Müəllif: Məmmədrza Quliyev, “Vətən uğrunda” qəzeti, 31 may-6 iyun 2008
Iş zamanı xəsarət almış dostumu həkimlərin tibbi komissiyasından keçirmək üçün xəstəxanaya aparmışdım. Həkimlərin qəbul otağının yanında çoxlu xəstə toplamışdı. Bir kişi həkimlərin ünvanına nalayiq sözlər deyərək ucadan danışırdı. O, əlindəki bir şəkli havaya qaldırıb hamıya göstərərək qışqırırdı:
-Ay camaat, həkimlər mənə qulaq asmaq istəmirlər. Barı heç olmazsa siz mənə qulaq asın. Bu, mənim oğlumun şəkilidir. O, döyüş zamanı sağ ayağını itirib. İndi ona pensiya kəsmək üçün həkimlər bizi otaq-suvar ediblər. Nə sənəd deyiblərsə, hamısını düzəltmişik. Aşığın sözü qurtaranda “Aman, aman” dediyi kimi, indi də həkimlərin bəhanəsi qurtarıb, uşağın bura gəlməsini tələb edirlər. Oğlum dəfələrlə həkimlərin yanında olub. Hamısı xəstənin bir ayaqlı olduğunu görüblər. Ay camaat, mən bilmirəm əgər xəstə bura gəlsə ayağı yerinə gələcək? Yazıq uşaq qəlpələrin ağrısından gecə səhərədək yata bilmir. Gündə bir neçə dəfə ağrı kəsici dərman atır.
Kişinin əlindəki şəkil mənə çox tanış gəldi. Mən kişiyə yaxınlaşıb astadan soruşdum:
– Dayı, o şəkil Qarayevin şəkilidir?
Kişi üzümə təəccüblə baxıb dedi:
-Bəli, Siz onu haradan tanıyırsınız?
Mən kişiyə heç nə deməyib ara dan bir az aralandım. Həyəcandan bütün bədənim əsirdi. Ayaqlarım da sözümə qulaq asmaq istəmirdi. Axsaya-axsaya yolun kənarında olan çinar ağacına söykəndim. Bir anda dünya gözlərimə ara göründü. Qulağım cingildədi. Yadıma keçmiş günlərim düşdü. Döyüşdə tabeliyimdə olan əskərlərin hamısı gözümdə canlandı. Beynimə həkk olunan bir söz boğazımda durub sanki məni boğurdu. “Mina axtaran həyatda bir dəfə səhv edir”. Bədənimin ağrısı ürəyimə vurmuşdu. Bu əzablara dözərək dişimlə dodağıma bərk-bərk sıxaraq gözlərimi yumdum. O, şəkil mənə çox doğma və əziz idi. Çünki Qarayev mina axtaran tağımda ən təcrübəli və bilikli əskərlərdən biri olmuşdu. Amma bir dəfə oldu ki, mən bir daha onu görə bilmədim.
Həmin gün tabor komandiri mənə döyüş tapşırığı verdi. Matoatıcı taborun hücumu üçün minalanmış sahədən yol açmaq lazım idi.
Tağımı bu əməliyyata çox ciddi hazırlaşdırdım. Əskərlərə lazımı cihaz və avadanlıqlar verilmişdi. Hətta gündüz yatmağa da icazə verilmişdi. Gecənin yarısı əməliyyata başladıq. Mən əməliyyatçılara tapşırığın vacibliyini izah edib ehtiyatlı olmağı və düşmən mövqeyindən görünməyən çox da uca olmayan təpənin sağ tərəfində basdırılmış minaların çıxardılması zamanı təmkinli olmağı əmrini vermişdim.
Tapşırığın əsas məsuliyyəti Qarayevin üzərinə düşürdü. Manqa komandirləri radiostansiya vasitəsi ilə məlumat verdilər. Mən səbirsizliklə Qarayevin məlumatını gözləyirdim. Birdən həmin təpənin döşündən mina partlayışı səsi eşidildi. Mən bir manqa ilə sürünə-sürünə ona ayırdım etməyə getdim. Gecə yarı olduğundan düşmən bu partlayışa əhəmiyyət vermədi. Biz əskər Qarayevin yanına çatanda o, ağır yaralı idi. O, sağ ayağını itirmişdi. Mən avtomatıma bağladığım “Burmacı” açıb onun ayağının yarıdan bir az yuxarısını möhkəm bağladım. Dörd əskər onu darta-darta təhlükəsiz yerə çəkib gətirdilər. Radiostansiya vasitəsilə qərargaha məlumat vermişdim. Çox keçmədən bizim tibb təlimatçımıza “UAZ-469”da taborun həkimi köməyə gəldi. O gün tapşırığımızı uğurla yerinə yetirdik. Amma əfsuslar olsun ki, biz bu əməliyyatda bir əskərimizi yaralı hospitala göndərməli olduq.
İndi ürəyimdə özümü bağışlaya bilmirəm. Elə bilirəm ki, onun minaya düşməsində az da olsa mənim də günahım var. Çünki yaxşı zabit bada verməz ordunu. Birdən yadıma xəstə dostum düşdü. Xəstəxanaya qayıtdım. Həkimlərin qəbul otağının yanında hələ də növbədə duran xəstələr var idi. Bir az bundan qabaq səs-küy salan kişinin səsi eşidilmirdi. Mən elə bildim ki, o kişi oğlunu yoxlamadan keçiribdir. Elə bu zaman gözüm dəhlizin axırında pəncərənin qabağında oturan, əlində isə iki dənə çəlik olan cavan bir oğlana sataşdı. Gözlərimə inana bilmədim. Ay Allah, Sənə qurban olum! Sənə inanmayan kafirdir. Doğrudan da dağ-dağa rast gəlməz, insan-insana rast gələr. Özümə əminəm ki, bu yüz faiz Qarayevdi. Baxmayaraq ki, mən ondan həm yaşda, həm də vəzifədə çox böyüyəm, onun qabağına getməyi özümə borc bildim. O, pəncərədən çölə çox diqqətlə baxırdı. Mən ona yaxınlaşıb əlimi arxadan çiyninə qoydum. O, başını yuxarı qaldırıb üzümə diqqətlə baxdı. Mən onun boynunu qucaqlayıb bağrıma basdım. O da məni tanıyın ayağa durmaq istəyən də mən onu bir az da möhkəm sinəmə basıb ayağa durmağa qoymadım. Onun sifətinə toxunan qolumun üstünü isti yaş damcıları islatmışdı. Bayaqdan ürəyində ağlayan Qarayev bir az da ürəklənib hönkür-hönkür ağlamağa başladı. O, mənim əlimdən öpərək astadan dedi:
-Cənab kapitan, Sizdən bir xahişim var. Məni bağışlayın.
Mən onun qulağına yavaşca pıçıldayıb dedim:
-Həyatda hər şey ola bilər.
O, mənim fikrimlə razılaşmayıb dedi:
-Düzdü, hər şey ola bilər. Amma biri var əcəl səni axtarır, bir də var ki, sən əcəli axtarırsan. Bu, mənim öz günahımdı. Qolum ehtiyatsızlıqdan minaya toxundu. Gözümü açanda isə özümü belə görmüşəm. Cənab kapitan, siz Allah bağışlayın məni. Mən özüm, özümü bağışlaya bilmirəm, heç olmasa siz məni bağışlayın.
Onun göz yaşları hələ də qurumamışdı mən onun acı göz yaşlarını öpüb saçma sığal çəkərək dedim:
-Mina axtaran bir dəfə səhv edir. Onu ancaq Allah bağışlaya bilər.
