Gənclərlə bağlı layihə regionda geniş əks-səda doğurub

10.10.2012 · 1242 baxış

<b>UNİCEF-in dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Goranboy, Tərtər və Yevlax rayonlarında həyata keçirdiyi “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsi öz müsbət nəticələrini verməkdədir. Adları çəkilən rayonlarda könüllülük prinsipləri əsasında gənclər və yeniyetmələrdən ibarət yaradılmış Təbliğat Qruplarının üzvləri layihənin strateji məqsədlərinə uyğun olaraq qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirirlər. </b>

Layihənin regional koordinatoru Siyab Məmmədli bildirib ki, UNİCEF-in ekspertləri və layihə heyəti tərəfindən aparılan təlimlərdən sonra ictimai fəallığı xeyli artan və regionun sosial-iqtisadi həyatında yaxından iştirak etmək üçün potensial hazırlığa malik olan gənclər artıq layihə idarəçiliyi işlərinə cəlb olunublar. Ağcabədi, Bərdə, Tərtər və Yevlax rayonlarında fəaliyyət göstərən Təbliğat Qruplarının üzvlərinin “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin icra planına uyğun olaraq hazırladıqları kiçik həcmli layihələr UNİCEF-in ekspertləri tərəfindən dəyərləndirilib. Artıq bu layihələrin icrasına start verilib. Əsasən erkən evlilik, narkomaniya, sağlam həyat tərzi, gənclərin əmək məşğulluğu mövzularında hazırlanan bu layihələr regionda geniş əks-səda doğurub. Mövzulara uyğun olaraq gənclər müstəqil olaraq dəyirmi masalar keçirir, müvafiq yerlərdə (gənclərin ən çox toplaşdıqları kafelərdə, çayxanalarda, internet-klublarda, mədəni-kütləvi yerlərdə) görüşlər təşkil edir, maarifləndirici söhbətlər aparır, broşurlar, vərəqələr, bukletlər hazırlayıb yayırlar.

Yaxın günlərdə Beyləqan, Ağdam və Goranboy rayonlarından da Təbliğat Qruplarının hazırladıqları kiçik həcmli layihələr dəyərləndirmə üçün UNİCEF-ə təqdim olunacaqdır.

Xatırladırıq ki, BAMF “Azərbaycan gənclərinə dəstək proqramı” layihəsinin icrasına 2011-ci ilin oktyabr ayından başlayıb və layihənin icrası davam edir.

BAMF-ın informasiya departamenti

(c) 2018. IEPF