Müəllif: Lalə Musaqızı, “Mərkəz” qəzeti, 18 iyun 2008
“100 manatla üç uşağı saxlayım, yoxsa dava-dərman alım?”
Pirşağı qəsəbəsi, Qızılqum sanatoriyası… Dəniz, qumsallıq, sərin hava… Çoxları buranı cənnət hesab edə bilər. Ancaq hər gün bu gözəl guşədə yerləşən fin evdə səhəri qarşılamaq Rafael müəllim üçün cəhənnəm əzabından başqa, bir şey deyil. Hər dəfə yuxudan ayılanda bütün varlığıın bürüyən ilk hiss yaralı bədəninin sızıltısı olur. Hər gün də eyni həyəcanla qəriblikdə – Laçından kənarda gözünü açmasına heyifsilənir. Şiddətli ağrıları tutanda, hər dəfə yeriyə bilmədiyini anlayanda peşman olur. Vətən uğrunda döyüşdüyünə görə yox, lazımi qiymət almadığına, özünün dediyi kimi yada düşmədiyinə, uşaqlarının gözlərinə baxa bilmədiyinə görə. Körpələrini onların istədiyi kimi böyüdüb, təhsil verə bilməyib. Əmək qabiliyyətini itirdiyindən ümidi dövlətdən hər ay aldığı 100 manata bağlıdı. Amma əksər vaxtlarda bu məbləğin üstünə borc-xərc tapıb 100 manat da qoyur və həkimlərə, dərmanlara xərcləyir. Hər gününü beləcə yola verir. Deyir, buna yaşamaq demək olmaz.
Bilgəhə gedən yol…
Müsahibimiz Rəfael İsmayılovdur. 1992-ci ildə Laçının Fərraş kəndində minaya düşüb. Minaya düşməmişdən əvvəl isə Xocalıdan məcburi köçkün düşüb: “Əslən laçınlı olsaq da, Xocalıda yaşayırdıq. Ancaq atamgil Laçında qalırdı. Xocalı faciəsindən bir həftə əvvəl atam bizə gəlmişdi. Uşaqları və yoldaşımı götürüb Laçına getdi. Həmin gecə yalnız ailəmizdən mən idim Xocalıda. Gecə saat 21-22 radələrində hamı Xocalını tərk etməyə başladı. Başqa əlac yox idi. Ermənilər tankla, avtomatla təchiz olunmuşdu, bizdə isə yalnız ov tüvəngi vardı. Həmin gecə qolumdan güllə yarası aldım. Bir müddət Ağdamda qohum evində qaldıq. Sonra ailəlikcə bizi və digər Xocalıdan olanları avtobuslara yığıb Bakıya, Bilgəhə apardılar”.
Bilgəhə gəldikləri bir həftə olmamış Rafael müəllim, gecə heç kimin xəbəri olmadan evdən çıxır – keçmiş “Bakı Soveti” metrosu yaxınlığında yaradılmış laçınlılardan ibarət könüllü dəstəyə qatılmaq üçün: “Uğurlarımız çox oldu, ermənilərin aldığı kəndlərin çoxunu geri qaytardıq. Hər dəfə irəli gedəndə bizə deyirdilər ki, yuxarıdan göstəriş var, geri dönün. Sentyabrın 28-də Laçının Fərraş kəndində idik. Ermənilərin sözügedən rayonun Piçənis kəndindəki mövqeyini tutmağa hazırlaşırdıq. Bir neçə nəfərlə uşaqlara ərzaq məhsulları, silah-sursat aparırdıq. Binoklla irəliyə baxdım ki, erməni var, ya yox. 40-50 metr aralıda yerə mina basdırıldığını gördüm. Sovetin vaxtında hərbi xidmətdə mina təmizləyən olmuşam. Uşaqlarla zarafatlaşa-zarafatlaşa, onları minanın partlayacağı ilə qorxuda-qorxuda piyada əleyhinə minanı zərərsizləşdirdim. Təzədən yolumuza davam etdik. Elə bir azca getmişdik ki, maşının ortası minaya düşdü. Sən demə, maşın təkərinin iz saldığı digər yerdə də mina basdırılıbmış”.
