Laçın icra hakimiyyətində AYAP dəstək qrupu ilə görüş

31.07.2014 · 1277 baxış

<b>UNİCEF-in Azərbaycan nümayəndəliyinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi layihənin bu mərhələsində bir araya gələn Laçın Gənclərinə dəstək qrupunun üzvləri Laçin Rayon icra hakimiyyəti başçısının 1-ci müavini Tofiq Mirzəyevə bu mövzuda suallarını ünvanlandılar , eyni zamanda layihələrini təqdim etdilər</b>

Laçın Gənclərinə dəstək qrupunun rəhbəri Elvin Həsənovun sözlərinə , bu mövzuya müraciət etməklərinin əsas səbəbi Laçın məcburi köçkün düşərgəsində keçirilmiş konsultasiyalardan əldə olunan məlumatlardır. Bu məlumatlara istinad etsək, təxminən 35,5 % hesab edir ki , gənclərin sağlam həyat tərzi keçirmirlər və bunun nəticəsi olaraq onların zərərli vərdiş aludəçilərinə çevrilirlər . Digər 30 % düşünür ki, gənclərin asudə vaxtlarını səmərəli keçirə bilmirlər. Digər problemli məsələlər sırasında isə ətraf ərazilərin tullantılarla çirkləndirilməsi , işsizlik , gender bərabərsizliyi , vətənpərvərlik ruhunun məhv olmağa doğru getməsi , erkən nigah var. Yuxarıda qeyd olunmuş məsələlər haqda məlumat əldə etmək üçün 200 nəfər gənc arasında sorğu keçirilmiş, bundan başqa sosial şəbəkələrdə də onlayn sorğular keçirilərək bu nəticələr əldə olunub.

Zərərli vərdişlərdən qurtulmağın yollarından danışan üzvü Şirin Şahbazov qeyd etdi ki, bu gün gənclər arasında ciddiyə alınmayan kifayət qədər zərərli vərdiş var, amma insanlar zərərli vərdiş dedikdə ya siqareti, ya narkomaniyanı , ya da spirtli içkiləri dilə gətirir. Halbuki ən az onlar qədər insan orqanizminə təsir edən və hər birimizin sahib olduğumuz bir çox zərərli vərdişlər var. Kompyuter alüdəçiliyini də bu siyahıya əlavə etmək olar. Təkcə Azərbaycana nəzər salsaq, bu vərdişdən əziyyət çəkən insanları kifayət qədər görə bilərik.Yatmayan insan əsəbi, gərgin, görünüş baxımından çirkin və s. olur. Bütün gününü streslə keçirən insan bununla beynini və özünü zədələyir. Bu, ən azı siqaret qədər təhlükəlidir, amma heç kim fərqində deyil. Gənclərə dəstək qrupunun digər üzvləri də bildirdilər ki, pis vərdişlər – istər siqaret olsun, istər narkomaniya olsun, istərsə də dərman qəbulu, yuxusuzluq, stress və s. – əsasən cavan nəsli hədəf alır. Ailədən qopmaq, azadlıq, sərbəstlik həvəsində olan gənclər pis mühitə düşməzdən əvvəl özləri özlərini böyüdüklərinə inandırırlar . Gənclər “mən cavanam, mənə heç nə olmaz” düşüncəsinə hakimdirlər. Gənclərin pis yönə yönlənməsinə səbəb ailənin də bəzən bu yolda olmasıdır. Siqaret çəkən bir atanın oğlu atasını örnək götürür və siqaretin məsumluğuna inanır. Yaxud mühitində pis vərdişə sahib insanlar varsa uşaq da istər istəməz özünü buna məcburmuş kimi hiss edir və başlayır.
Müzakirələrə qatılan və dəstək qrupunun üzvlərinin fikirlərini dinləyən Laçın rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Tafiq Mirzəyev gənclərlə bu mövzuda görüşlərin təşkil olunması ideyasını dəstəklədiklərini bildirdi. Onun sözlərinə görə, gənclərə qadağan etməklə yox, başa salmaqla onları zərərli vərdişlərdən yayındırmaq olar. Vərdişi tərgitdirmək ilə vərdişi bir müddətlik unutdurmaq tamamilə ayrıdır. Tamamilə tərgidilən halın geri dönüşü nadir hallarda olur. Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir. Sağlam həyat tərzi keçirmək , idmanla məşğul olmaq və s. Rayon İcra Hakimiyyəti başçısının müavini rayonda ekoloji maarifləndirmə sahəsində aparılan işlərə də diqqət çəkdi və bu sahədə gənclərin fəallığına ciddi ehtiyac duyulduğunu etiraf etdi.

Tədbirin gedişatında Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram departamentinin rəhbəri Ayaz Mirzəyev , “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsinin koordinatoru cənab Qiyas Abasov layihə ilə bağlı tədbir iştirakçılarına məlumat verib.

Laçın Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Tofiq Mirzəyev rayon gəncləri ilə onların üzləşdikləri problemləri birgə müzakirə etməyə daim hazır olduqlarını və tezliklə rayon ərazisində bu layihə çərçivəsində 200 nəfərin iştirakı ilə daha böyük tədbir keçirtmək istədiklərini diqqətə çatdırdı . Laçın Gənclərinə Dəstək Qrupunun rəhbəri Elvin Həsənov Dəstək Qrupu adından İcra Hakimiyyətinə rayonun seçilmiş ərazilərində əhali arasında və müxtəlif müəssisələrin işçiləri arasında zərərli vərdişlərə qarşı mübarizə , eləcə də ətraf mühitə tullantıların atılmaması, rayon ərazisində gənclərin iştirakı ilə iməcliklərin keçirilməsi və təbliğat işlərinin aparılmasına yönəlmiş tədbirlərin təşkili mövzusunda layihələr təklif etdi.

İcra hakimiyyətini təmsilçiləri isə öz növbəsində həmin görüşlərin təşkilinə dəstək verəcəklərini və bundan sonra da “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsi çərçivəsində yaradılmış Dəstək Qrupunun müxtəlif layihələri həyata keçirmələrinə yardımçı olacaqlarını vəd etdi. Tədbir hər iki tərəfin razılığı ilə hazırlanmış anlaşma protokolunun imzalanması ilə sona çatıb.

Protokolda Laçının seçilmiş bir neçə obasında gənclər arasında zərərli vərdişlərlə bağlı birgə seminarın təşkil olunması , həftənin bir günü qəsəbənin seçilmiş ərazisini tullantılardan təmizləmək və bukletlər paylamaq , İcra Hakimiyyətinin bu tədbirlərin təşkilində dəstək göstərməsi və rayon rəhbərliyinin özünün birbaşa bu tədbirlərə qatılması öz əksini tapıb.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF