Bu gün Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Trend” İnformasiya Agentliyində mətbuat konfransı keçirdi.
Konfransda fondun fəaliyyət istiqamətləri, maliyyə yardımı almaq üçün müsabiqə qaydaları, ərizə forması, KİV-lərə maliyyə yardımı haqqında müsabiqə elanının mətni ictimaiyyətə açıqladı. V.Səfərli dövlətin təsis etdiyi media qurumlarının və KİV-lərin fonddan maliyyə yardımı ala bilməyəcəyini qeyd etdi. O, maliyyə yardımlarının əsasən müstəqil media qurumlarına ayrılacağını dedi: “Dövlətin təsis etdiyi media qurumlarının və KİV-lərin fonddan maliyyə yardım ala bilməyəcək. Maliyyə yardımlarının əsasən müstəqil media qurumlarına veriləcək. Bu il dövlət tərəfində Fonda 1 milyon 300 min manat vəsait ayrılıb. Bunun 200 min manatı fondun aparatının saxlanması, texniki təchizat və sairə üçün nəzərdə tutulub. 1 milyon 100 min manat isə KİV-lərin və media qurumlarının layihələrinin maliyyələşməsi, jurnalistlərin mükafatlandırılması və sairə məqsədlərə xərclənəcək. Hər bir layihə 20 min manatdan çox olmamalıdır. Layihələr 12 istiqamət üzrə olacaq”.
V.Səfərli bu il jurnalistlərə kreditlərin və subsidiyaların verilməsinin nəzərdə tutulmadığını dedi. Amma gələn ildən bu və digər məqsədlər üçün də vəsait ayrılacağını söylədi.
Konfransda KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu, sədr müavini Vüqar Rəhimzadə, Müşfiq Ələsgərli, Bəxtiyar Sadıqov və Əflatun Amaşov da iştirak edirdi.