“Ağrılarım tutanda nə edəcəyimi bilmirəm”
Döyüşçülər ayılanda özlərini Kəlbəcərdəki xəstəxanada görürlər: “Bizi meşədən güclə tapmışdılar. Ayılıb vəziyyətimi görəndə pəncərəyə yumruq vurdum. Zərbədən əlim parça-parça oldu. Özümə gələndə fikrimdən ilk keçən ailəm oldu. “Onları bir də görəcəyəmmi”,-deyə düşündüm. Hər nəfəs alanda elə bilirdim ki, ömrümə bircə saat qalıb. Evə tez çatmaq, balalarımı görmək istəyirdim. Onların siması gözümün önünə gəlir, “ata, niyə belə oldun?” deyib itirdilər. Evdə isə vəziyyətimdən hələ heç kəsin xəbəri yox idi. Yaşamaq istəsəm də, sağ qalacağım təqdirdə uşaqları necə işləyib saxlayacağımı düşünürdüm. Çünki artıq fiziki iş qabiliyyətimin olmayacağını anlamışdım”.
Kəlbəcər xəstəxanasında generatorun işığında əsgərlərin yaraları sarınır, onları vertolyotla Gəncəyə aparırlar. Oradan da Bakıya hərbi hospitala gətirirdilər: “4 ay ardıcıl olaraq hər həftə əməliyyat olundum, ayağımı yerinə yığdılar. Ancaq topuğum yox idi. Sonra İrana yolladılar. İranda da bir az qaldıq, maliyyəni verən geri çəkildiyindən təzədən Bakıya qayıtmalı olduq. Ağabəy Soltanlı adlı həkim Almaniyada ayağımın tam bərpa olunacağını bildirdi. Bunun üçün isə 80 min dollar lazım idi. Güldüm. Nəyə güldüyümü soruşdu. Dedim ki, “ömrümün axırınacan nəslim ev-eşiyini satsa da (onsuz da əksəriyyətinin evi ermənilərdə idi-R.), işləsə də o pulu yığa bilmərik”. Beləcə ömürlük əlil qaldım. İkinci qrup əlil”.
“Yenə də Cəmilə baxdı mənə”
Dediiynə görə, bütün bədəni qəlpə ilə dolubmuş: “Sinəm, qabırğalarım qırılıb, mədəm, qaraciyərim və digər daxili orqanlarım da minadan zədələnib, əsəbiyəm. Ağrılarım tutanda nə edəcəyimi bilmirəm. Hərdən ən güclü ağrıkəsici də köməyim olmur. Ayağıma baxanda bütün əsəblərim gərilir, hər addım atıb yeriməyə çətinlik çəkəndə gözümün qarşısından keçmişim lent kimi gəlib keçir”.
Hospitalda qaldığı 4 ay müddətində, özü də kişi palatasında yoldaşı Cəmilə başının üstündə olub. Anasının belə nazını çəkə bilmədiyi ömür-gün yoldaşına dayaq olub, “uşaqlarının başının üstündə dur, yetər” deyib. Rafael müəllim də Cəmilə xanımın sayəsində bu günlərə gəlib çata bildiyini deyir: “Əsəbi olduğumdan hospitalda ağzımdan hər cür söz çıxıb, ancaq Cəmilə dözüb. Anamın tab gətirə bilmədiklərinə Cəmilə sinə gərdi. Hospitalda yatanda anam bir gün yanımda qaldı, sızıltıma dözə bilməyib sabahısı gün getdi. Yenə də Cəmilə baxdı mənə”.
