<b>Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) həyata keçirdiyi “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycan Respublikasında səfərdə olan 17 türksoylu yeni nəsil jurnalist, yazıçı və siyasi icmalçısı Tovuz rayonunda olmuşlar. Öncə, “Ayan Otel”də, rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovla keçirilən görüşdə Ermənistanla kilometrlərlə sınırı olan rayonun coğrafi mövqeyi, infrastrukturu, mədəniyyət obyektləri və s. barədə qonaqlara ətraflı bilgi verilib.</b>
İcra başçısı qonaqları ilgiləndirən suallara cavab verib. Görüşdə millət vəkili Qənirə Paşayeva və rayonun Gənclər-İdman İdarəsinin rəisi və Tovuz şəhər İcra nümayəndəsi iştirak edib. Qonaqlar sonra millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri dr, Qənirə Paşayevanın müşayiəti ilə öncə Ermənistanla ön cəbhədə yerləşən Tovuzun Əlibəyli və Hacallı kəndinə baş çəkiblər. Burada qonaqlar Ermənistan tərəfindən iriçaplı silahlarla vurulmuş məktəblə, evlərlə tanış olublar, ermənilərin snayperlərlə hədəfə alaraq yaraladıqları kənd sakinləri ilə görüşüblər, vətəndaşlarla söhbət aparıblar.
Ermənistan Silahlı Qüvvələrinin ardıcıl olaraq atəşkəsi pozaraq, mülki insanları, o cümlədən qadınları, uşaqları, qocaları öz həyət-bacasında snayperlərlə hədəfə alması kimi heç bir kurala sığmayan vəhşilik aktları barədə bilgiləndirilən qonaqlar, tanıq olduqları mənzərələrdən sarsıldıqlarını, Azərbaycan həqiqətlərinə indiyədək bu qədər bələd olmadıqlarını bildirblər.
Sonra Tovuz rayonunun Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndinə səfər etmiş qonaqlar kəndlə tanış olublar. Burada ermənilərin mütəmadi şəkildə atəşkəsi pozduqları, vandalizm aktları barədə qonaqlara geniş bilgi verilib. Kənd sakinləri ilə görüşdə millət vəkili Qənirə Paşayeva qeyd edib ki, “Gəldik, gördük, yazdıq” adlı layihə çərçivəsində Azərbaycana səfərə gəlmiş gənc yazarların Azərbaycanın mövcud durumu, eləcə də Dağlıq Qarabağ problemi – Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti ilə ətraflı tanış olacaqlarına, cəbhəyanı ərazilərdə yaşayan soydaşlarımızın həyatını öz gözləri ilə görüb, bu problemin əsl mahiyyəti və həqiqətləri barədə ürək yanğısı ilə yazacaqlarına inanır.
Qonaqlar daha sonra Tovuz şəhərindəki Heydər Əliyev Muzeyi və Azərbaycandakı ilk Aşıq Muzeyi olan – Hüseyn Bozalqanlı adına Muzeylə tanış olub, şəhərin gecə mənzərəsini, eləcə də Heydər Əliyev Parkını seyr ediblər. Tovuzdan Ağdam rayonuna yola düşən qonaqlar Gəncədə NİZAMİ Məqbərəsini ziyarət etmişlər.
Ağdam rayonu (Quzanlı) ərazisinə gələn qonaqlar Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, Ağdam rayon icra hakimiyyəti başçısının 1-ci müavini Zülfi Qasımov və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Bayraq Meydanında və Şəhidlər abidə kompleksini ziyarət ediblər. Azərbaycanda 9 noyabrın Bayraq günü kimi qeyd olunduğu xatırladılıb, qonaqlara bayraq günü və bayraq uğrunda canlarını fəda etmiş aydınlar, qəhrəman Azərbaycan övladları haqqında danışılıb.
BAMF sədri Umud Rəhimoğlu Ağdam və rayonun ermənilər tərəfindən işğal olunması, bu zaman insanların başına gələn müsibətlər haqqında onlara ətraflı bilgi verib.
Sonra qonaqlar ötən ilin mart ayında erməni snayperinin açdığı atəş nəticəsində 2011-ci ilin 8 mart günü dünyasını dəyişmiş Ağdamın Orta Qərvənd kənd sakini 9 yaşlı Fariz Bədəlovun ailəsinə baş çəkiblər. Onlar F.Bədəlovun qətlə yetirildiyi əraziyə baxmış, ailənin yaşadığı evin düşmən tərəfindən atılan atəşdən qorumaq üçün çəkilmiş daş hasardan düşmən mövqelərini müşahidə ediblər.
Günün ikinci yarısı qonaqlar Tərtər rayonunun düşmənlə təmas xəttinin yaxınlığında yerləşən Qapanlı kəndində olublar. Onları müşayiət edən Tərtər rayon icra hakimiyyətinin başçısının müavini Ramiz Şabanov işğalçı Ermənistan ordusunun Qapanlı kəndini daim atəş altında saxladığını, atəş xəttinə yaxın kəndlərdə dinc əhalinin yaşadığı problemlərdən danışıb.
Türksoylu yazarlar ötən ay – Qurban bayramı günü minaya düşərək həlak olmuş 25 yaşlı Elməddin Cəfər oğlu Quliyevin ailəsinə baş çəkmişlər. Qonaqlar həm Ağdamda, həm də Tərtərdə erməni işğalçılarının törətdiyi vəhşiliklərin miqyasından dəhşətə gəliblər. Bir çoxu göz yaşlarını saxlaya bilməyən jurnalistlər insanların üzləşdiyi bu bəlanın dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasının vacibliyini bildiriblər. Onlar dünya ictimaiyyətinin, ATƏT-in Minsk Qrupunun erməni işğalın son qoymaq üçün hər hansı bir ciddi addım atmamasından narahat olduğunu, bütün dünyada yaşayan türklərin, türk dövlətlərinin birləşərək bu problemin həllində Azərbaycan xalqına yardımçı olmağın zəruriliyini vurğulayıb.
Qeyd edək ki, ideyası və icra planı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu tərəfindən dəstəklənən və şərti olaraq 3 mərhələdən (hazırlıq, qonaqların Azərbaycana gəliş-dönüşü və məqalələr toplusunun nəşri) ibarət olan layihənin bu mərhələsində, Azərbaycanda Atatürk Mərkəzi, TİKA, TÜSİAB, EkoAVRASİYA, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu, ATXƏM, Beynəlxalq Avrasya Mətbuat Fondu ilə tərəfdaşlıq şəraitində 12 türk dövlət və topluluğundan (Türkiyə, Türkmənistan, Bolqarıstan, Rumıniya, Makedoniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Qaqauz yeri (Moldova), Başqurdistan (RF), Kırım (Ukrayna), Kərkük (İraq) 17 gənc yazar, jurnalist və yeni nəsil siyasi icmalçısı artıq 5 noyabrdan Azərbaycanda səfərdədir.
11 noyabr 2012-ci il tarixədək Azərbaycanda olacaq qonaqlar, 10 noyabrda Qubaya gedərək, toplu soyqırım məzarlığını ziyarət edəcəklər.
