Kölgələrə sığınmayan insan

31.07.2008 · 1477 baxış

Müəllif: Aynur Elgünəş, “Bizim Yol” qəzeti, 19 iyun 2008
Müharibə onu ayaqsız qoysa da, ruhuna toxuna bilmədi
…Vədələşdiyimiz kimi, onunla Bakıxanov qəsəbəsindəki çayxanaların birində görüşməli idik. Gedərkən həmin yerdə çalışdığını bilmirdim. Təsəvvürümdə yaşadığı faciənin fəsadlarından büzüşmüş, həyatdan küskün, cəmiyyətdən narazı görkəmli insan vardı. Özümü tamamilə bu istiqamətə kökləmişdim. Amma onunla ilk görüşdəcə bütün fikirlərim alt-üst oldu. Çevik, enerji dolu, gülümsər çöhrəli bu insanı görən kimi yanıldığımı anladım.
Ad gününü dostları xatırladır
Dayanacaqdan çayxanaya qədər olan iki addımlıq yoldaca tərəddüdünü çatdırdı: «Yazmasanız olmaz? Müsahibə-filanla heç aram yoxdu. Xüsusilə özümdən, cəbhədən, faciədən danışmağı sevmirəm. Hamısı yadımdan çıxıb. Əsgərlik yoldaşlarımın bir neçəsi Almaniya yaşayır. Yalnız onlar mesaj yazıb təbrik edəndə bilirəm ki, həmin gün ad günümdür, əlamətdar hadisələri yadımda saxlaya bilmirəm».
Ola bilərdi ki, insan yaşadığı faciələrin müqabilində əsl doğum tarixini unutsun. Amma həyata ikinci dəfə dönüşünü, onun bütün yaşayış tərzini dəyişən hadisəni unuda bilməzdi axı. Elə buna görə də əmindim ki, həmsöhbətimin dilindən nəsə qopara, ağır da olsa, onu keçmişinə qaytara biləcəm. Deyəsən alındı da.
… Ağacların arasında yerləşən çayxana adamlarla dolu idi. «İşimizin qızğın vaxtıdı» deyib məni köşkü xatırladan kiçik otağa dəvət etdi. Buradan müştərilərin əyləşdiyi stollara rahatca nəzarət etmək mümkün idi. Öz stulunu mənə verib ayaq üstə dayandı. Dediyinə görə, oturmaqdan da xoşu gəlmir. Baxışları pəncərədən bayıra dikilsə də, xəyalları çox uzaqlara uçmuşdu. Köməkçiləri Ramiqlə Fərmanın ara-sıra müdaxiləsi onun fikirlərini yarıda kəssə belə, yenə danışdı.
Beləliklə, öyrəndim ki, mənim qəhrəmanım Arif Səmədov 1970-ci ildə Ağdam rayonunun Kəngərli kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Rusiyanın Tümen vilayətinin Kaboçi şəhərində yaşayan qardaşının yanına gedib. Elə orada da tibb texnikumunun diş texniki fakültəsinə daxil olub. Lakin hərbi xidmətə çağrıldığından təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. 1988-90-cı illərdə Novosibirski şəhərində xidmət keçib. Xidmət etdiyi hərbi hissədə yeganə azərbaycanlı olduğunu, buna baxmayaraq, hörmət qazandığını deyir. Xidmətdən isə baş gizir kimi qayıdıb.
Həmin ərəfədə Rusiya vətəndaşı olub. Geniş perspektivli gələcək belə onun Qarabağa doğru dartınan istəklərini yarıda kəsə bilməyib. Torpaqlarımız uğrunda gedən döyüşlər çoxu kimi onu da rahat yaşamağa qoymayıb və könüllü müharibəyə getmək istəyib: «Könüllü getmək istədiyimə dair ərizə ilə müraciət etsəm də, məni bir müddət qəbul etmədilər. Həmin ərəfədə Ağdam rayonundakı Mexanikləşdirmə Texnikumunun avtomobil istismarı fakültəsinə daxil oldum və bundan sonra könüllü mübaribəyə getdim. 1 ilə yaxın hərbi xidmətdə oldum, çox döyüşlərdə iştirak etdim».
Son döyüş
General Ərşad Düyərlinin 4-cü «Kötəl» batalyonunda xidmət etdiyini deyən həmsöhbətim əsasən Ağdam-Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib: «Ağdərənin Qazançı kəndi uğrunda gedən döyüşlərdə iştirak edirdim. Elə həmin kənddə də yaralandım».
