Döyüşlərdə minadan istifadə qadağandır

31.07.2008 · 1189 baxış

Müəllif: Elçin Məmmədli, “Təzadlar” qəzeti, 03 iyun 2008
Bəhmən Qurbanov: “Gizli və arxadan vurulan zərbə olduğu üçün minaya nifrət edirəm”
Müharibə! Bu sözü yer üzünün əşrəfi olan insanlar heç vaxt sevməyib. Axı özü ilə ölüm- itimlə dolu faciələr gətirən bu dəhşəti kim sevər ki?… Ancaq sevib-sevməməyindən asılı olmayaraq, insan ağlının, şüurunun tükəndiyi, nəfsinə “dur” – deyə bilmədiyi zamanda silahlar işə düşür və adına “müharibə” dediyimiz qorxunc bir savaş başlayır.
Təbii ki, həyatın hər sahəsində olduğu kimi bütün dünyada müharibənin yazılmış qanunları var ki, özünə hörmət qoyan dövlətlər buna əməl edirlər. Lakin bir vaxtlar, sığınacaq verib qayğısına qaldığımız və Sovet imperiyasının məkrli siyasəti sayəsində ərazilərimiz hesabına dövlət qurmuş bədnam qonşumuz Ermənistanın, ərazi iddiası ilə 1988-ci ildən bizə qarşı başladığı müharibədə heç bir qayda-qanuna riayət olunmadı. Bununla da ermənilərin ən vəhşi, ən qəddar, insan ağlına gələ bilməyən işgəncələrin müəllifləri kimi tarixə düşəcəyi şübhəsizdir.
Müharibədə kimyəvi və nüvə silahları ilə yanaşı, minaların da işlədilməsi beynəlxalq qanunlara görə qadağan olunub. Ancaq çox təəssüf ki, ermənilər bütün beynəlxalq qanunları tapdalayaraq Qarabağ müharibəsində minalardan geninə-boluna istifadə etmiş və minlərlə insan bu qorxunc silahdan ya dünyasını dəyişmiş, ya da ömürlük şikəst olmuşlar.
Belə qorxunc silahdan zərərçəkən insanlardan biri də Qurbanov Bəhmən Novruz oğludur.
B.Qurbanov 1966-cı ildə Qərbi Azərbaycanın – indiki Ermənistanın Amasiya rayonunun Əzizbəyov kəndində anadan olub. Bəhmənin, heç vaxt ağlına gəlməzdi ki, oturub-durduğu, qonşuluq və dostluq etdiyi insanlar (onlara insan demək olarmı?) nə vaxtsa onu ölümsaçan silahla ömürlük şikəst edəcəklər.
1988-ci ildə xain qonşularımız ermənilərin torpaq iddiası təzə-təzə ayaq açanda, hətta doğma ev-eşiyindən elə həmin ermənilər tərəfindən qovulmasına baxmayaraq, bir çoxları kimi Bəhmən də bu məsələnin tezliklə xeyrimizə həll olunacağını düşündüyündən, gələcək karyerası barədə planlar qururdu. Elə bu məqsədlə də 1991-ci ilin əvvəllərində Rusiyanın “LEA” şirkəti vasitəsilə Almaniyada işləmək üçün iki illik müqavilə imzalamışdı. Bu o vaxtlara təsadüf edirdi ki, ermənilərin Qarabağın ayrı-ayrı kəndlərində törətdikləri vəhşiliklərin miqyası getdikcə böyüyürdü. Belə bir məqamda erməni həyasızlığı Bəhmənin içini oynatdı. Baxmayaraq ki, Azərbaycanın bütün bölgələrindən, o cümlədən Ermənistandan olan minlərlə oğullar o vaxtlar ruslar tərəfindən təpədən-dırnağa qədər silahlanmış ermənilərin qarşısında mərdliklə dayanmışdılar. Ancaq Bəhmən artıq qəti qərara gələrək gələcək karyerasının üstündən bir xətt çəkdi və könüllü olaraq döyüşə getmək üçün 1991-ci ildə Qaradağ rayon Hərbi Komissarlığına müraciət etdi.
***
…B.Qurbanov tezliklə Milli Ordumuzun 701 saylı məşhur Şıxov adına ilk batalyonunun tərkibində döyüş taktikasına yiyələnməyə başlayır. 1991-ci ilin sentyabrında könüllülərdən ibarət olan Şıxov batalyonu Ağdama gəlir və orada Bəhmənin də sırasında olduğu bir taqım Şuşanın müdafiəsinə göndərilir. Həmin vaxtlarda ermənilər Kərkicahan kəndinə demək olar nəzarəti tam ələ almışdılar. Elə Bəhmənin ilk döyüşü də bu kəndi öz nəzarətimiz altına qaytarmaq uğrunda gedən savaşda olur.
