Mətbuat Şurasında 3 May Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı «dəyirmi masa» keçirilib

03.05.2011 · 1138 baxış

<b><br /> Tədbir Mətbuat Şurasının, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə baş tutub</b><br /> <br /> Bu gün Azərbaycan Mətbuat Şurasının, YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin təşkilatçılığı ilə 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş «dəyirmi masa» keçirilib. Mətbuat Şurasında baş tutan toplantıda təşkilatçı qurumların rəhbər şəxsləri ilə yanaşı, ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin, habelə jurnalist birliklərinin təmsilçiləri, media ekspertləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün tarixi ilə bağlı məlumat verib. O bildirib ki, BMT Baş Assambleyası 1991-ci ildə keçirilmiş YUNESKO Baş Konfransının 26-cı iclasının tövsiyələrinə əsaslanaraq 1993-cü ildə 3 may tarixini Ümumdünya Mətbuat Azadlığı Günü elan edib. «Azərbaycanda da bu tarix özünəməxsus şəkildə qeyd edilməkdədir. Buna çox böyük önəm verilir. Hər il media ictimaiyyəti bu gün bir yerə toplaşaraq söz və mətbuat azadlığı sahəsindəki durumu nəzərdən keçirir, problemlərin aradan qaldırılması yollarını müəyyənləşdirir. Ümidvaram ki, toplantımızda səslənən fikirlər mövcud məqsədə çatmaq baxımından böyük əhəmiyyət daşıyacaqdır», – deyə o vurğulayıb.

YUNESKO-nun Azərbaycan Respublikası üzrə Milli Komissiyasının rəhbəri Günay Əfəndiyeva bildirib ki, 3 may tarixi əsasən söz və mətbuat azadlığı sahəsində müsbət nəticələr əldə edən, bu prinsiplərə dəyər verən ölkələrdə böyük bayram kimi qeyd edilməkdədir. Ölkəmizdə də mövcud mənada irəliləyişlərin əldə edildiyini deyən G.Əfəndiyeva diqqəti medianın inkişafına yönələn dövlət tədbirlərinə çəkib. «YUNESKO-nun Azərbaycandakı media qurumları ilə münasibətləri artan xətt üzrə inkişaf etməkdədir. Ötən il biz qlobal iqlim dəyişmələrinin insanların həyatına təsirini nəzərə alaraq Mətbuat Şurası ilə birgə ekoloji mövzuda yazan jurnalistlər üçün seminarlar təşkil etdik. Bu ənənənin davamlılığında israrlıyıq», – deyən xanım Əfəndiyeva həmçinin tədbir iştirakçılarını BMT-nin və YUNESKO-nun 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş birgə müraciəti ilə tanış edib.

Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan üzrə Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu bildirib ki, hər il dünyada 3 may tarixinin çox böyük təmtəraqla qeyd olunduğunu bildirdi. O, BMİ-nin rəhbəri Alison Makkenzinin təbrikini tədbir iştirakçılarına çatdırdı: «Bir neçə saatdan sonra Vaşinqtonda YUNESKO və ABŞ Dövlət Departamentinin təşkilatçılığı ilə dünyanın 20 nüfuzlu media qurumlarının nümayəndələrinin qatılacağı geniş mərasim təşkil olunacaq. UNESCO-nun baş direktoru İrina Bokovanın rəhbərliyi ilə başlayacaq tədbirdə, Beynəlxalq Mətbuat İnstitutunun rəhbəri Alison Makkenzi də iştirak edəcək. Belə tədbirlərdə dünyada söz və mətbuat azadlığının durumu geniş şəkildə nəzərdən keçirilir. », – deyə o əlavə edib. Konkret statistik rəqəmlərə müraciət edən U.Rəhimoğlu həmçinin son on ildə dünyada 788 jurnalistin öldürüldüyünü və ən çox qətl hadisəsinin Pakistanda törədildiyini vurğulayıb. O, tanınmış iranlı jurnalist, hazırda həbsdə olan Əhməd Zebabadinin YUNESKO-nun mətbuat azadlığı mükafatına layiq görüldüyünü də xatırladıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli söz və mətbuat azadlığı məsələlərinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu bildirib. O, rəhbəri olduğu qurumun formalaşmasını və həyata keçirdiyi tədbirləri medianın fəaliyyətinin gücləndirilməsi və müstəqilliyinin dəstəklənməsi istiqamətində önəmli mərhələnin başlanğıcı kimi dəyərləndirib. KİVDF-nin ötən müddətdə reallaşdırdığı işlər barədə geniş məlumat verən icraçı direktor qurumun qarşıdakı planlarından da söhbət açıb.

Daha sonra tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri, «Ayna-Zerkolo» qəzetinin baş redaktoru Elçin Şıxlı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu, «Yeni zaman»-«Novoye vremya» qəzetinin baş redaktoru Şakir Ağayev, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, «Assa-İrada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbasov, jurnalist Azər Həsrət və başqaları çıxış ediblər. Onlar 3 may Ümumdünya Mətbuat Azadlığı Gününün dünyada böyük ictimai hadisə olduğunu vurğulayaraq Azərbaycan mediasının özünəməxsus inkişaf yolu ilə cəmiyyətdə söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsində müstəsna rol oynadığını bildiriblər, ölkə mətbuatının mövcud problemlərə toxunublar.

(c) 2018. IEPF