Yenə Fərmanın müdaxiləsi fikirlərini haçalayır: «Bayırda bir dilənçi qadını uşaqlar ələ salıb incidiblər. Ona bir stəkan çay verim?»
Fikrinin yarıda kəsildiyinə görə qətiyyən əsəbləşmir. Olduqca sakit tərzdə balaca Fərmana deyir: «Hə, çay ver, özün də həmin uşaqları tap acıqlan».
Həvəslə gedən Fərmanın arxasınca bir xeyli baxıb yenidən diktafonu yandırmağıma işarə edir. Çöhrəsinin rəngdən-rəngə düşməsindən, gərginləşməsindən aydınca hiss olunur ki, o anları bir də yaşayır: «1992-ci ilin payızı idi. Demək olar ki, 3-4 ay idi Qazançı kəndi uğrunda döyüşlər gedirdi. Nə qədər oğullarımız şəhid oldu, yaralandı. Ermənilər oranı tamam minalamışdılar, keçmək mümkün deyildi. Oktyabrın 19-da hava yağmurlu idi. Hələ otlar tamam saralmamışdı, yarpaqlar da çox idi. Xəzəldən heç nə seçilmirdi. «Qurbağa» deyilən minalar var, onlar torpağa basdırılmır. Həm də plasmas olduğundan onu qurğu da müəyyənləşdirib tama bilmir. Qarşıda həmkəndlim «Ataş» ləqəbli minaçıxaran gedirdi. Yeri gəlmişkən, o, bu işi çox yaxşı bacarırdı. Mən də zərərsizləşdirilmiş minaları torbaya yığıb daşıyırdım. Xeyli mina çıxarmışdı. Hətta ağılagəlməyən bir yerdə tank əleyhinə bir minanın altına əl qumbarası bağlamışdılar ki, çıxaranda partlasın. «Ataş» heç kimi yaxına qoymayıb özü çıxardı. Həmin gün çox ağır döyüş oldu. Artıq axşam düşmüşdü, vəziyyət elə gətirdi ki, biz geri çəkiləsi olduq. Düşmən tərəf də bunu hiss etdiyindən bizi güllə yağışına tutmuşdu. Yüküm ağır idi, 4 zərərsizləşdirilmiş mina, 2 əl qumbarası, 1 tank əleyhinə qumbara, avtomat götürmüşdüm. Dağın döşündə idik. Oradan baxanda Qazançı qəbiristanlığı görünürdü. Bərk atışma idi. Qəflətən ayağım sürüşdü, xeyli aşağı getdim. Əlimdəki torba da düşüb dərəyə yumalandı. Ayağımı aşağıdakı ağaclardan birinə dayaq verib birtəhər dayandım. Oturulu halda əllərimlə ayağımın altını yoxladım, gördüm heç nə yoxdu. Sən demə, mina sağ ayağımın dabanının altında imiş. Ayağımı çəkəndə qəflətən alov çıxdı, qulaqlarım batdı. Daha heç nə hiss etmədim. Diqqətlə baxanda gördüm ki, sağ ayağım parçalanıb. Birtəhər ayağa qalxıb ağaca söykəndim və bir maqazin gülləni ermənilər tərəfə boşaltdım. Bu vaxt əsgər yoldaşım Zöhrab da arxa tərəfimdə minaya düşdü, onun mərmiləri kürəyimə, qollarıma doldu, yıxıldım. Amma partlayışdan qulağım açıldı, gördüm ki, hələ də bərk atışma gedir. Özümü itirmədim, avtomatımdakı sarğını götürüb ayağımı dizdən yuxarı sarıdım. Uşaqlar köməyimə gəlib məni ərazidən çıxardılar. Təxminən 7-8 saat yol gəldik. Yolun yarısını piyada, uşaqların çiynindən yapışaraq gəldim. Ağdamın Qalayçılar kəndi ilə Ağdərənin Qazançı kəndi arasından çay axır. Tank çayın içərisində qalıb işə düşmürdü deyə orada da xeyli ləngiyəsi olduq. Nəticədə Zöhrab da, mən də çox qan itirdik. Bizi Ağdamdakı Zəngişalı-Mahrızlı hospitalına gətirdilər. Tez iynə vurub, sistem qoşdular. Bir o yadımdadır ki, həkimdən «ayağımı aşağıdan kəs» deyə xahiş etdim. Sonralar həkim deyirdi ki, heç həmin sözü sona qədər deyə bilmədin. Oturulu vəziyyətdə minaya düşdüyümdən sifətim də yanmışdı. Ayağımın kəsilən hissəsində qanqren olduğundan təcili Bakıya, Papanin hospitalına gətirildim və ayağımın bir hissəsi də kəsildi. İndi ayağımın dizdən aşağı hissəsi protezdi».
