<b>Sentyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Əl Oyunları İdman Sarayında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan II Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının rəsmi açılışı olub. </b><br /> <br /> Bu barədə “Avrasiya-Press” nəşriyyatının tədbirdə iştirak edən əməkdaşı Mübariz Piri məlumat verib. Onun sözlərinə görə, mərasimi giriş sözü ilə baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev açıb. Hər kəsi bu kitab bayramı münasibətilə təbrik edən E. Əfəndiyev sərgi-yarmarkanın artıq bir ənənəvi hal aldığını deyib. Xalq yazıçısı çıxışında son illər milli və dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə nəşr olunmasının da əhəmiyyətini vurğulayıb.<br />
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 3 gün davam edəcək sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçiriləcəyini bildirib. Onun sözlərinə görə, 25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 35 beynəlxalq nəşriyyatın kitabları təqdim olunur. Nazir bu cür tədbirlərin regionlarda da təşkilinin planlaşdırıldığını qeyd edib.

Rəsmi açılışdan sonra sərgiyə baxış keçirilib. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər xarici ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilir.
Sərgidə “Avrasiya-Press” nəşriyyatı da öz məhsulları ilə yaxından iştirak edir. M.Piri Avrasiya-Press” nəşriyyatında bu günə qədər ümumi tirajı 2 milyona yaxın kitab hazırlandığını da qeyd edib.
