<b>17-19 dekabrda İctimai Televiziya və Radio Yayımları Şirkətində Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü ilə “İqlim dəyişikliklərinə dair yayım jurnalistləri üçün təlim” layihəsi çərçivəsində Bakıda, regionlarda fəaliyyət göstərən teleradio kanalları rəhbərləri və təmsilçiləri, tələbə-jurnalistlər üçün 3 günlük konfrans-seminar keçirildi.</b><br />
Tədbiri giriş sözü ilə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov açdı. O bildirdi ki, konfrans-seminarın təşkilindən məqsəd qlobal iqlim dəyişiklikləri ilə bağlı proseslərin kütləvi informasiya vasitələrində peşəkarlıqla işıqlandırılmasına, bu sahədə ixtisaslı jurnalist kadrların hazırlanmasına dəstək verməkdən, mövcud sahədə nəzərə çarpan neqativ tendensiyaların aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarət olduğunu dedi: “İqlim dəyişikliyi bəşəriyyəti düşündürən qlobal hadisədir. Bu, insanların bütövlükdə yaşam tərzinə və davranışlarına təsir göstərir. Mütəxəssislərin hesablamalarına görə, mövcud prosesin mənfi təsirlərinin qarşısı alınmasa gələcəkdə aclıq, yoxsulluq kimi problemlər xeyli artacaq. Buna görə də dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar, xüsusən də YUNESKO kimi qurumlar vəziyyətə effektiv təsir göstərmək üzərində ardıcıl iş aparırlar. Bu iş isə medianın, əsasən də teleradio kanallarının rolu olmadan mümkün deyil. Azərbaycan Mətbuat Şurası və YUNESKO mövcud reallığı nəzərə alaraq məhz televiziya və radiolarda çalışan jurnalistlər üçün iqlim dəyişikləri mövzusunda seminarın təşkilini həyata keçirir”.
Ə.Amaşov Azərbaycan KİV-lərinin ekologiyanın və ətraf mühitin mühafizəsi ilə bağlı məsələlərin işıqlandırılmasına hər zaman böyük diqqət göstərdiyini vurğulayıb, onların mövcud istiqamətdəki potensialının artırılmasının vacibliyini önə çəkdi. O, həmçinin konfrans-seminarın Azərbaycanın televiziya və radio təmsilçilərinin UNESCO-nun 2009-cu ilin sentyabrın 4-5-də “Teleradio mediası və iqlim dəyişikliyi” mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyasına həmrəylik nümayişi baxımından əhəmiyyətindən danışdı.
YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva təmsil olunduğu qurumun Azərbaycanla əlaqələrinin daim yüksələn xətlə inkişaf etdiyini bildirdi. O, bu əlaqələrin dərinləşməsində Heydər Əliyev adına Fondun prezidenti, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük rolunun olduğunu vurğuladı. Azərbaycan Mətbuat Şurası ilə birgə təşəbbüsdən geniş söhbət açan G.Əfəndiyeva qeyd etdi ki, layihə çərçivəsində jurnalistlər üçün seminarla yanaşı, kitab çapının və saytın hazırlanması da nəzərdə tutulur. G.Əfəndiyeva YUNESKO-nun Moskva nümayəndəliyinin rəhbəri Dendev Badarçın konfrans-seminar iştirakçılarına ünvanlanan məktubunu oxudu.
