Mətbuatın nüfuzu aşağı düşüb"

28.12.2008 · 1718 baxış

Umud RəhimoğluUmud Rəhimoğlu: “2009-cu ildə qəzetlərin maliyyə vəziyyəti xeyli yaxşılaşacaq”
Mətbuat Şurasının İdarə Heyəti bu günlərdə özünün bir illik fəaliyyətini müzakirə edib. Şura üzvləri qurumun il ərzində gördüyü işləri kafi qyimətləndiriblər. 2008-ci ildə Azərbaycan mətbuatının vəziyyəti, problemləri və uğurları barədə müsahibə verən Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu nikbin danışır.
– Birmənalı fikir söyləmək çətindir. Amma bir şeyi demək olar ki, 2008-ci ildə prezident İlham Əliyev “Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi” haqqında sərəncam imzaladı. Bu sərəncamdan irəli gələn müəyyən işlər görülür. Növbəti ildə mətbuata müəyyən subsidiyaların, yardımların ayrılması istiqamətində addımlar atılıb. Mətbuata Yardım Fondu formalaşmaqdadır. Bu istiqamətdə büdcədən malliyyə ayrılması da nəzərdə tutulur. Bu cəhətdən Mətbuata Dövlət Yardımı Konsepsiyasını fövqəladə bir təşəbbüs kimi qiymətləndirmək lazımdır. Düşünürəm ki, bu istiqamətdə atılan addımların Azərbaycanda mətbuatın inkaişafına çox böyük təsiri olacaq. Problemlərə gəlincə, Mətbuat Şurasının son iclasında 36 mətbuat orqanının adı “reket” qəzetlərin siyahısına daxil edilib. İstəmədik ki, bayram qabağı onların adlarını açıqlayaq. Ancaq yəqin ki, yaxın günlərdə onların adlarını ictimaiyyətə açıqlayacağıq.
– Umud müəllim, müsbət addımlardan danışdınız, ancaq 2008-ci ildə də mətbuata təzyiqlər davam etdi, həbsdə olan jurnalistlərimiz hələ azadlığa çıxmayıb, yəni problemlərimiz də çoxdur…
– Bəli, problemlərimiz də var. Ancaq bir məqamı da qeyd etməyə borcluyuq. Bildiyiniz kimi, Qənimət Zahid və Mirzə Sakitin atası rəhmətə gedəndə hər iki məhbəs həyatı yaşayan jurnalist bir həftəliyə evə buraxıldı. Bu addım cəmiyyət tərəfindən çox yüksək dəyərləndirildi. Bundan əlavə, onların azadlığa çıxması ilə bağlı məsələ də gündəmdə dayanır. Bununla bağlı Mətbuat Şurası tərəfindən prezidentə müraciət ünvanlanıb. Bilirsiniz, biz cəmiyyət olaraq, qanunlara əməl etməyi öyrənməliyik. Onu da qeyd edim ki, öz işlərini peşəkar səviyyədə görən mətbuat orqanları demək olar ki, problemlərlə üzləşmirlər. Yəni, harda siyasiləşmə, birtərəflilik, qərəzlilik varsa, təbii ki, orada problemlər də olacaq.
– Sözünüzdən belə çıxır ki, bu gün mətbuat nümayəndələri peşəkar olmadığı, siyasiləşdiyi üçün təzyiqlərə məruz qalırlar?
– Gəlin, məsələni birtərəfli müzakirə etməyək. Bu gün Azərbaycan mətbuatının vəziyyəti göz qabağındadır. Yeni qəzet yaranır, sonra məlum olur ki, bu, hansısa siyasi qurumun, yaxud kiminsə ambisiyasına xidmət edir. Mətbuat orqanının dayanıqlı olması üçün onu yaradanlar tərəfindən kifayət qədər resurslar ortaya qoyulmalıdır. Mətbuatımızın problemləri təkcə təzyiqlər deyil. Professional mexanizmlər qurulduqca, bu cür hallar da aradan çıxacaq. Jurnalist işini incə şəkildə qurmalıdır. Mətbuatın problemlərini siz özünüz yaxşı bilirsiniz.
– Bəs, bu problemlərin kökündə nə dayanır? Məsuliyyət kimin üzərinə düşür, hakimiyyətin, yoxsa qəzet rəhbərlərinin?
– Cəmiyyətimizin durumu o problemlərlə tarazlıq təşkil edir. Bu gün cəmiyyətimiz necədirsə, mətbuatımız da təxminən o vəziyyətdədir. Mən 80-ci illərdə mətbuata gəlmişəm. Mətbuatın böyük nüfuza malik olduğu bir dövrdə tanınmış bir qəzetin şöbə müdiri və aparıcı yazarlarından biri olmuşam. Ancaq indi vəziyyət dəyişib, mətbuatın nüfuzu aşağı düşüb. Biz mətbuatın həmin nüfuzunu saxlaya bilmədik. O dövrdə adi bir qəzet işçisi kifayət qədər hörmətə malik idi. Hər hansı bir sahədən yazılan məqalələr ciddi şəkildə araşdırılıb, təhlil olunub mətbuat səhifəsinə çıxarılırdı. Ancaq indi qəzetlərin 90 faizində gedən materialların əksəriyyəti araşdırılmadan, tində-bucaqda deyilən söhbətlər əsasında yazılan yazılardır. Bu da qeyd olunan problemlərin yaranmasına, bütövlükdə jurnalistikamızın səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, hesab edirəm ki, son vaxtlar mətbuatla bağlı atılan addımlar, verilən sərəncamlar jurnalistikamızın inkişafına təkan verəcək. Xüsusilə, mətbuata dövlət dəstəyi ilə bağlı prezidentin sərəncamı daha önəmlidir. İnanıram ki, bu istiqamətdə nəzərdə tutulan tədbirlər həyata keçdikcə mətbuatın problemləri öz həllini tapacaq. Mən bilirəm ki, mətbuatda çalışan adamların kifayət qədər problemləri var, həmkarlarımız çox az maaş alırlar. Bunlar bizim hər birimizi düşündürür və narahat edir. Mən 89-cu ildə şöbə müdiri kimi 600 rubl məvacib, 400-500 rubl qonorar alırdım. O pulla dünyanın yarısını gəzmək olardı. Amma bu gün Azərbaycan mətbuatında vəziyyət elə də yaxşı deyil. Dayanıqlı qəzetlər demək olar ki, yoxdur. Çox az qəzet var ki, əməkdaşlarını müqavilə əsasında işlədir, sosial problemlərin həllinə yardım göstərə bilir. İstərdim ki, qəzetlərimiz dayanıqlı olsunlar, maddi problemlərini həll edə bilsinlər. Hesab edirəm ki, növbəti ildə bu istiqamətdə müəyyən layihələr həyata keçiriləcək.
– Sizcə, həbsdə olunan jurnalistlər tezliklə azadlığa çıxa bilərlərmi?
– Bu məsələ bizim gündəmimizdədir. Eyni zamanda əfv etmək cənab prezidentin səlahiyyətində olan məsələdir. Hər halda biz Mətbuat Şurası olaraq, bu istiqamətdə addımlar atmışıq, bundan sonra da səylərimizi artıracağıq. Düşünürəm ki, bu məsələ yaxın vaxtlarda öz müsbət həllini tapacaq.
// Zaur, “Reytinq” qəzeti, 28 dekabr 2008-ci il

(c) 2018. IEPF