Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti «Azərbaycan» Nəşriyyatında iclas keçirib. Toplantıda əsasən Şuranın İdarə Heyətinin 26 dekabr 2008-ci il tarixli iclasında «reket» qəzetlərlə bağlı qəbul etdiyi qərar ətrafında söhbət açılıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, «Azərbaycan» Nəşriyyatı nəinki ölkəmizdə, eləcə də bütün Qafqazda bu tipli ən böyük şəbəkədir. Qurumun zəngin ənənələrindən danışan Şura sədrinin sözlərinə görə, son illər təşkilatda həyata keçirilən kompleks tədbirlər onun nüfuzunun artırılmasına yönəlib: «Nəşriyyatın mətbuatımızın nüfuzunun yüksəlməsində xidmətləri də göz qabağındadır. Qurum Mətbuat Şurasının «reket» qəzetlərlə bağlı qərarına ilk reaksiya verənlərdən olub. Bu isə mediamızın saflaşması istiqamətində başlanılmış işin davamı baxımından olduqca əhəmiyyətlidir».
İH üzvlərindən – MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, «Ədalət» qəzetinin baş redaktoru Aqil Abbas, «Azərmətbuatyayımı» ASC-nin sədri Vüqar Səfərli, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı və «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev çıxışlarında MŞ-nın son qərarının ictimaiyyət tərəfindən rəğbətlə qarşılandığını vurğulayıblar. Onlar bildiriblər ki, «Azərbaycan» Nəşriyyatı kimi nüfuzlu bir təşkilatın bu prosesə reaksiyası məsələnin ictimai mahiyyətini qabardan önəmli cəhətlərdəndir.
«Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərov çıxışında MŞ-nın «reket» qəzetlərlə bağlı açıqlamalarını problemlə mübarizədə ən təsirli metod adlandırıb. O, başlanılmış işin gələcəkdə də davamının arzulandığını və rəhbərlik etdiyi qurumun Mətbuat Şurası ilə bu istiqamətdəki əməkdaşlığının genişləndiriləcəyini deyib.