İlk döyüş uğurlu alınır. Bəhmən və döyüş dostları erməniləri ağır itkilər verməyə məcbur edirlər və Kərkicahan Azərbaycan ordusunun tam nəzarəti altına keçir. Şuşada olduğu 2 ay müddətində B.Qurbanov bir çox belə uğurlu döyüş əməliyyatlarının iştirakçısı olur. Sonralar onun döyüş yolu Goranboydan, Tərtərdən keçir. 1992-ci ilin yanvarında B.Qurbanovun da olduğu könüllü döyüşçülər dəstəsi yenidən Ağdama gətirilir…
***
Şuşanın və Ağdamın Xankəndi ilə qonşu kəndlərində həmin vaxtlar amansız döyüşlər gedirdi. Artıq Daşaltıda (1992-ci il yanvarın 26-da – E.M) döyüşçülərimiz xəyanət nəticəsində ağır məğlubiyyətə uğramışdılar. Bu uğursuzluğun bütün cəbhə boyu döyüşçülərimizin ruhdan düşməsinə gətirib çıxaracağına ümid edən ermənilər bir az arxayınlaşmışdılar. Ancaq B.Qurbanov kimi minlərlə igid döyüşçülərimizin şücaəti sayəsində düşmənin ümidi puç oldu. 1992-ci il yanvarın 31-də Ağdamın Xramord kəndinin ermənilərdən tam təmizlənməsi döyüşçülərimizin nəyə qadir olduğunu düşmən qarşısında çılpaqlığı ilə göstərdi.
Məlum olduğu kimi Xramord kəndi düşmən əlində olduğundan Xankəndinə gedən Əsgəran yolu bağlanmışdı. Bu döyüşdə məqsəd də həm kəndi alıb Əsgəran yolunu açmaq, həm də 5 gün əvvəl olmuş uğursuz Daşaltı əməliyyatından sonra döyüşçülərimizdə ruh yüksəkliyi yaratmaq idi. Ona görə də yanvarın 31-də, sübh tezdən başlayan döyüşlərdə, o dövrdə yüksək çinli Dadaş və Zaur Rzayevlər, Arif Zalov kimi zabitlər də iştirak edirdi. Bəhmən bu döyüşdə dostları ilə bir yerdə lap kinolarda olduğu kimi, əsl qəhrəmanlıqlar göstərdi. Xramord kəndi uğrunda gedən amansız döyüş, nəhayət qələbəmizlə başa çatdı. Ermənilər həm texnika, həm də canlı qüvvə sarıdan çox ağır itkilər verdilər. Təbii ki, bizim də müəyyən itgilərimiz oldu və həmin döyüşdə bir çox igidlərimiz son damla qanına qədər vuruşaraq, şəhidlik zirvəsinə ucaldılar.
Döyüş vaxtı şəhid olan əsgərlərimizin cəsədlərini çıxartmaq mümkün olmadığından, döyüş başa çatandan sonra bu əməliyyatı yerinə yetirmək üçün Bəhməngilin könüllülərdən ibarət dəstəsi tapşırıq alır. Dostlar Piyadaların Zirehli Döyüş Maşınında (BTR) bir qədər əvvəl döyüşdükləri yerə gəlirlər. Ermənilər çoxlu itki verib döyüş meydanından qaçsalar da, sən demə həmin ərazilərdə “iz” qoymağa da vaxt tapıblar. Ərazilərə qabaqcadan minalar basdırmaqla ermənilər, bir daha beynəlxalq qanunlara və konvensiyalara arxa çevirdiklərini göstərdilər. üzbəüz döyüşdə məğlub olan ermənilər, öz vəhşi xislətlərinə uyğun olaraq minalar basdırmaqla rəqibinə gizli, namərdcəsinə arxadan zərbə vurmağı özlərinə şərəf bilmişdilər…
1992-ci ilin yanvarın 31-də, günorta vaxtlarında, Bəhməngil tapşırığı yerinə yetirmək üçün getdiyi zaman, döyüş ərazisinə çata-çatda mindikləri zirehli maşın qəflətən böyük təsir gücünə malik minaya düşür. Güclü partlayış nəticəsində zirehli maşın dayanır və içərini alov bürüyür. Maşından yana-yana, alov içində birinci Bəhmən çıxır, lakin hiss edir ki, sağ ayağı maşının “lük”ündən çıxmaqda ona kömək edə bilmir. Bir təhər özünü yerə atıb əlləri ilə üstünü torpaqlayıb alovu söndürür. Bu zaman digər döyüş yoldaşları da mina qəlpələrindən yaralanmış və yanmış vəziyyətdə maşından çıxırlar. Lakin marıqda dayanmış düşmənin həm Piyadaların Döyüş Maşınından (BMP) atdıqları mərmilərlə, həm də pülemyotlardan atdıqları güllələrlə Bəhməngilin maşınını intensiv atəşə tuturlar.