Problemləri isə başından aşıb-daşır. Bir oğul, iki qız atası olan Rəfael müəllim həm bugünkü problemlərini, maddi və mənəvi sıxıntılarını düşünür, həm də uşaqlarının gələcəyini fikirləşir: “Qızlarıma təhsil verə bilmədim. Yalnız oğlum texnikumu bitirdi, indi də iş tapmır. Qızlar artıq böyüyüb, sabahısı gün onları necə köçürəcəyimi də özümə dərd etmişəm. Bir də görürsən ağrılara dözməyib həkimə gedirəm. Həkim “resept” yazanda deyirəm, “havayıdan yazma, onsuz da almağa pulum yoxdur”. Təqaüdüm ən vacib ağrıkəsiciləri almağa ancaq yetir. Dövlətdən mənə qalan bir dənə OKA markalı maşındır. O da olmasaydı, yəqin ev dustağına çevriləcəkdim. Yaşadığım da, gördüyünüz kimi fin evdir. Mavi yanacaq yerli-dibli yoxdur, yayda isə su olmur”.
100 manatla üç uşaq saxlamaq?
Rafael müəllimin əsəblərinə toxunan məsələlərdən biri də hər gün bir müğənniyə təqaüd kəsilməsi, müxtəlif orden, medalların verilməsidir: “Müğənnilərə bizdən çox təqaüd verirlər. Düzdür, sabahısı gün müharibə olsa, onlar öz mahnıları ilə vətən oğullarını döyüşə səsləyəcəklər. Ancaq vətən oğulları vaxtilə vuruşub mənim kimi yada düşməyənləri, həyatla çabalaşıb ailəsini dolandırmaqda aciz qalanları görüb getməyəcək vətəni qorumağa axı. Əgər dövlətin imkanı olmasaydı, umacağım da olmazdı. Ancaq Müdafiə Nazirliyinin illik büdcəsi Ermənistanın ümumi büdcəsinə bərabərdir. Axı bilirəm ki, dövlət mənim yaxşı demirəm, normal yaşamağım üçün nəsə edə bilər. 100 manatla mən üç uşağı saxlayım, yoxsa həmin pulu dava-dərmanıma verim? İşləmək qabiliyyətim də yoxdur ki, ailəmi birtəhər dolandırım. Dövlətin heç olmasa hər il bircə dəfə də olsa əsəblərimin sakitləşməsi üçün məni sanatoriyaya, əlillərin reabilitasiya mərkəzinə göndərməyə imkanı yoxdur? Müalicəm üçün Əli İnsanovun vaxtında dəfələrlə Səhiyyə Nazirliyinə müraciət etmişəm, Sabunçu rayon İcra Hakimiyyətinə və digər dövlət qurumlarına da üz tutmuşam, faydası olmayıb”.
“Atamın adı bizə bəsdir”
Uşaqları ataları ilə fəxr edir. Evin balaca qızı Gülnarə deyir ki, atası vətən uğrunda vuruşduğuna görə qürur duyur: “Noolsun ki, atam döyüşərkən evində oturub kefini çəkənlərin balalarından pis geyinirik, pis yeyirik, pis yaşayırıq. Atamın adı bizə bəsdir. Atamın quru qayğısı bizim böyüməyimizə yetər. Taki o əsəb keçirməsin”.
Gülnarə deyir ki, arada atası elə əsəbiləşir ki, qorxur: “Ancaq başa düşürəm ki, müharibənin vurduğu zərbədir, adi şeylərdən əsəb keçirir”.
SON: Onu yaşadan bircə şey varsa, o da nə vaxtsa torpağını görmək ümididir. Buna görə də “ölsəm, məni Bakıda əmanət basdırın” deyir. Rafael müəllimin ən böyük arzusu Şuşadan Laçına dizin-dizin getməkdir. İnanır ki, ayağı, ömründə bircə dəfə də olsa sözünə baxacaq və o bu əhdini gerçəkləşdirəcək…
