq vermədi. Əməlliyyatdan azca sonra təzədən ayaq barmağımın birini kəsdilər. Onun ardınca yenidən əməliyyat olundum. Ağrılarım mənə rahatlıq vermirdi. Tamam cana doymuşdum. Dedim ki, daha bəsdur, birdəfəlik bu ayağı kəsin. Nəhayət, 9 ildən sonra son dəfə əməliyyat olundum və ayağımı pəncə hissədən kəsdilər”.
M.Həsənovun acı hekayəti bununla bitmir. “Düşündüm ki, ayağımın kəsilməsi ilə hər şey bitdi. Amma yanılmışdım. Bir iztirablar mənə rahatlıq vermirdi – protez. Hər an bilirsən ki, bu ayaq sənin deyil. Bəzən bu dəmir ayaqları da almaq bizə baha başa gəlir. Protez isə müəyyən müddətdən sonra hökmən dəyişilməlidir. Bir il iki ay Türkiyədə hazırlanmış protezlə gəzdim. Yox, buna yaşamaq demək olmazdı!..”
2004-cü ildə Azərbaycanda ieynəlxalq mina əlehinə kampaniya işə başlayanda M.Həsənov da bu hərəkata qoşulub. Kampaniya zamanı sorğu aparılıb, sorğunun nəticələrinə əsasən 800 nəfər mina qurbanı aşkarlanıb. Bu siyahıya ilk olaraq ANAMA etiraz edib. “2004-cü ildə mən Cenevreyə getdim. Orada minadan əziyyət çəkənlərin iştirakı ilə konfrans keçirilirdi. Konfransda bir çox məsələlərə yanaşı, minaların zərərləşdirilməsi, minalar əleyhinə və əlillərlə işləmək problemləri də müzakirə edildi və nizamnaməyə salındı. Elə həmin il mən minadan zərərçəkənlərin qurumunu yaratmaq təşəbbüsü ilə çıxış etdim. Lakin Ədliyyə Nazirliyi yaratydığım təşkilatı qeydiyyata uzun müddət qeydə almırdılar. Nazirlik rəsmiləri cürbəcür bəhanələr gətirirdi. Axırda təşkilat “Mina Qurbanlarının sosial və iqdisadi problemlərinin həllinə kömək” İctimai Birliyi kimi qeydə alındı. Nizamnadə göstərilir ki, Birlik olaraq məqsədimiz minadan əziyyət çəkənlərin problemlərini cəmiyyətin gündəminə gətirməkdir. Çünki bu insanlar cəmiyyətdən təcrid olunublar, onlara qarşı ümumi biganəlik var”.
M.Həsənov ANAMA ilə sıx əməkdaşlıq arzusundadır. Lakin “Mina Qurbanlarının sosial və iqdisadi problemlərinin həllinə kömək” İctimai Birliyi kimi, qeyri-hökumət təşkilatı olan ANAMA təklikdə fəaliyyət göstərməyə üstünlük verir. Sözügedən təşkilat mina təhlükəsi ilə mübarizə sahəsində bir sıra digər layihələrə də imza atıb. Bu layihələr də xarici donorlar hesabına gerçəkləşir və əməliyyatlara ayırılan vəsaitlərin həcmi ilbəil azalır. Halbuki, hesablamalara görə, dünyada 1 kvadrat metr sahənin təmizlənməsinə 1-3 ABŞ dolları lazımdır. ANAMA bu işi ən aşağı qiymətlə – 80 sentə həyata keçirir və bunu Dünya Bankının ekspertləri ölkə hökumətinə təqdim olunmuş sənəddə təsdiqləyirlər. 300 kvadrat metri (bu rəqəmin izahını bir qədər sonra biləcəksiniz) 80 sentə vurduqda $240 mln. dollar edir. Sözügedən məbləğ minalardan təmizləmə problemini 2 il ərzində həll etmək üçün lazım olan məbləğdir. ANAMA son 5 il ərzində təxminən $20 mln. vəsait xərcləyib. Hətta gərəkli məbləğin yarısını əldə etdiyi təqdirdə belə təşkilat bir il ərzində nə mütəxəssislər hazırlaya, nə avadanlıq gətirə, təbii ki, son nəticədə əraziləri minadan təmizləmək gücündə deyil.
ANAMA təmsilçilərinin sözlərinə görə, sözügedən əməliyyatların maliyyələşdirilməsində və texniki yardım göstərilməsində ABŞ-ın böyük iştirakı var. ABŞ hökuməti ANAMA-ya 2002-ci ildən bu günədək 15 milyon dollar vəsait ayırıb. Hazırda Azərbaycanda minaaxtaran mütəxəssislərin hazırlanması üçün Beynəlxalq Təlim Mərkəzinin yaradılması planlaşdırılır.
