Mənim Qarabağ səfərim…

07.06.2008 · 1224 baxış

Mən ilk dəfəydi ki, Qarabağın gözəl guşələrindən biri olan Füzuliyə səfər edirdim. Yaz ermənilər tərəfindən 15 il əvvəl işğal edilib dağıdılan, yandırılan, bir qədər sonra isə Azərbaycan ordusu tərəfindən azad edilən bu gözəl yerlərə yenicə gəlmişdı. Hər tərəf göz oxşayan yaşıl bir örpəyə bürünmüşdü. Tərtəmiz Qarabağ havasından ciyərlərimizə çəkə-çəkə o gözəl yerləri gəzdik. Həyatım boyu ilk dəfə əsrarəngiz çöl laləsinə də elə burada rast gəldim. İlahi, necə də gözəldir!!! Avtomobildən aşağı enib yol yoldaşlarımla birgə çöl laləsi dərdim. Nə yaxşı ki, həmin gozəl anlar fotoaparatımın yaddaşına həkk olunub. Lalə barədə fikirlərimi sonra qələmə aldığım şeirimdə yazmışam…
Bu səfər Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiasının (AMZA) Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəalyyətinin istiqamətləndirməsi» layihəsi çərçivəsində reallaşdı. Daha doğrusu, BAMF-ın sədri cənab Umud Mirzəyevin təşəbbüsü ilə mən bu səfərə yollandım. Və peşiman deyiləm…
*****
Füzulidə olana qədər bu və digər layihələr barədə Umud müəllim mənə xeyli məlumat vermişdi. Onun dediyinə görə, apelin 4-də Mina Təhlükəsinə Qarşı Beynəlxalq Mübarizə günü Agstafa rayonunda qeyd olunmuşdu. Həmin tədbir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə BAMF-ın həyata keçirdiyi «Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının Ağstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihəsi çərçivəsində təşkil edilib. O görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi, icra hakimiyyəti başçısının ərazi üzrə nümayəndələri, bələdiyyə orqanlaranının rəhbərləri, BAMF-ın həyata keçirdiyi layihənin işçi heyəti, Təlim Qrupuna cəlb edilmiş mina qurbanları, minadan zərər çəkmiş könüllülər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər. Tədbirin sonunda isə təlimlərə cəlb edilmiş mina qurbanlarına sertifikatlar təqdim olunub.
*****
Mina qurbanları ilə Füzulidəki görüşümüz AMZA-nın Horadoz qəsəbəsindəki ofisində baş tutdu. Bura xeyli minadan zərərəçəkən toplaşmışdı. Hər biri özü haqqında qısa məlumat verdi. Problemlərindən söz açdılar. Xatırladım ki, minadan zərərçəkən bu insanların hər birinin başına gələnlər barədə AMZA-da məlumat toplanıb. Bu layihə çərçivəsində mina qurbanlarına müxtəlif peşələr öyrədilib, hüquqi yardımlar göstərilib. Kənd təsərrüfati və heyvandarlıq sahəsində çalışanlara isə kreditlər verilib. BAMF-ın apardığı ardıcıl işlər nəticəsində taleyinə mina faciəsi yazılmış xeyli küskün insan bu cəmiyyətə reablitasiya olunub. Əllərini, ayaqlarını mina aparması nəticəsində həyatdan bezən və yaşamaq istəməyən insanlar bu gün qurub yaratmaq eşqi ilə çalışır. Mən onlardan biri ilə-Kərimbəyli kənd sakini Namiq Məmmədovla tanış oldum. O, öz kəndlərində ingilis dilindən dərs deyir. Mənimlə söhbətində həmin bədbəxt hadisə baş verən günü xatırlayaraq, Namiq öz hekayətini danışır:”Fevralın 28-də anamla həyətimizi təmizləyib zibili bir yerə topladıq. Qəflətən partlayış baş verdi. Elə bil ki, kimsə var qüvvəsi ilə mənim çənəmdən vurdu. Dişlərim qırıq-qırıq olmuşdu. Anam mənim qana boyandığımı görüb qışqırmağa başladı. Amma özündən xəbəri yox idi. Yara isti olduğundan harasından və necə yaralanmasının fərqinə varmırdı. Bir qədər sonra isə anam da ağır yaralandığını bildi. Bizi xəstəxanaya çatdırdılar.”
Namiqin faciəsini ürəkağrısıyla dinlədim. Axı bu dinc insanların nə günahı var? Niyə onlar öz doğma evlərində, ocaqlarında yaralanmalıdırlar? Niyə onların həyatları təhlükəyə atılmalıdır? Mənə doğma Nigeriyam kimi əziz olan Azərbaycanda bütün bunlar hamısı Ermənistanın işğalı nəticəsində yaranmış problemlərdir. İnsan həyatına vurduğu fəsadları heç kimin bərpa edə bilmyəcəyi problemlər.
Yeri gəlmişkən, Azərbaycanda mina və partlamamış hərbi sursatların təmizlənməsi işinin prioritetlərini Azərbaycan Respublkası Ərazilərinin Minadan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) müəyyənləşdirir. Mənim çalışdığım BAMF isə 2000-ci ildən bu işə qoşulub. Hesab edirəm ki, bu çox vacib bir sahədir. Hər kəs bu sahəyə ciddi önəm verməlidir. Nə qədər ki, Azərbaycan torpaqları ışğal altındadır, nə qədər ki, mina dinc insanların həyatına faciə gətirir hər kəs diqqətli və ehtiyatlı olmalıdır.
*****
…Qucağımda bir dəstə çöl laləsi Füzulidən-Qarabağdan Bakıya qayıdıram. Yol boyu böyük quruculuq işlərinin şahidi oluram. Yeni yollar, körpülər, parklar salınır, binalar tikilir, ağaclar əkilir. Kaş Azərbaycan torpaqları tezliklə ışğaldan azad ediləydi, müharibə bitəydi. Və belə quruculuq işləri Qarabağda da aparılaydı…
LALƏLƏRİM