Heç hiss olunmadığından qeyri-ixtiyari əyilib ayağına baxdım. Gülümsədi: «Elə o vaxtdan da vərdiş eləmişəm belə gəzməyə. Gərək insan bütün çətinliklərə öyrəşməyi bacarsın ki, yaşaya bilsin. Atam da Böyük Vətən Müharibəsində döyüşüb. Berlinə çatana qədər 14 dəfə yaralanıb. Ən güclü yaranı Berlinə çatanda alıb, həmin vaxt ona iki güllə dəyib. Bədənində 16 güllə yarası var. Hamısı da girib keçən güllələr olub. Hazırda sağ-salamatdı». Yenə gülümsəyib dedi: «Atamın təvəllüdü pasportunda 1925-ci il göstərilsə də, həmin illər haqqında da danışır».
«Yaşadıqlarıma görə peşman deyiləm»
Arif Səmədov indi iki oğul atasıdır. Əvvəlki mövzudan fərqli olaraq bu barədə həvəslə danışır. Deyir ki, hələ ibtidai sinifdə oxuyan hər iki oğlu idmanın karate növü ilə məşğul olur. Elə işindən də razılıq edir. Arada çox səbirli olduğunu, insanlarla dil tapa bildiyini də deyir. Bir də onu deyir ki, ağlayıb-sızlamaqdan, yersiz narazılıq etməkdən zəhləsi gedir: «Nə qədər çətinliyə düşsəm də, həmişə yaxşı yoldaşların, ailənin əhatəsində olmuşam. Maddi çətinliyim olmayıb, valideynlərim, qardaşlarım həmişə kömək ediblər. Hansı kollektivdə olmuşamsa, hörmət ediblər, seviblər. Elə ona görə də yaşadığım faciənin təsirindən qurtula bilmişəm».
Sözarası son illərdə Qarabağ qazilərinə qarşı olan biganəlikdən, vətənpərvərlik ruhunun öldürülməsindən də danışırıq. Amma deyir ki, biganəlik belə onda etdiyi hərəkətə görə peşmançılıq yaratmayıb: «Bir neçə il öncə sanki vətənpərvərlik tamam unudulmuşdu. Bu, bütün Qarabağ qaziləri kimi mənə də təsir edirdi. Amma heç vaxt müharibəyə getdiyimə görə peşman olmamışam. Nə də buna görə bir kimsəyə minnət vurmaram. Mən vətənimi qorumuşam. Son vaxtlar hiss olunur ki, yenidən vətənpərvərlik hisslərinin bərpası istiqamətində işlər görülür, bu, sevindirici haldır». İmtiyazlara gəlincə, Arif Səmədov onlardan yerli-yersiz istifadənin tərəfdarı deyil: «Nə ailəm, nə də mən hansısa məmurun qapısını döyüb Qarabağ qazisi olduğumuzu demirik. Heç vaxtilə bizim üçün gedişhaqqı pulsuz olanda belə, mən həmişə avtobusa pul verib düşərdim. Utanardım vəsiqə göstərməyə. Çünki mən bu ölkənin vətəndaşıyam və borcumu yerinə yetirmişəm. Heç bu da hər adama qismət olmur. Deyə bilmərəm Vətən üçün konkret nə etdim, amma gücüm çatan nəsə etdim. Ailəmin, övladlarımın qarşısında alnıaçığam. Onların mənimlə fəxr etməsi isə ən böyük hədiyyəmdir».
Sonda köməkçiləri Ramiq və Fərmanla birlikdə məni qapıya qədər ötürürlər. Sağollaşan kimi beynimdə reportajımı hazırlamağa başlayıram, xəyalən heç bir ad kölgəsinə sığınmayan, əksinə, Qarabağ qazisi kimi fəxrli adı çiynində daşıyaraq acılarını ürəyinə gömən bu Vətən oğlunun surətini cızıram…

(c) 2018. IEPF