Dostları bir-bir itiririk. Rövşəni də beləcə itirdik…Bənzərsiz, əvəzolunmaz bir dost idi! Açığı, ölümündən bir neçə gün keçməsinə baxmayaraq, hələ də Rövşən Mustafayev haqqında keçmiş zamanda danışa bilmirəm. Necə yəni “var idi”, “deyərdi”, “edərdi”?..Neyləmək olar, bu da reallıqdır: bir gün varsan, bir gün yoxsan. Bu məlum. Amma biz onu belə erkən, ömrünün cəmi 48-ci çağında, həyat eşqi ilə alışıb-yanan, yazıb-yaradan bir zamanda itirməməliydik! Mübaliğəsiz demək olar ki, onun itkisi təkcə bir insanın, bir ailənin, bir kollektivin deyil, xalqımızın itkisidir. Sirr deyil ki, siyasi baxışından, ictimai mövqeyindən asılı olmayaraq Azərbaycanda bu vicdanlı alimi tanıyan hər kəs onu sevirdi.
Bir ziyalı olaraq Qarabağ probleminin olduğu kimi dünya ictimaiyyətinə çatdırılmasında, erməni faşizminin, terrorizminin tək Azərbaycan deyil, bütün bəşəriyyət üçün böyük təhlükə olmasının sübut edilməsində müstəsna xidmətlər göstərirdi. Əsl həqiqəti bəşəriyyətə çatdırdığına görə dünyanın müxtəlif mətbuat orqanlarında erməni lobbisi onun əleyhinə təbliğat aparırdı. Amma o bütün bunlara məhəl qoymadan bəşər övladının əmin yaşaması, dünya sülhünün qorunması üçün yorulmadan çalışırdı.
Məhz elə buna görə də onun qəfil ölümünə yananlar sırasında digər millətlərin nümayəndələri də az deyil: “Mən professor Rövşən Mustafayevin ölümündən çox kədərləndim. Çox heyflər olsun ki, mən bu əvəzolunmaz insanla, ziyalı ilə şəxsən tanış ola bilmədim”. Bu sözləri Rusiyanın tanınmış yazıçısı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Rusiya nümayəndəsi Boris Qolovin Rövşənin ölüm xəbərini eşidib yazıb.
Yeri gəlmişkən, B.Qolovin Rövşən müəllimin erməni faşizmini ifşa edən və BAMF-ın xüsusi mükafatına layiq görülən “Ölüm Marşı” kitabına rəy də yazıb. Sözügedən kitabın digər rəyçisi isə Latviyanın tanınmış jurnalisti, “MK-Latiya” qəzetinin redaktoru Modris Auzinşdir. O, kitabla bağlı rəyində yazır: “Kitabın əvvəlində erməniçiliyin kommunizm və faşizmlə bir yerə qoyulması, müəllifdə şəxsi emosiyaların üstünlük təşkil etməsi fikrini yaratsa da, gətirilən konkret fakt və sübutlar insanda bu fikri arxa plana çəkir. Bir çox sənədli dəlillər və arxiv materiallarına əsaslanaraq (həmçinin erməni arxiv materiallarına da), Rövşən Mustafayev “ayrıca” götürülmüş bir millətin kontekst, metod və əsas məqsədlərini aydınlaşdırır. Müəllifin araşdırmaları XIX əsrdən bizim dövrə qədər, həmçinin, 1918-1919-cu illərdə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri genosid siyasəti və 1939 – 1945 – cil illər Holokost faciəsini dəqiqlikə göstərir.” Əlavə şərhə ehtiyac varmı?
…Bizi cismən tərk etməsindən az zaman kəsiyi keçsə də, artıq onun yoxluğunu hiss edirik. Hələ aylar, illər keçdikcə daha da çox hiss edəcəyik.
Ən böyük təsəlli isə odur ki, Rövşən müəllimin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaqdır.
Umud Rəhimoğlu
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
