İnsan ümidlərlə yaşar

31.07.2008 · 1632 baxış

Müəllif: Əli Rzaquliyev, “Rəsmi Bakı” qəzeti, 03-15 iyun 2008

İki ayağını itirmiş Umud bundan sonra döyüş xatirələrini qələmə alacaq
Avtomobil Salyan rayonuna doğru şütüdükcə cənubdan əsən isti xəzri pəncərənin açıq yerindən içəri dolaraq sürücünün siqaretindən süzülən tüstünü salona yayırdı. Havadan sanki barit qoxusu gəlirdi. Bələdçimiz Umud Mirzəyevin əsgər yoldaşı, elə onunla birlikdə minaya düşərək sağ gözünü itirmiş, qolundan: çiynindən və boynundan ağır yaralanan Fazil Əsgərov də dinib danışmırdı. Deyəsən, öz dünyasına qapılıb xəyalən həmin günləri xatırlayırdı.
Əslində Umud Mirzəliyevin intihara cəhd göstərməsi xəbəri az bir zamanda bir neçə döyüşçü yoldaşına çatmışdı. Onlardan ictimai işlərdə nisbətən fəalı olan Fazil Əsgərov bizimlə əlaqə saxlayıb qaziyə baş çəkməyi, onun həyəcanı və təlaşı ilə maraqlanmağı, haqqında yazı hazırlamağı xahiş etmişdi. Odur ki, heç düşünmədən ertəsi gün deyilən ünvana yollandıq.
Noxudlu kəndinə çatanda bizi heç kim qarşılamadı. Təsəvvürlərimiz alt-üst oldu. Nə kənd bələdiyyəsindən, nə icra nümayəndəliyindən, nə də Umudu nümunə göstərib şagirdlərə vətənpərvərlikdən dərs keçən müəllim kollektivindən kimsə qarşımıza çıxıb Vətəni qəhrəmancacısna müdaifə edərkən iki ayağını torpaq uğrunda qurban vermiş həmyerliləri Umud Mirzəyevlə fəxr etdiklərini söyləmədi.
– Biz hər ikimiz kapitan Çaybasarlının taborunda istehkamçı tağımında xidmət edirdik. 1994-cü ilin yanvar ayı idi. Füzuli rayonu ərazisində Haramı düzündə döyüşdəydik. Üç gün idi ki, Bəytəpə uğrunda hücuma keçir, lakin yüksəklikləri ala bilmirdik. Sübh tezdən yenidən hücuma keçəcəydik deyə gecə bir neçə saatlıq yatmağa icazə vermişdilər. Umudun yuxuda sayıqlaması hamını oyatdı: “Məni burda qoyub getməyin, nə olar”. Sübh tezdən hücuma keçdik. Bəytəpə deyilən yüksəkliyi aldıq. Bizdən bir az sağda Dostəlinin taboru da eyni xəttdə səngərləri tutub müdafiəyə keçdi. Solumuzda da özümüzünkülərin səsi gəlirdi. Şadyanalıq edib səhər yeməyini təzəcə qurtarmışdıq ki, ermənilər əks-hücuma keçdilər. Biz mövqelərimizdə möhkəm dayansaq da sol cinahımızda ermənilər müdafiəmizi yardı. Kapitan Çaybasarlı məni və Umudu sol cinaha köməyə gedən tankçılara həm bələdçi, həm də köməkçi olaraq qoşdu. Tez bir zamanda pərən-pərən düşmüş 6-cı taborun əsgərlərindən toplayıb tankçılar yenidən ermənilərin üzərinə hücuma keçdilər. Qısa döyüşdən sonra erməniləri səngərlərdən çıxarıb qaçmağa məcbur edə bildik. Səngərlərin yaxınlığında tankçıların komandiri “dur” komandası versə də Umud tankın üstündən yerə tullanıb səngərə tərəf qaçdı. Mən də onun arxasınca. Hər şey ani olaraq baş verdi. Umudun səngərə dirməsi ilə minanın partlaması elə qəflətən oldu ki, əvvəl heç nə anlamadıq.