1992-93-cü illərdə aparılmış hərbi əməliyyatlar zamanı Dağlıq Qarabağ və ətraf bölgələr təşkilatın əsas diqqət məkanıdır. İşğaldan azad edilmiş ərazilərin bir hissəsi ABŞ-ın “Survey Action Center” şirkətinin ANAMA ilə birgə apardığı araşdırmalar 100 mln. kvadrat metr ərazi minaaxtaranların nəzarətindən keçib. İşğal altında olan ərazilərə gəlincə, təxmini hesablamalara görə (bu, Dünya Bankı ekspertlərinin rəyidir) bu rəqəm 350 mln. kvadrat metrdən 550 mln. kvadrat metr aralığındadır. Münaqişə başlanandan mina partlayışı nəticəsində xəsarət alanların statistikası isə bu cürdür: 353 nəfər həlak olub (298-i kişi, 9-u qadın, 46-sı uşaq). Bu, təxmini məlumatlardır.
Hazırda Azərbaycanda 305 milyon kvadratmetr sahədə mina təhlükəsi var. Bu günədək 60 milyon kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. “Partlamamış hərbi sursatların təmizlənməsi üzrə “Saloğlu layihəsi”nin üçüncü mərhələsinin cari ilin iyununda təsdiqlənməsi gözlənilir”. 900 min avro həcmində vəsaitin ayrılması ilə planlaşdırılan layihənin üçüncü mərhələsi 2 il 7 ay davam edəcək. Bu mərhələdə yerin dərin qatlarındakı partlamamış hərbi sursatlar təmizlənəcək.
Minalarla bağlı problemi qəlizləşdirən bir səbəb də öldürücü silahların böyük bir qisminin hələ sovet dönəmində basdırılmasıdır. Keçmiş sovet hərbi anbarlarının yerləşdiyi ərazilərdə hər gün 500-600 mərmi tapılaraq məhv edilir. Əslində bu işdə xeyli ləngimə var. Çünki son on ildə yerli əhali mərmiləri metal tullantıları kimi istifadə edib və bunun da nəticəsində 100-dən çox insan mərmi partlayışlarının qurbanı olub. Sovet ordusunun poliqonlarının olduğu Tovuz, Qazax, Gədəbəy və s. rayonlarda mövcud olmuş silah anbarlarının qara gölgəsi indi də yerli əhalini izləməkdədir. Bu mənada əsas problem Ağstafa rayonunun Saloğlu kəndi və ətraf ərazilərdədir. Hazırda minazərəsizləşdirənlərdən ibarət kiçik qruplar Füzuli, Ağcabədi, Tərtər və Ağdam rayonlarında da fəal iş görürlər.
ANAMA mütəxəssisləri əməliyyatlarlar zamanı beynəlxalq sənədlərdə istifadəsi qadağan olunmuş, ancaq Ermənistan silahlı qüvvələrinin tətbiq etdiyi mina sistemlərinə rast gəlməyiblər. “Human Rights Watch” təşkilatının silah bölməsinin baş eksperti Mark Hiznay isə işğal altında olan Dağlıq Qarabağda partlamamış kasetli silahların mövcud olduğu 162 ərazinin müəyyən edildiyini bildirir. “Nalo Trust” (Böyük Britaniya) qeyri-hökumət təşkilatına istinad edən ekspert bu hissəciklərin partlaması nəticəsində 9 nəfərin həlak olduğunu, 40 nəfərin isə xəsarət aldığını qeyd edir (Qeyri-rəsmi məlumatlara görə, 300-dən çox adam ölüb). M.Hiznay deyir ki, Dağlıq Qarabağda mina təmizlənməsi prosesi zamanı kasetli silahların 650 xırda hissəcikləri götürülüb. Lakin o, işğal olunmuş digər ərazilərində bu tip silahların olub-olmamasının dəqiqləşdirilmədiyini bildirir.
Ermənistandan fərqli olaraq, Azərbaycan mina istehsal etmir. Ölkəmizdən minaların nəqlinə də icazə verilmir. Piyada qoşunlara qarşı minaların qadağan olunmasına dair Ottava Konvensiyasına gəlincə, hazırda 153 dövlətin imzaladığı bu beynəlxalq sənədə müharibə vəziyyətində olan Azərbaycan hələlik ona qoşulmur. Bundan başqa, dünyanın 105 din xadiminin kasetli mərmilərin ləğvi ilə bağlı müraciəti ilə bağlı Osloda qəbul edilmiş bəyannamə əsasında kasetli silahların hazırlanmasına və yayılmasına qarşı siyasi sənəd hazırlanır. Sənəd 19-30 may aralığında Dublindəki (İrlandiya) beynəlxalq konfransda müzakirə ediləcək və 2008-ci ilin oktyabr ayında imzalanma üçün hökumətlərə təqdim ediləcək. Serbiyada müvafiq mövzuda beynəlxalq konfrans keçiriləcək və tədbirdə Azərbaycandan olan nümayəndələrin, rəsmilərin iştirakı gözlənilir. “Aydındır ki, piyadalar əleyhinə minaların istehsalının, nəql olunmasının və ticarətinin qadağan olunmasına dair Ottava Konvensiyasıyasına Azərbaycan tərəfi həll olunmamış münaqişə səbəbindən qoşula bilmir. Eyni zamanda, mina probleminin həlli üçün münaqişənin nizamlanmasını gözləmək də düz deyil. Beləliklə, bir yerdə dayanmaq deyil, addımbaaddım fəaliyyət göstərmək lazımdır”, – deyə “Human Rights Watch” təşkilatının silah bölməsinin baş eksperti Mark Hiznay mövzuya nöqtə qoyur.
