<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Rayonunda yerləşən Peşə Təlim Mərkəzində təlimlərin 2-ci mərhələsi başa çatıb. Bu münasibətlə BAMF-ın sədrinin iştirakı ilə keçirilən mərasimdə layihə iştirakçılarına təlimi başa vurmaqla bağlı sertifikatlar təqdim olunub. Təqdimetmə mərasimində çıxış edən təşkilatın sədri Umud Mirzəyev bildirib ki, təlimlərin 2-ci mərhələsi uğurla keçib və əldə olunan nəticələr qənaətbəxşdir. BAMF-ın sədri bir daha əminliyini bildirib ki, 2013-cü ilin noyabrında icrasına başlanılmış layihə bir il müddətində Ağdam , Ağcabədi, Beyləqan və Bərdə rayonlarında bir sıra sosial problemlərin həllində vacib rol oynayacaq. </b>
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və İcma Əsaslı Təşkilatların gücləndirilməsi” layihəsinin 2-ci mərhələsi aprel ayında start götürüb. Layihə çərçivəsində 4 rayondan olan 30 nəfər qaçqın və məcburi köçkün , həyat yoldaşları miqrant olan qadınlar və əhalinin aztəminatlı təbəqəsi üçün peşəkar təlimçilər tərəfindən təlim sessiyaları keçirilib. Təlimlər kənd təsərrüfatı , kompyuter və tikiş bacarığı sahəsində aparılıb. Mərasimdə çıxış edən iştirakçılar tam təmənnasız aparılan bu təlimlərlə bağlı öz xoş sözlərini bildiriblər, bu layihənin davamlı olmasını arzulayıblar. Tikiş bacarığı təlimlərini başa vuran iştirakçılar isə hətta təlim çərçivəsində hazırladıqları geyim əşyalarını əyani olaraq təqdim ediblər. Bununla yanaşı layihə çərçivəsində sertifikat almış aktiv iştirakçılara öz biznes layihələrini başlamaq üçün imkanlar da yaradılacaq. Onlara güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Layihənin sonunadək 100 –dək iştirakçının qatılması planlaşdırılan , müxtəlif mövzularda keçiriləcək peşə təlimlərinin 2014-cü ilin oktyabr ayında başa çatması nəzərdə tutulur . Qeyd edək ki, layihə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi , Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir.
BAMF-ın İnformasiya Departamenti