Könlümdə bir maraq, nə vaxtdan bəri
Gəzib dolaşıram mən bu yerləri.
Bir yanda dərələr, qarlı zirvələr,
Bir yanda zəmilər, yanıqlı çöllər…
Hər üzdə savaşın izi olsa da,
Qələbə əzmi var xalqın canında.

Yanımda ölümün boz kölgələri,
Keçirəm minalı dar döngələri.
Düşmən hiyləsinə qalib gələrək,
Dayandım bir dikdə, sinəmdə bir ah:
Bu gözəl təbiət – bu boyda sərvət
Deyirəm gör kimə qalıbdır Allah…

Könlümü oxşadı burada bir gül,
Lalədir dedilər o gülün adı.
«Lalə, Lalə» deyə pıçıldadıqca
Sanki dodaqlarım alışdı-yandı.

Allahım, onun da adı Lalədir;
O da qara gözlü, al yanaqlıdır,
Bu da qara gözlü, al yanaqlıdır.
Ah, necə gözəldir bu ulu diyar
Burada tapmışam özümə bir yar!
Müəllif: Nik Nvolisa
İngiliscədən tərcümə: Firəngiz Nəsir
Ədəbi redaktə: Tofiq Qaraqaya
*************
Yazının ingiliscəsi: My Trip To Karabakh
Nigeriya vətəndaşı olan Nik Nvolisa Azərbaycanda təhsil alan yüzlərlə əcnəbi tələbələrdən biridir. O, hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır (könüllü). Nik Azərbaycanın tarixinə, mədəniyyətinə, folkloruna, təbiətinə böyük maraq göstərir və ölkəmizlə bağlı düşüncələrini qələmə alır.

(c) 2018. IEPF