YUNESKO-nun MaB (İnsan və biosfer) Milli Komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Urxan Ələkbərov qlobal problem olan iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasında elm, təhsil və mədəniyyət amillərinin başlıca rol oynadığını dedi. Onun sözlərinə görə, hazırkı dövr ekoloji sivilizasiyalar mərhələsinin başlanması ilə xarakterizə edilir ki, bu prosesdə də medianın rolu olduqca böyükdür: “Media sosial məsuliyyətli institutdur. Bu isə onun bütün digər problemlərə olduğu kimi ekoloji tarazlığın pozulmasına, iqlim dəyişikliyinə operativ reaksiya göstərməsini zəruri edir. Əslində medianın başlıca vəzifəsi elə bundan ibarətdir. Lakin onun fəaliyyəti daimi yeniləşmiş biliklərə əsaslanmalıdır”, – deyən U.Ələkbərov konfrans-seminarın jurnalistlər üçün əhəmiyyətli olacağına əminliyini ifadə etdi.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov bildirib ki, Azərbaycan Mətbuat Şurasının və YUNESKO-nun birgə təşəbbüsü jurnalistləri maarifləndirməklə yanaşı, xeyirxah missiya da daşıyır. O, Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə 2010-cu il Azərbaycanda ekologiya ili elan edildiyini, ölkənin hər yerində bu istiqamətli tədbirlər təşkil olunduğunu dedi. Lakin jurnalistlərin iştirakı ilə belə bir təşəbbüsün, özü də çox böyük miqyasda, gerçəkləşməsi ilk dəfə olduğunu qeyd etdi. “Cəmiyyətin həmrəyliyi jurnalistlərin həmrəyliyindən keçir”, – deyən İ.Ömərov seminarın işinə uğurlar arzuladı.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev konfrans-seminarın əhəmiyyətindən, dövlətin ekologiya, ətraf mühitin yaxşılaşdırılması çərçivəsində gördüyü işlərdən danışıblar.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, layihənin koordinatoru Umud Rəhimoğlu isə çıxışında YUNESKO-nun 2009-cu ilin sentyabrın 4-5-də “Teleradio mediası və iqlim dəyişikliyi” mövzusunda Parisdə keçirdiyi beynəlxalq konfransının deklorasiyası barədə geniş məlumat verib. Azərbaycan jurnalistlərinin həmin sənədlə həmrəylik nümayişinin zəruriliyindən danışan U.Rəhimoğlu iştirakçıları bunun üçün hazırlanan bəyanat mətni ilə tanış edib.
Televiziya və radio kanallarının təmsilçiləri “Azərbaycanın televiziya və radio qurumları rəhbərləri və nümayəndələrinin UNESCO-nun «Teleradio mediası və iqlim dəyişikliyi» barədə Paris deklorasiyası ilə həmrəyliyinə dair bəyanatı”nı yüksək qiymətləndiriblər. U.Rəhimoğlu bəyanatı imzalamaq üçün ilk olaraq İctimai Televiziyanın direktoru İsmayıl Ömərovu masaya dəvət etdi. Bundan sonra bəyanata paytaxtda və regionda fəaliyyət göstərən digər telekanalların – AzTV, ATV, «Space TV», «Ldier TV», ANS TV, «Xəzər TV»-nin, bölgə telekanallarından – «Kəpəz TV», «Alternativ TV» (hər ikisi Gəncə), «Aygün TV» (Zaqatala), «Dünya TV» (Sumqayıt), «Xəyal TV» (Quba), «Cənub TV» (Lənkəran), «Mingəçevir TV», «Kanal S» (Şəki), «El TV» (Yevlax), «RTV» (Xaçmaz), «Türkel TV»nin (Tovuz) rəhbərləri və məsul şəxsləri imza atıblar.
Konfransdan sonra adları çəkilən telekanalların hər birindən təmsilçilər və tələbə-jurnalistlərin iştirakı ilə seminar başlandı. Həmən gün də daxil olmaqla üç gün davam edən seminarda Akademik Urxan Ələkbərov, professorlar Şaiq İbrahimov və Ramiz Məmmədov “İqlim dəyişmələrinin qarşısının alınması və ekoloji stabilliyin təmin edilməsi sahəsində bilik və bacarığın təbliğinin rolu», «Qlobal iqlim dəyişmələri: səbəblər, gedişi, proqnozlar. Azərbaycanda iqlim dəyişmələri: onların fəsadlarının aradan qaldırılması yolları», «İqlim dəyişmələrinin və qlobal ekoloji fəsadların qarşısının alınmasında vahid ətraf mühit konsepsiyası», «İqlim dəyişmələrinin Xəzər ekosisteminə təsiri. İqlim dəyişmələri və Azərbaycanda səhralaşma təhlükəsi konsepsiyası», «Ekoloji sivilizasiya konsepsiyası: «yaşıl iqtisadiyyat» mövzularında məruzələr ediblər.
Üçgünlük seminar zamanı jurnalistlər Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Cahangir Məmmədlinin, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlunun, İTV-in departament rəhbərləri Cəsarət Valehovun, Anar Yusifoğlunun «İqlim dəyişikliyinə dair ictimaiyyətin maarifləndirilməsində yayım mediasının rolu», «İqlim dəyişikliyi və ekoloji problemlərlə bağlı yayım mediası təcrübəsinin BBC modeli», «Yaşıl həyat tərzi»nin formalaşmasında medianın rolu», «Milli və yerli biliklərin, tarixən toplanmış təcrübənin və ekoloji mədəniyyətin ətraf mühitin qorunması və optimal idarə edilməsində əhəmiyyəti. Bu irsin qorunması, istifadəsi və yayılmasında medianın rolu», “İqlim dəyişikliyinin işıqlandırılmasına peşəkar yanaşma” mövzularında məruzələri də dinləyiblər.