Həmin gün neçə vaxtdan bəri birgə döyüşdükləri Bəhmənin dostları Vadim, Tahir, Azər, Asif, Natiq və Vasif əbədiyyətə qovuşurlar. Yalnız Rəfael, Şahin və Bəhmən ağır yaralansalar da, sağ qalırlar və atəş altında hara gəldi sürünməyə başlayırlar. Bir tərəfdən mina partlayışı nəticəsində qalxan alovdan ağır yanmağı, digər tərəfdən isə mina qəlpələrinin sağ ayağının dabanını parça-parça etməsi Bəhmənin sürünməsinə imkan vermir. Ancaq yaşamaq eşqi, bu vəziyyətdə düşmənə əsir düşməmək bütün ağrılara qalib gəlir və o özünü sürünə-sürünə, güclə bir arxın içinə sala bilir. Sonradan köməyə gəlmiş əsgərlərimiz ağrılardan və çoxlu qan itirdiyindən hüşunu itirmiş Bəhməni tapıb arxaya apara bilirlər.
Görünür, həmin gün Allahın nəzəri Bəhmənin üstündə olub. çünki, o günü ikinci dəfə də, Bəhmən yaralı vəziyyətdə ölümdən qurtulur. Belə ki, Bəhməni digər yaralılarla birgə təcili tibbi yardım maşınına yerləşdirmək mümkün olmur və növbəti maşını gözləməli olurlar. Taleyin işinə bax ki, həmin yaralılarla dolu olan təcili tibbi yardım maşını da minaya düşür və maşındakıların hamısı həlak olur.
***
Bəhməni, nəhayət, Bakıdakı Hərbi Qospitala çatdırırlar. Ayağında müxtəlif vaxtlarda iki dəfə cərrahiyyə əməliyyatı aparılır. Onu tam sağaltmaq üçün isə dövlətin xətti ilə əvvəlcə Estoniyaya, sonra isə Tehrana göndərirlər. Tehranda çox uğurlu əməliyyat olunur. Ona görə də İrana iki qoltuq ağacı ilə gedən Bəhmən oradan yalnız ona əbədi yoldaş olan əl əsası ilə qayıdır. Mina qəlpələrinin dabanda dağıtdığı sümükləri isə bərpa etmək mümkün olmur və Bəhmənin sağ ayağı sol ayağına nisbətən 3 sm qısalır. Yanıq nəticəsində isə sağ qulağı eşitmə qabiliyyətinin 80 faizini itirir.
***
II qrup əlil olan B.Qurbanovla söhbətimiz zamanı bildirdi ki, o heç vaxt üzbəüz döyüşdən çəkinməyib. Ancaq mina gizli və arxadan vurulmuş zərbə olduğundan qorunmağın mümkün olmadığını söyləyərək bunları dedi: “O vaxtdan sonra kinolarda mina görəndə, həyatda mina silahından söz düşəndə bədənim ürpəşir. Mən kimyəvi silaha və minaya nifrət edirəm. Gərək sivil dövlətlər müharibələrdə minalardan istifadə edən dövlətlərə qarşı sərt tədbirlər görsünlər. Mina insanlığın gizli düşmənidir”.
B.Qurbanov Lökbatan qəsəbəsi B.Niftəliyev küçəsi 31 A ünvanlı binada, 3 otaqlı mənzildə yaşayır. Qarabağ şəhidlərinin ailələri və Əlillərin yaşadıqları bu bina, hələ 2000-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə tikilərək istifadəyə verilib. Binanın açılışında isə mərhum prezident Heydər Əliyev iştirak edib və 3 otaqlı mənzilin açarını da B.Qurbanova şəxsən özü təqdim edib. üç uşaq atası olan Bəhmən dövlətin Qarabağ əlillərinə göstərdiyi qayğıdan razılıq edir. Ancaq onlara verilən 107 manat təqaüd bir çox şəhid ailələri və əlillər kimi 5 nəfərlik ailəsi olan B.Qurbanov üçün də, təbii ki, çox azdır. Bu da heç yerdə işləməyən insanın nəinki 8 il ərzində bərbad vəziyyətə düşmüş evinin təmirinə, hətta normal qidalanmağa belə çatmır. Ancaq Vətən yolunda can qoymuş bir insanın belə problemlər içərisində yaşaması bir az təəssüf doğurur. Yəqin ki, neftdən büdcəmizə daxil olan pulların artması hesabına, yaxın vaxtlarda dövlət Qarabağ şəhidləri ailələrinin, əlillərin mövcud təqaüdlərinin və Qarabağ veteranlarına verilən 15 manatlıq kompensasiyanın artırılması qayğısına qalacaq. Arzu edirik işğal olunan torpaqlarımız hansı yolla olursa-olsun, azad edilsin və bir də heç kəs müharibədən, o cümlədən qorxunc silah olan minadan zərər çəkməsin.

(c) 2018. IEPF