“Qara yaz”ın 6-cı ildönümü ərəfəsində Beynəlxalq Mətbuat İnstitutunun direktorunun açıqlaması yayılıb

Bu gün 2003-cü ildə Kubada baş vermiş müxalif düşüncəli jurnalistlərin etiraz hərəkatının ildönümüdür. Bununla bağlı Beynəlxalq Mətbuatİnstitutunun (BMİ) direktoru Deyvid Dədcin açıqlaması yayılıb. Bu barədə məlumatı BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu verib.
O, D.Dədcin Kuba prezidenti Raul Kastronu dərhal, özü də qeyd-şərtsiz həbsdə saxlanılan 20 jurnalisti azadlığa buraxmağa çağırdığını deyib. Açıqlamada bildirilir:
“Təəssüf ki, dəfələrlə Raul Kastroya jurnalistlərin azad olunmasının vacibliyi anladılsa da, o, buna məhəl qoymayıb. Onun bu məsələ barədə dərindən düşünüb qərar verməsi üçün bir il vaxtı olub. Amma o, jurnalistləri azad etmək əvəzinə müxtəlif manevrlər edərək bu işdən yayınıb. Biz “Qara yaz” hadisəsinin ildönümü ərəfəsində bir daha Kuba hakimiyyətini həbsdəki jurnalistləri azad etməyə çağırırıq”.
Xatırladaq ki, sonradan tarixə “Qara yaz” adı ilə düşən hadisələr zamanı 20 jurnalist müxtəlif ittihamlarla həbsə atılıb. Bu gün Kuba jurnalistlərin həbsinin sayına və onların hüquqlarının tapdanmasına görə dünyada ən “öndə” olan bir ölkədir. BMT-nin və digər nüfuzlu beynəlxalq qurumların tələbinə baxmayaraq, 20 jurnalist hələ də həbsdədir.