Beləliklə, Umud yaşayan evə çatdıq. Qoca anası artıq belə gəlişlərə adət etmişdi. Sən demə döyüşçü dostları Umudu ümidsiz qoymur, imkan düşdükcə gəlib baş çəkirlər. Olduqca kasıb yaşayırdı Umud. Otağında bir radioqəbuledici və ağ-qara televizoru var idi. Ətraf aləmdən xəbər tuta bilirdi.
– Mənə ən çox təsir edən hadisə arxamca 1996-cı ildə hərbi polisin gəlməsi oldu. Döyüşlərdə minaya düşüb iki ayağımı itirməyimə baxmayaraq hərbi hissənin hərbi polisindən arxamca gəlmişdilər. Guya ki, adım fərari – hərbi hissəni özbaşına tərk edənlər siyahısına düşüb. Başqa problemlərlə də üzləşmişəm. Anam sənədlərimi düzəltdirəndə ona tez-tez “oğlunu biz göndərməmişik” deyirmişlər. Belə bir oğulun anasına o sözlər deyilərmi? Kaş gəzə biləydim. İnsanlıqdan mərhum həmin bədbəxt adamların gözlərinə baxardım.
Kimlər üçün isə artıq adi hala çevrilən bürokrat aparatı ilə üzləşmə Umudun ümidlərini üzür. Faydalı heç bir işlə məşğul olmayaraq gün keçirmək isə ona olduqca üzücü görünür. Odur ki, qoca anasına, qohum-əqrabaya, keçmiş döyüşçü dostlarına “yük” olmamaq üçün Umud Mirzəyev həyatına son qoymaq qərarına gəlib.
Söhbət əsnasında minaya düşən anı necə xatırladığını, həmin dəqiqələr hansı hissi yaşadığını soruşmaq istəyirdim ki, Fazil məni qabaqladı.
– Umud, onda sən niyə elə etdin. Tankçıların komandiri “dur” deyəndə qaçıb səngərə getdin?
– Bilirsən, Fazil, ermənilər səngərdən çıxıb geri çəkilsələr də bizi vurur, çalışırdılar ki, səngərə girməyə əngəl törətsinlər. Tankın üstündə təsadüfi gülləyə tuş olmaq istəmirdim. Həm də o an elə bilirdim ki, taborun, briqadanın, lap elə bütöv ordunun qələbəsi mənim qaçıb birinci olaraq gün ərzində artıq iki dəfə əldən-ələ keçən səngərə girməyimdən asılıdır. – Gözləri doldu Umudun.
– Yenidən döyüşə gedərsənmi? – Bunu da mən soruşdum.
– Niyə getmirəm? – Dəsmal çıxarıb gözlərinin yaşını sildi. – Aparıb pulemyotun arxasında oturtsalar, əclafları biçərdim. Birini də salamat buraxmaram.
Təqribən birlikdə keçirdiyimiz 6-7 saatlıq vaxt ərzində Umudun ölmüş ümidlərini canlandıra bilməsək də onu bu fikirdən hələlik vaz keçməyə şövq etmişdik. Fazilin qəflətən təklif irəli sürməsi hamımızın ürəyindən oldu.

– Umud, bəlkə döyüş xatirələrimizi yazasan? Bax, jurnalist dostumuz da söz verir ki, qəzetdə çap etdirəcək. Qoy hamı oxusun. Görsün ki, neçə döyüşlər keçmişik.
Bu təklif Umudu yenidən həyata qaytardı. Bundan sonra o xatirələrini yazacaqdı. Daha otaqda ağ-qara televizor, radioqəbuledici ilə baş-başa qalmayacaqdı, kitab, dəftər, qələm adlı yeni dostları peyda olacaqdı. Müvəqqəti də olsa ümidverici bir iş. Əbəs yerə deməyiblər “insan ümidlərlə yaşar”.

(c) 2018. IEPF